1 Mart 09:41
1 839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq xarici işlər naziri Elmar Məmmədyarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Elmar müəllim, Almaniyada Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh müstəvisində iki gündür ki, danışıqlar davam edir. Münxen Təhlükəsizlik Konfransında əldə edilmiş razılıq əsasında baş tutan bu görüşlərdən gözləntilər nədən ibarətdir?

- Əslində, bu görüşdə hansısa bir irəliləyişin olması gözlənilmir. Çünki bunun üçün hələ zaman yetişməyib. Verilən bəyanatlar da bu istiqamətdədir. Ola bilsin ki, bu danışıqlarda Azərbaycanla Ermənistan arasında müzakirlərin davam etməsi ilə bağlı razılıq əldə olunsun. Burada ən vacib məsələ hər iki tərəfin birbaşa danışıqlar aparmasıdır. Berlində bundan sonrakı danışıqları Azərbaycan-Ermənistan sərhədində aparmaqla bağlı ortaq mövqe sərgilənə bilər. Hər iki tərəfdən mövcud olan delimitasiya və demarkasiya komissiyalarının sərhəddə görüşlərinin keçirilməsi təcrübəsi var. Ona görə də, eyni müstəvidə Azərbaycan-Ermənistan tərəfindən ekspertlər səviyyəsində xarici işlər nazirlərinin görüşünün olması da mümkündür. Çünki danışıqlarda üçüncü bir tərəf iştirak etdikdə o, öz maraqlarını gündəmə gətirir. Ona görə də, Azərbaycanla Ermənistan arasında birbaşa danışıqlara nail olmaq daha vacibdir.

- Avropa Parlamentinin Azərbaycanla bağlı təzyiq müstəvisində qərəzli mövqeyi nəyə hesablanıb? Azərbaycanın guya Ermənistana hücum edəcəyi ilə bağlı iddialar gündəmə gətirilir. Bu yanaşmalar hansısa məntiqə əsaslanır?

- Avropada olan bəzi qüvvələr Ermənistanda və erməni lobbisi qarşısında öz nüfuzlarını saxlamağa çalışır. Eyni zamanda Rusiyanın bölgədə olan nüfuzunu zəiflətmək üçün belə bəyanatlarla çıxış edir, əsassız informasiyaları gündəmə gətirirlər. Məqsəd mövqelərini daha da gücləndirməkdən ibarətdir. Azərbaycanın guya Ermənistana hücum edəcəyi ətrafında yaradılan fikirlər eyni zamanda Avropa İttifaqının “missiyası" ilə də bağlıdır. Onların Ermənistanı qorumaq, müdafiə mövqeyini günclədirmək iddiası ilə “missiya”nı genişləndirmək niyyətləri var. Avropa Parlamentinin indiki qətnaməsində də bu məsələ öz əksini tapıb. Hətta bir müddətdən sonra Ermənistanda olan Avropa İttifaqının missiyasının silahlandırılması məsələsi də qaldırılacaq.

- Qərbdən Ermənistan üzərində oynanılan oyunun sülh prosesinə təsiri necə olacaq?

- Sözsüz ki, bu cəhdlər Azərbaycanla Ermənistan arasında olan sülh prosesinə böyük əngəl törədir. Məhz bu kontekstdə tərəflərin birbaşa danışıqlar aparması daha faydalıdır. Avropa İttifaqı və xüsusən də Fransa Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına imkan verməyəcək.

- Cənubi Qafqazda hazırda nüfuz savaşının getdiyi bir ərəfədə Qərbin asanlıqla Ermənistanda yerləşməsinə Rusiyanın mövqeyi necədir?

- Rusiya tərəfi artıq bu məsələ ilə bağlı bir neçə dəfə bəyanat verib. Rəsmi Moskva Avropa İttifaqının Ermənistanda olan “missiyası”nın genişlənməsinə etiraz edir. Bununla bağlı Moskva, Tehran, Ankara və Brüssellə siyasi məsləhətləşmələr aparılmalıdır. Bu “missiya”nın sülh prosesinə təsirləri məsələsi gündəmə gətirilməlidir.


Müəllif: Tapdıq Qurbanlı