Son illər Azərbaycanla ərəb ölkələri, xüsusilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında münasibətlərdə yeni bir inkişaf dinamikası müşahidə edilməkdədir. Tarixi köklərə, qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycanla BƏƏ arasında əlaqələrin güclənməsi hər iki ölkə maraqlarına xidmət edir. Münasibətlərin möhkəmlənməsində, əməkdaşlığın artmasında yüksək səviyyəli səfərlərin həyata keçirilməsi vacib rol oynayır. Bu mənada BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Azərbaycana səfəri mühüm əhəmiyyət daşıyır. Səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyevin BƏƏ prezidenti ilə geniş tərkibdə və təkbətək görüşü olub. Hər iki ölkənin liderləri müxtəlif sahələrdə əməkdaşlığın inkişafında maraqlı olduqlarını ifadə edib.
Bunu Teleqraf.com-a Milli Məclisin komitə sədri, professor Hicran Hüseynova deyib.
O qeyd edib ki. BƏƏ-i Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 26-da tanıyıb:
“Ölkələr arasında diplomatik əlaqələr isə 1992-ci il sentyabrın 1-də qurulub. Bu müddət ərzində iki ölkə arasında 30-dan çox ikitərəfli müqavilə imzalanıb. Məhz bu münasibətlərin təzahürü olaraq Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu bir reallıqdır ki, Azərbaycan dünyada sülh, dialoq, əməkdaşlıq tərəfdarı olaraq bütün ölkələrlə, o cümlədən, ərəb dövlətləri ilə mehriban münasibətlər quraraq, müxtəlif beynəlxalq platformalar, o cümlədən, BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində münasibətləri inkişaf etdirir. Bu xüsusda ərəb ölkələri hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Eyni zamanda, Ərəb Dövlətləri Liqasının bütün üzvləri Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatının (QH) da üzvüdür. 2005-ci ildə Azərbaycanla Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanıb və ölkəmiz bu qurumda müşahidəçi statusuna malikdir. Sözsüz ki, münasibətlərin xarakterindən bəhs edildikdə BƏƏ-nin Fransa və Ermənistanın BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı müzakirəyə çıxardıqları antiazərbaycan qətnaməsinə sərt şəkildə etiraz etməsini də yada salmaq lazımdır. Bir sıra dost dövlətlərlə yanaşı, BƏƏ-də bu cür ədalətli mövqedən çıxış edib. Təbii ki, bu Azərbaycanın haqlı mübarizəsinə mühüm dəstək idi”.
Komitə sədri Prezident İlham Əliyev BƏƏ-nin prezidenti ilə görüşü zamanı iki ölkə arasındakı hazırkı əməkdaşlığın mahiyyətindən bəhs etdiyini bildirib:
“Ölkəmizin başçısı vurğulayıb ki, Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlığımız çoxşaxəlidir, bir çox sahələri əhatə edir və yaxın keçmişdə enerji sahəsində, xüsusilə yaşıl enerji sahəsində çox önəmli addımlar atılmışdır. Ötən ilin oktyabrında Azərbaycanda 230 meqavat gücündə günəş elektrik stansiyasının açılışının olduğunu xatırladan Prezident İlham Əliyev bu stansiyanın yaradılmasının ölkənizin investisiyaları hesabına mümkün olduğunu qeyd edib. İmzalanmış kontraktlar və anlaşma memorandumları əsasında Birləşmiş Ərəb Əmirliklərinin sərmayələri hesabına Azərbaycanda 10 qiqavat yaşıl enerji istehsalı nəzərdə tutulur. Eyni zamanda, keçən ay Bakıda imzalanmış bir milyard dollarlıq maliyyə imkanı olan Birgə İnvestisiya Fondu yaradılmasına və informasiya-kommunikasiya sektoruna dair iki mühüm sənəd əlaqələrin yeni tendensiyasından xəbər verir. Dövlətimizin başçısı da qeyd edib ki, “biz bunu çox yüksək qiymətləndiririk, çünki Sizin ölkəniz Sizin rəhbərliyinizlə çox böyük uğurlara imza atıb, dünyanın ən inkişaf etmiş, ən uğurlu ölkələrindən birinə çevrilib. Bilirəm ki, bir çox ölkələr üçün Sizin uğurlu təcrübəniz bir nümunədir”. Prezident İlham Əliyev çıxışında həmçinin iki ölkənin münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edib. Vurğulanıb ki, "Bizim ikitərəfli münasibətlərimiz çox yüksək səviyyədədir. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə uğurla əməkdaşlıq edirik. Ticarət əlaqələrimiz artır, turizm sahəsində çox böyük imkanlar var və şadam ki, bu sahədə də artım göz qabağındadır. Bir sözlə, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında əlaqələrin böyük perspektivi var". Məhz bu səfər çərçivəsində “Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İqlim Dəyişmələri və Ətraf Mühit Nazirliyi arasında Niyyət Protokolu”, “ADA Universiteti ilə Anvar Qarqaş Diplomatik Akademiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Energetika Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin İnvestisiya Nazirliyi arasında elektrik enerjisinin ötürülməsi layihələri üzrə İnvestisiya Əməkdaşlığına dair Anlaşma Memorandumu”, “Azərbaycanın bərpa olunan və təmiz enerji potensialından istifadənin daha da gücləndirilməsi və Yaşıl Enerjinin İxracı Əməliyyatlarına imkan verən Strateji Əməkdaşlıq üzrə Çərçivə Müqaviləsi”, “Azərbaycanda quruda quraşdırılacaq 1 GVt gücündə günəş və külək layihələrinin inşası üçün Tədbirlər Təqvimi”, “ADNOC və SOCAR şirkətləri arasında Strateji Əməkdaşlıq Sazişi” imzalanması bu əməkdaşlığın gələcək perspektivlərindən xəbər verir”.
Hicran Hüseynova BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il Azərbaycanda keçirilməsi barədə qərarın da məhz BƏƏ-də qəbul edildiyini söyləyib:
“BƏƏ-nin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan qeyd edib ki, “Bu da öz növbəsində bütün dünyanın Azərbaycana etimadının bir təzahürüdür və bu münasibətlə Sizə uğurlar arzulayıram. Keçən dəfə Dubayda görüşdüyümüz zaman qeyd etdiyimiz kimi, əlbəttə, Azərbaycan bu kimi mötəbər tədbirlərin keçirilməsinə qadirdir və hazırdır”.
Bütün bunlar onu göstərir ki, bu səfər zamanı keçirilən görüşlər və imzalanan sənədlər Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin və əməkdaşlığın gündəliyi çox genişdir. Bu mənada atılan addımlar ölkələrimizin bu günü və gələcəyi üçün mühüm hadisədir.