Vətən Müharibəsindən sonra Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması prosesi bu gün başa çatıb. Sülhməramlıların sonuncu heyəti də artıq müvəqqəti yerləşdikləri Xocalı aeroportunun ərazisini tərk edib. Artıq Xocalı aeroportunda Azərbaycan bayrağı qaldırılıb. Bundan sonra aeroportun hansı məqsədlər üçün qalıb-qalmayacağı da birmənalıdır. Əslində bu aeroport müasir Azərbaycan tarixində heç də xoş olmayan hadisələrin cərəyan etdiyi obyekt kimi xarakterizə olunur.
Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.
Onun fikrincə, Xocalı aeroportu ümumiyyətlə demontaj edilməlidir:
“Bu aeroport separatçıların yuvası kimi xalqımızın yaddaşında o qədər də xoş xatirələrlə qalmayıb. İnfrastrukturun dizaynı da Azərbaycan milli koloritinə uyğun olmayan elementlərlə zəngindir. Ona görə də, yaxın vaxtlarda orada yenidənqurma işlərinin şahidi olacayıq”.
Polkovnik hesab edir ki, Xocalı aeroportu nə olur-olsun yenidən qurulmalıdır:
“Məhz sülhməramlıların çıxmasından sonra orada dövlət himnimizin səslənmədən bayrağımızın ucaldılması o anlama gəlir ki, burada müəyyən işlər aparılacaq. Arzulanan da odur ki, orada müəyyən işlər görülsün”.
Üzeyir Cəfərov bildirib ki, vaxtilə separatçılar bu aeroportdan istifadə edib:
“Ermənistandan onlara Xocalı aeroportu ilə silah-sursat daşınıb. Bir vaxtlar keçmiş hərbi cani Serj Sarkisyan “Xocalı aeroportunun ilk sakini olacağını” deyirdi. Məhz bu reallıqlar nəzərə alınaraq Xocalı aeroportundan tək ermənilərin deyil, onlara havadarlıq edənlərin də ab-havası təmizlənməlidir”.