23 İyul 19:57
1 145
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Qabil müəllim, Londonda Ermənistan tərəfinin görüşdən imtinası sonrası sülh prosesində müəyyən ləngimələrin olacağı ehtimalları gündəmə gəlib. Bu barədə nə deyə bilərsiniz?

- Görüşün baş tutmaması bir çox məsələləri gündəmə gətirdi. Erməni tərəfinin əsassız iddiaları var. Bütün bunların fonunda reallıq odur ki, sülhyaratma prosesi ləngiyir. Hətta sülh müstəvisində müəyyən edilmiş yoldan kənara çıxılır.

Səbəblər sırasında onu göstərmək olar ki, Ermənistan konstitusiyasını dəyişdirmək istəmir. Azərbaycan tərəfi isə haqlı olaraq israr edir. Halbuki bütün hallarda kompromis variant tapmaq mümkün idi. Sülhün əldə edilməsi yerdə qalan məsələləri üstələmiş olardı. Digər məsələləri sonraya saxlamaq varinatı da var.

- Sizcə, çıxış yolu nədən ibarətdir? Ermənistan bu məsələdə hansı öhdəliklərə malikdir?

- Sülh üçün hər iki tərəfdən müsbət mesajlar verilsə də, London görüşündə Ermənistanın pozuculuğu ucbatından konkret məsələlər üzrə razılıq əldə etmək alınmadı.

- Sülh mətni üzərində əldə edilmiş irəliləyişlərin mahiyyətinə bu kimi halların təsiri olacaqmı?

- Burada əsas şərt əldə edilmiş fundamental razılaşmalarla bağlıdır. Sülh üçün fundamental prinsiplər hazırdır. Eyni zamanda əldə edilmiş müddəalar çərçivə sazişi üzərində razılaşdırılıb.

- Yekun sülhə qədər əsas şərtlər necə razılaşdırıla bilər?

- Çərçivə sazişi sülh müqaviləsinin özəyidir. Bununla bağlı müxtəlif fikirlər səslənir. Bu günlərdə Azərbaycanla Ermənistan arasında dövlətlərarası bir sənədin imzalanması məsələsi gündəmə gəldi. Dövlətlərin bir-birinə hücum etməmək haqqında razılaşma əldə etməsindən danışılır.

Faktiki olaraq isə erməni tərəfi hazırda prosesi pozmağa çalışır. Ermənilərə verilən hücum silahları və digər vədlər onları şirnikləndirir. Bu günlərdə Kəlbəcər istiqamətində ermənilərin həyata keçirdikləri təxribat da bu amillərdən qaynaqlanır. Beləliklə, proses uzandıqca atəşkəsi pozmağa çalışanların sayı da çox olur. Fransa, Rusiya və digər dövlətlər bu məsələdə heç də maraqlı tərəf deyil. Cənubi Qafqazda sülhün əldə olunmasına qarşı çıxan güclərin sayı çoxdur.

- Son zamanlar ABŞ tərəfindən sülh müstəvisindən göstərilən fəallıq nə ilə bağlıdır? Vaşinqton Bakı və İrəvan arasında sülhün əldə edilməsində nə dərəcədə maraqlıdır?

- Hazırda Amerika prezident seçkiləri ərəfəsindədir. Belə bir sülh sazişinin Cənubu Qafqazda, eyni zamanda İsrail-Fələstin arasında imzalanmasında Vaşinqton daha çox maraqlıdır. Ona görə də, Ağ Evin diqqəti bu günlərdə daha çox regiona yönəlib.

Əgər Amerika sülhün əldə edilməsində maraqlıdırsa, Ermənistana təzyiq etməlidir. Sülhə məcbur edilməsi lazımdırsa, ilk növbədə Ermənistana qarşı bu addım atılmalıdır. ABŞ öz imikanlarından istifadə edib buna nail ola bilər.

- Son zamanlar tərəflər arasında sülh sazişi yoxdursa, müharibə risklərindən danışılır. Bu ehtimalları necə dəyərləndirirsiniz?

- Sözsüz ki, belə bir ehtimaldan hər zaman danışılır. Amma belə bir situasiyanın yaranması üçün əsas yoxdur. Müharibənin alovlanması üçün əsaslar olmalıdır. İndiki halda isə bunun üçün ciddi bir əsas görmürəm.

- Azərbaycan Ermənistandan konstitusiya dəyişikliyi və ATƏT-in Minsk Qrupundan birgə imtinanı təklif edir. Qarşı tərəfin bu şərtləri təmin etməsində çətinliklər nədən ibarətdir?

- Bu şərtləri təmin etməkdə heç bir çətinlik yoxdur. Əslində Minsk qrupu çoxdan fəaliyyətini başa vurub. Sadəcə olaraq hər iki tərəf ATƏT-ə müraciət edib Minsk Qrupunun fəaliyyətinin dayandırmasını istəməlidir. Hər iki tərəf bunda maraqlı olmalıdır.

Minsk qrupu gözdən düşmüş təşkilat kimi buraxılması heç bir çətinlik yaratmayacaq. Burada çətinlik yaradan məsələ Qərbi Azərbaycanlıların öz yerlərinə qaytarılması ilə bağlıdır.

Eyni zamanda Ermənistan konstitusiyasında Azərbaycan və Türkiyə əleyhinə olan müdəalar aradan qaldırılmalıdır.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər