Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində olduqca vacib mesajlar verdi. Sözsüz ki, ölkə başçısının çıxışı Azərbaycanın gələcək inkişafının yol xəritəsi idi. Azərbaycan olaraq biz yeni mərhələyə, səviyyəyə yüksələn dövlət, xalq kimi qiymətləndirilməliyik. Fevralın 7-də baş tutacaq prezident seçkilərindən sonra Azərbaycan tamamilə yeni bir fəlsəfə, məntiq, milli ideya ətrafında birləşərək dünyaya fərqli bir ölkə təqdim edəcək. Artıq qarşıya qoyulan bütün məsələlərə nail olunub. Torpaqların işğaldan azad edilməsi, suverenliyin bərpası Azərbaycanın dünya ölkələri içərisində özünəməxsus yer tutmasını şərtləndirən amillərdəndir.
Bunu Teleqraf.com-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.
“Artıq ölkə olaraq qarşıya qoyulan bir plan, proqram yerinə yetirilib. Ona görə də, növbəti bir proqramı icra etmək istiqamətində addımlar atılmağa başlanılıb. Bunlardan da biri və ən məntiqlisi növbədənkənar prezident seçkiləridir. Ancaq Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarını işğalda saxladıqda, II Qarabağ müharibəsində uduzub kapitulyasiya aktına imza atdıqda, yenidən ölkəmizə qarşı “təzyiqləri” artıranda, separatçılara təbrik ünvanladıqda, ordusunu buradan çıxarmadıqda və nəhayət ikinci dəfə Qarabağdan qaçanda məlum oldu ki, bu ölkənin gələcəyə dair heç bir planı, məntiqi yoxdur” - deyə o qeyd edib.
Millət vəkilinə görə, Ermənistanın yeganə “planı” aranı qarışdırmaq, vəziyyətdən çıxmaq, kiminsə hesabına vəsait əldə etmək, haradansa qaçmaq, kiməsə söykənmək bununla prosesdən çıxmaq niyyətidir: “Əslində isə bu, plansızlıq, ümidsizlik, strateji baxışın olmamasıdır. Azərbaycan Prezidenti müsahibəsində gələcəkdə görüləcək işlər haqqında söhbət açdığı halda Nikol Paşinyan tamamilə bir-birini inkar edən bəyanatlar verməyə başlayıb. Ermənistanın baş naziri tamamilə məntiqsiz məsələləri gündəmə gətirməklə məşğuldur. Onun bu “yanaşmalarını” təhlil etmək də çətindir. Paşinyan hansısa təhlükələrdən, “30 kənddən”, anklavlardan, şərh edilməsi mümkün olmayan məsələlərdən danışır”
Səməd Seyidov hesab edir ki, Prezident İlham Əliyev tərəfindən “Ermənistan plus” kimi edilən dəyərləndirmə əslində bu ölkənin müstəqilliyinin tamamilə itirilməsi deməkdir: “Bu ölkə başqa bir qüvvələr tərəfindən idarə olunur. Sözsüz ki, bu da böyük faciələrə gətirib çıxaracaq. Ermənistanın bu proseslərdən çıxmaq, şansı var. Azərbaycan bunu da qarşı tərəfə göstərib. Amma təəssüf ki, Ermənistan və havadarları istiqamətdə addım atmır”.