Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Uzunmüddətli müzakirələrdən sonra Ermənistan 4 kəndin dinc yolla qaytarılmasına razılıq verdi. Amma revanşistlər kəndlər ətrafında yaşayan erməniləri qızışdırırlar. Bu etiraz dalğası böyüyə və böyüsə, proseslərə, yaxud Nikol Paşinyanın qərarına hansı formada təsir göstərə bilər?
- Reallıq odur ki, həqiqətən də Paşinyanın vəziyyəti çox mürəkkəbdir. Ona qarşı həm paytaxt, həm də bəzi sərhədyanı kəndlərdə etirazlar var. Amma radikallar və revanşistlər etirazlar təşkil etməyə çalışsalar da, onların sayı o qədər də çox deyil. Yəni indiki hökuməti asanlıqla devirə bilməyəcəklər. Çünki bunun üçün onları hansısa xarici qüvvə dəstəkləməlidir. Söhbət hərtərəfli dəstəkdən gedir. Həmçinin xarizmatik liderləri olmalıdır, o lider də bir proqramla çıxış etməlidir. Amma bunların heç biri yoxdur.
Bir sözlə, problemlər və çətinliklər çoxdur, olacaq da, amma unutmayaq ki, protokol imzalanıb, şərtlər var. Kəndlərin hansı zaman ərzində təhvil verilməsi öz əksini tapıb. Biz əlimizdən gələni edəcəyik ki, bu kəndlər mütləq Azərbaycana qaytarılsın.
- Anlaşma Bakı ilə İrəvan arasında sülhü yaxınlaşdıracaqmı?
- Əslində, yaxınlaşdırmalıdır, amma İrəvan bunun üçün bir sıra şərtləri yerinə yetirməlidir. Məsələn, Ermənistan sərhədə bitişik bu 4 kənddən əlavə, daha 4 kəndi (anklavlar) də Azərbaycana qaytarmalıdır. Söhbətin hansı kəndlərdən getdiyini erməni tərəfi çox yaxşı bilir. Digər yandan, Zəngəzur dəhlizi açılmalı və işə düşməlidir. Nəhayət, Azərbaycana qarşı ərazi iddiaları Ermənistan konstitusiyasından çıxarılmalıdır. Bunlar real və konkret şərtlərdir.
Bu şərtlər yerinə yetirilməsə, sülh müqaviləsi necə imzalana bilər? Bunlar olmasa, bölgədə tam təhlükəsizlik və stabillik yaranmayacaq. Qənaətimə görə, sülh müqaviləsinin imzalanması bu şərtlərin yerinə yetirilməsinə bağlıdır.
- Anklavlar (Kərki, Sofulu, Yuxarı Əskipara və Barxudarlı) məsələsi necə çözüləcək? Erməni tərəfi mübadilə məsələsini gündəmə gətirir, Bakıdan hələlik bununla bağlı açıqlama yoxdur.
- Anklav məsələsinin onların anlayışında necə olduğunu bilmirəm. Məlum olan budur ki, ermənilər 1990-cı illərin əvvəllərində bizim 8 kəndimizi də işğal ediblər. Bu etirafı indiki hökumətin nümayəndələri və keçmiş prezident Serj Sərkisyan da dilinə gətirib.
Sərkisyan bu yaxınlarda bəyan etdi ki, onun dövründə bu kəndlər işğal olunub. Guya bunu “Ermənistanın sərhədyanı kəndlərinin təhlükəsizliyi” üçün ediblər. Yəni bu kəndlərin Azərbaycana məxsusluğuna erməni siyasi elitasının da şübhəsi yoxdur. Amma İrəvanda “Ermənistanın anklavları”ndan danışanda nəyi nəzərdə tutduğunu bilmirəm. Çünki onların özlərinki hesab etdiyi ərazilər Azərbaycanın içindədir.
Mənim yadımda deyil ki, iddia etdiyi bu ərazilər Ermənistana məxsus olub və ya məxsusdur. Hələlik İrəvan tərəfindən belə tələblər də səsləndirilmir. Məsələ rəsmən gündəmə gəlsə, öz mövqeyimizi bildirəcəyik.
- ABŞ, NATO, Avropa Birliyi və digər Qərb dövlətləri anlaşmanı alqışlasalar da, Rusiya və İran susdu. Bunu necə izah etmək olar?
- ABŞ və Avropa Birliyi bunu ona görə dəstəkləyir ki, bu, Ermənistanın Rusiya boyunduruğundan çıxması yönündə ciddi addımdır. Düşünmürəm ki, Azərbaycana görə sevinirlər, onların siyasi addımları və prioritetləri bizə bəllidir. İrana gəlincə, düşünmürəm ki, o da buna sevinməlidir və sevinir. Çünki öz maraqları var. Məsələn, deyirlər ki, Zəngəzur dəhlizinin açılması İranın maraqlarına ziddir. Amma biz diplomatik çeviklik nümayiş etdirərək, İranla digər yolun açılması ilə bağlı anlaşma imzaladıq.
Rusiya da öz əməlləri ilə nələrisə göstərdi, məsələn, öz sülhməramlılarını Azərbaycan ərazisindən çıxardı. Bu da bizim diplomatik qələbəmizdir. İndi Rusiya bu prosesi dəstəkləsin və ya dəstəkləməsin, alqışların və ya alqışlamasın, bunlar bizi o qədər də maraqlandırmamalıdır.
Hazırda biz çalışırıq ki, Rusiya ilə tərəfdaşlıq münasibətlərindən özümüz üçün fayda qazanaq. Dövlət başçımızın Moskva səfəri bunun bariz sübutudur.
- Qərb sülh çağırışlarında nə qədər səmimidir? Çünki Bakının Ermənistanın açıq dəstəklənməsi ilə bağlı Qərbə irad və sualları var.
- Əslində, siyasətdə səmimilik yoxdur. Buna görə də, düşünmürəm ki, ABŞ və ya Avropa Birliyi səmimidir. Amma pozitiv bəyanatlar verən Qərb düşünə bilər ki, Rusiya sülhməramlılarının çıxması, sərhəd məsələsinin həlli, kəndlərin qaytarılması sərt xətt tutan Moskvanı Cənubi Qafqazda neytrallaşdıra bilər. Buna görə də, Qərb müsbət mövqedə durduğunu göstərməyə çalışır. Əlbəttə, bunun səmimi olduğunu zənn etmək düzgün deyil. ABŞ Konqresində Azərbaycan əleyhinə müzakirələr, AŞPA-da ölkəmizə qarşı qəbul edilmiş qərar bunun bariz sübutudur. Biz hər şeyi görürük, ona görə də bu “səmimiyyət”ə inanmırıq.
- İran İsraillə gərginlik fonunda qonşuları ilə məsləhətləşir, danışıqlar aparır, əlaqələri qaydasına salmağa çalışır. Azərbaycan isə bundan kənarda qalır. Tehran niyə Bakı ilə aradakı gərginliyi qaldırmaq istəmir?
- İranın Azərbaycana qarşı münasibəti qərəzli və aqressivdir. Dəfələrlə buna görə İrana narazılıq edilib, bəyanatlar verilib. Amma bütün bunlara baxmayaraq, Azərbaycan İrana qarşı heç bir platformada yer almır, onun əleyhinə addımlar atmır. Azərbaycan qonşuluq prinsiplərinə sadiqdir. Çünki İran bizim qonşumuzdur.
İsrail də bizim tərəfdaşımızdır, bizim mövqeyimizi başa düşən və dərk edən, eləcə də kömək göstərən bir ölkədir. İsraillə münasibətlərimiz heç bir ölkəyə qarşı yönəlməyib, o cümlədən İranın əleyhinə. Biz İranla gərginləşmədə maraqlı deyilik. Çünki İran bu regiondadır. Yəni bu bölgədə yeni münaqişənin alovlanması Azərbaycanın maraqlarına uyğun deyil. Bizim İranda kifayət qədər soydaşlarımız yaşayır. Həmçinin ekoloji problemlər və qaçqın məsələsi gündəmə gələ bilər. Ona görə də, biz bu kontekstdə özümüzü neytral aparırıq, sadəcə hər iki tərəfi təmkinli olmağa çağırırıq. Düşünürəm ki, ən düzgün siyasi addım budur.