22 Dekabr 2023 09:36
271
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin Xankəndi stadionundakı çıxışı və topa toxunuşu ilə bizi də, idman tariximizi də qürurlandırdı. Bu Azərbaycan tarixində mühüm hadisə kimi yaddaşlara həkk olundu. 30 ildən çox Ermənistanın işğalı altında qalan separatizmin yuvası kimi çirkin oyunların mərkəzi olan tarixi Azərbaycan şəhəri Xankəndi bu gün öz azadlığının parlaq dövrünü yaşayır. Bu şəhərin əsl sahibləri olan Azərbaycan xalqı öz doğma torpağına qovuşub. Vətən müharibəsində əldə edilən tarixi zəfər lokal antiterror tədbirlərindən sonra Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bu uğurlar cənab Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi rəhbərliyi ilə əldə edilib.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

O qeyd edib ki, Prezidentin “Qarabağ” və MOİK arasındakı qarşılaşmanı Xankəndidə bilavasitə izləməsi idman tariximiz üçün tamamilə yeni və təkrarsız bir mərhələdir: “Hər şeydən öncə qeyd edim ki, “Qarabağ”-MOİK futbol oyununun Xankəndi stadionunda keçirilməsi faktının özü olduqca qürurverici və əzəmətlidir. Bu fakt vətəndaşlarımız kimi, idmanımızın da doğma torpaqlarımıza, gözəl Qarabağa qayıtdığını göstərir. Qarabağ zonası yaxın illərdə sadəcə mühüm sənaye və kənd təsərrüfatı, elm və təhsil mərkəzi olmaqla yanaşı, həm də idman mərkəzi kimi də tanınacaq, öz idman uğurları ilə bütün dünyanın diqqət mərkəzində olacaq”.

Millət vəkili hesab edir ki, Prezidentin topa ilk toxunuşunun da rəmzi mənası mövcuddur: “Topa ilk olaraq dövlət başçısının toxunması ondan xəbər verir ki, ölkəmizin hər bir bölgəsində olduğu kimi Qarabağımızda da idmanın inkişafının, tərəqqisinin qarantı Prezident İlham Əliyev olacaq”.

Deputat Prezidentin futbol matçını şəhid övladlarının əhatəsində izləməsinə də diqqət çəkib: “Prezident İlham Əliyevin Xankəndindəki tarixi futbol matçını şəhid övladları ilə birlikdə izləməsi ölkə başçısının şəhid ailələrinə olan sevgi və qayğısından xəbər verir. Bu reallıq bir kəs daha onu söyləməyə əsas verir ki, Prezident İlham Əliyev üçün şəhid ailələri hər zaman hər yerdə öncəlik təşkil edir və dövlət başçısı bununla bütün ictimaiyyətə olduqca mühüm bir mesaj ünvanlayır. Bu mesajn mənası isə odur ki, hər bir vətəndaş şəhid ailələrinə, müharibə veteranlarına diqqət və qayğı ilə yanaşmalı, hər zaman onlara xüsusi diqqət və qayğı gösətrməlidir. Çünki 30 il ərzində erməni işğalı altında qalan torpaqlarımız məhz onların qanı, canı bahasına azad edilib, tarixi ədalət məhz onların fədakarlığı sayəsində bərpa olunub”.

Tamam Cəfərova Xankəndidə keçirilən oyunun siyasi baxımdan da böyük məna kəsb etdiyini vurğulayıb: “Xankəndində Prezident İlham Əliyevin xeyir-duası ilə ilk futbol matçının keçirilməsinin və dövlət başçısının topa toxunuşunun siyasi əhəmiyyəti də çox böyükdür. Bu oyun və Prezidentimizin stadionundakı çıxışı vaxtiylə bu torpaqlarda “Qarabağ Ermənistandır və nöqtə” deyənlərin necə böyük yanlışın içində olduğunu bir daha sübut etdi. Xankəndidə keçirilən futbol matçı növbəti dəfə sübut etdi ki, bu torpaqların əsl sahibi Azərbaycan xalqıdır və bu xalq ermənilərin 30 il ərzində minalarla, sursatlarla çirkləndirdiyi bu torpaqlara yenidən həyat gətirməkdə, həmin torpaqları yerli və beynəlxalq idman ictimaiyyəti üçün sevinc mənbəyinə döndərməkdədir. Əminik ki, illər, əsrlər keçsə də Xankəndidə keçirilən ilk futbol matçı, o cümlədən Prezidentimizin topa ilk toxunuşu xalqımızın yaddaşında əbədi qalacaq. Xalqımız Vətən müharibəsindəki tarixi qələbələri ilə yanaşı, bu futbol matçı ilə iftixar duyacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər