18 Yanvar 09:05
1 626
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- İran Suriya və İraqdan sonra Pakistana da hava zərbələri endirdi. Suriya və İraqı anladıq, xaotik durumdadırlar, bəs İranı Pakistana – bir nüvə dövlətinə qarşı cəsarətləndirən nədir? İranın arxalandığı güc kimdir ki, onun vasitəsilə Pakistanı da hədəfə gətirir?

- Rusiya-Ukrayna müharibəsi start götürəndə dünyada bir nizam problemi yarandı. İndi kobud güc daha çox önə çıxır, gücü və müəyyən imkanı olanlar artıq öz qonşuları və nəzərdə tutduğu hədəfləri vurmağa cəhd edir. İran da qonşuları ilə problemləri olan bir ölkədir, həmin dövlətlərin ərazilərində onun proksi qüvvələri var. Xüsusən də Yaxın Şərq ölkələrində.

İran həm də Pakistan və Əfqanıstandakı müəyyən qüvvələrə zərbələr endirməyə çalışır. Əlbəttə, bu aqressiyanın bəhanəsi kimi Kirmandakı son terror aktı göstərilir. Amma Kirmandakı olaydan əvvəl İranda buna hazırlıq gedirmiş kimi bir ab-hava vardı. Çünki terrorun baş verdiyi bölgədə olaydan əvvəl bəzi xəstəxanlar boşaldılmışdı.

Suriya və İraq anlaşılandır, guya İran orada ABŞ-yə öz gücünü göstərir, Kirmandakı olaya cavab tədbiri həyata keçirir. Amma bunlar dəqiq və dağıdıcı zərbələr deyil, bununla bağlı şübhələr var. Pakistana gəlincə, İran bunun oradakı “terror qruplaşması” ilə əlaqələndirir. Tehranın hədəfə aldığı Bəlucistan bölgəsinin bir hissəsi Pakistan, bir hissəsi də İrana düşür.

İranın Sistan-Bəlucistan əyalətində Tehrana qarşı ciddi müxalifət var. Bölgə əhalisinin əhəmiyyətli hissəsini sünnilər təşkil edir. İran rejiminə qarşı etirazlar və silahlı müqavimət daha çox həmin bölgədə baş verir.

Bu iki bölgədə yaşayan eyni millətin nümayəndələrinin əlaqələri var. Həmçinin bölgə dünyada narkotik tranzitinin əsas marşrutlarından biridir. Burada fəaliyyət göstərən silahlı qruplaşmaların əsas gəlir mənbələri də narkotiklərdir. Pakistan və İran bir sıra hallarda belə qruplaşmalara qarşı birgə əməliyyat keçirib.

Düşünürəm ki, son hadisə İranın bəhanəsidir. İran sadəcə “əzələ nümayişi” edir. Nəzərə almaq lazımdır ki, İranın Pakistana düşmən münasibətində olan Hindistanla əlaqələri də kifayət qədər isti və yaxındır. Yəni Pakistanın güclənməsi İranın marağında deyil. Amma Pakistan hərbi cəhətdən İrandan qat-qat güclüdür, həm də nüvə dövlətidir.

Tehranın son addımının niyə atıldığını demək çətindir, amma Kirmandakı son olayı bəhanə edərək müəyyən addımlar atmağa çalışır. Hesab etmirəm ki, bu, birbaşa Pakistan dövlətinə qarşı olan əməliyyat idi. Çünki İran Pakistanın gücünü bilir, onunla üz-üzə gəlmək Tehran üçün böyük risk daşıya bilər.

Sadəcə İran göstərmək istəyir ki, bölgədə “əsas söz sahiblərindən biri”dir və ona yönəlmiş təhdidləri aradan qaldırmağa qadirdir.

- Pakistan İrana bunun növbəti dəfə təkrarlanacağı təqdirdə ciddi nəticələrinin olacağı barədə xəbərdarlıq edib. Tehran onun üçün ölümcül risk daşıyan bu addımı təkrarlayacaqmı?

- Düşünmürəm ki, İran bundan sonra daha təxribatçı addımlar atacaq. Ən azı yaxın dövrlərdə bunu görməyəcəyik. Çünki belə bir avantüraya gedilərsə, Pakistanın cavabı sərt olacaq.

Nəzərə almaq lazımdır ki, Sistan-Bəlucistanda separatizm kifayət qədər yüksəkdir. Bölgə İrandan ayrılmaq istəyir. Əlbəttə, bu, Pakistan ərazisinə də sirayət edə bilər. Bölgə əhalisinin əksəriyyəti sünnilərdən ibarət olduğu üçün Pakistanın ora təsir imkanları var. Bu təsir İranınkından daha çoxdur.

Eyni zamanda, ziddiyyətlərə baxmayaraq, Pakistanın Talibanla (Əfqanıstan) münasibətləri İranla əlaqələrdən daha yaxşı səviyyədədir. Bu da İran üçün başağrısına çevrilə bilər.

- Türkiyə ətrafında da fəallıq var. PKK/YPG terror təşkilatı Suriya və İraqda aktiv şəkildə Türkiyə hərbçilərini hədəfə almağa başlayıb. ABŞ-nin də terror təşkilatına maddi-texniki yardımı artırdığı bildirilir. Artıq xarici işlər naziri Hakan Fidan və Yaşar Gülər terrorçuların açıq-gizli dəstəkçilərinə xəbərdarlıq edib. Nə baş verir?

- Məlumdur ki, İsrailin Qəzzada HƏMAS-la savaşının ən qatı əleyhdarlarından biri Türkiyədir, bölgədə qanlı toqquşmanın dayandırılmasını istəyir. ABŞ də bu savaşdan öz məqsədləri üçün istifadə etməyə çalışır. Bu məqsədləri yönündə Türkiyəni əngəl kimi görürlər, bu səbəbdən ona qarşı terror təşkilatlarından istifadə edirlər.

Sirr deyil ki, PKK və onun uzantıları PYD və YPG kimi təşkilatlar Suriyada ABŞ tərəfindən ciddi şəkildə dəstəklənir. Ötən 10 il ərzində bu terror təşkilatlarına minlərlə TIR silah-sursat göndərilib. ABŞ öz müttəfiqlərinə belə vermədiyi silahları bu terror təşkilatına göndərir.

ABŞ bölgədə təxminən 60-70 minlik bir qüvvə formalaşdırıb. Amerikanın PKK-nın Suriyadakı uzantılarına dəstəyi 15 milyard dolları keçib. Bu, olduqca ciddi rəqəmdir. ABŞ bununla Türkiyəni əngəlləməyə və onun inkişafına mane olmaq istəyir. Baş verənlər də bunun əks olunmasıdır. Bu, Türkiyənin Qəzza ilə bağlı tutduğu mövqeyə cavab kimi də dəyərləndirilə bilər.

PKK-nı İraqda dəstəkləyən iki dövlət var, halbuki onlar üzdə düşmən kimi görünürlər, söhbət ABŞ və İrandan gedir.

Hazırda Türkiyənin hədəfə aldığı ərazilər Süleymaniyyə və ətrafıdır. Çünki PKK Süleymaniyyəyə nəzarət edən Tələbani qüvvələri (kürdlər) tərəfindən ciddi şəkildə dəstəklənir. Tələbani kürdləri daha çox İranla əlaqəlidir. Bu qüvvələrin həm də ABŞ ilə əlaqələri var. Yəni üzdə düşmən kimi görünən iki dövlət Türkiyə məsələsində rahat şəkildə birləşə bilir.

Məsələn, keçmiş ATƏT-in Minsk qrupunun maraqlar baxımından bir-birlərinə zidd mövqedə olan həmsədrləri vaxtilə Azərbaycana qarşı eyni yanaşmanı sərgiləmişdilər. Türkiyə məsələsində də işin ən maraqlı tərəfi budur.

- İsrail-HƏMAS savaşı və Yəməndə baş verənlərin Yaxın Şərqdə yaratdığı xaotik vəziyyətdən istifadə edən Qərb və ya ABŞ yenidən “kürd projesi”ni ortaya ata bilərmi? PKK/YPG və “Suriya Demokratik Qüvvələri” yenidən Suriyada “muxtariyyət” iddiaları ilə çıxış etməyə başlayıb.

- “Kürd projesi” heç vaxt gündəmdən çıxarılmayıb, ola bilsin ki, müvəqqəti olaraq kənara qoyulmuşdu, sonra yenə icrasına başlanıldı.

“Suriya Demokratik Qüvvələri”nə gəlincə, bu da PKK/PYD/YPG terror təşkilatının başqa adıdır. ABŞ 10 il əvvəl Türkiyədə qəzəb yaratdığı üçün ad dəyişikliyinə getmişdi. Bəli, ABŞ-nin böyük məqsədi regionun 4 ölkəsinin ərazilərini parçalamaq və burada “müstəqil Kürdüstan” yaratmaqdır. Bura Türkiyə, İraq, Suriya və İran daxildir. ABŞ hansısa formada İraqda buna nail olub. Şimali İraq Kürd Muxtariyyəti adlanan qüvvələr faktiki olaraq, bölgədə müstəqil fəaliyyət göstərirlər.

Suriyadakı PKK/PYD/YPG qüvvələri də ABŞ-nin dəstəyi ilə nəzarətsiz fəaliyyətdədir. Bu terror təşkilatı Suriya ərazisinin üçdə birinə nəzarət edir, eyni zamanda, bu ölkədə yaşayan kürdlər ümumi əhalinin 7 faizini təşkil edir. Suriyanın təbii sərvətləri və neft-qaz yataqlarının 45 faizini də bu qruplaşmanın nəzarəti altındadır. Əlbəttə, bunun üzərindən Türkiyəyə mesajlar verilir, təzyiqlər edilir.

ABŞ-nin planı gizli deyil. Bu plan İrandan başlayaraq, İraq, Türkiyə və Suriya ərazilərini əhatə edən və Aralıq dənizinə çıxışı olan bir “kürd zonası” yaratmaqdır. Türkiyə bunun qarşısını almaq üçün zaman-zaman Suriya və İraqın şimalında antiterror əməliyyatları aparır, hazırda da davam edir. Terrorçuların Türkiyə ordusuna qarşı istifadə etdikləri son hərbi avadanlıq və silahlar isə ABŞ tərəfindən verilib.

- Bir sıra məsələlərdə Türkiyə ilə ortaq mövqedə dayandığını bildirən Rusiya niyə Suriyada terrorizmlə mübarizədə Ankara ilə əməkdaşlığa getmir? Hətta Moskvanın Ankara-Dəməşq münasibətlərinin normallaşmasında vasitəçi kimi maraqlı olmadığı təəssüratı da yaranır.

- Məsələ Ankara-Dəməşq münasibətlərinin normallaşmasından daha fərqlidir. Bilirsiniz ki, PKK-nın qurucusu Sovet Rusiyasıdır. 1990-cı illərdən isə PKK-nın hamilərindən bir ABŞ və ya Qərb oldu. Bu gün də PKK-nın Avropada aktiv hücrələr və uzantıları var, onlara bütün fəaliyyətlərində sərbəstlik verilib.

Rusiyaya gəlincə, bu dövlət də PKK-dan öz maraqları üçün istifadə etməyə çalışır. Rusiyanın Əsəd rejiminə ciddi təsirləri var. Faktiki olaraq, Bəşər Əsədi hakimiyyətdə Rusiya saxladı, İran faktorunu da unutmuruq. Rusiya 2015-ci ildə Suriyaya qoşun yeritdikdən sonra vəziyyət dəyişdi. Rusiya PKK ilə də əlaqələrini saxlamağa çalışır ki, hansısa məqamda Əsəd rejimi ona qarşı çıxanda bundan istifadə eləsin. Hazırda Suriyada PKK-ya nəzarət əsasən ABŞ-dədir, müəyyən ərazilərdə də Rusiyada.

Türkiyə ordusu vaxtilə Suriyanın şimalında əməliyyatlara başlayanda Rusiya hərbçiləri PKK terrorçuları ilə patrul apararaq, sanki Ankaraya mane olmağa çalışmışdılar. Rusiya və Türkiyənin öz maraqları var. İndi ikitərəfli münasibətlər nə qədər normal olsa da, hesab edirəm ki, Rusiya və Türkiyə strateji tərəfdaşdan çox situativ tərəfdaşdır. Yəni yaranmış şərtlər diktə edir ki, bu iki ölkə bir-biri ilə normal münasibətlərdə olsun.

Bu baxımdan, Rusiyanın davranışlarını öz maraqlarını önə çəkməsi və Türkiyəyə münasibətini maska altında saxlamaq kimi qiymətləndirirəm. Rusiyanın siyasəti həmişə belə olub, baxmayaraq ki, son 20 ildə iki ölkənin münasibətləri ciddi şəkildə irəliləyib...


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər