5 Avqust 20:08
3 109
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- ABŞ Azərbaycanla Ermənistan arasında sülh üçün tərəflərin mümkün qədər kompromisə getmələrini önə çəkir. Bundan sonra tərəflər sülh naminə bir-birinə nəyi güzəştə gedə bilər?

- Ağ Ev kompromis sözünü fərqli mənada istifadə edir. İddia edirlər ki, layiqli sülh olmalıdır. Çalışırlar ki, keçmiş münaqişəyə görə tərəflərin bir-birinə iradları olmasın. Layiqli sülh dedikdə məhz bunu nəzərdə tuturlar. Nəticədə heç bir tərəfin uduzan olmaması prinsipi önə çəkilir. Amma bu amil münaqişənin mənasını dəyişdirən yanaşmadır. Çünki Ermənistan faktiki olaraq Azərbaycana qarşı hərbi təcavüz həyata keçirib, nəticədə ərazilər işğal olunub, etnik təmizləmə və digər vandallıq aktları icra edilib. Bununla Ermənistan siyasi, insani və beynəlxalq qanunlara zidd əməllər törədib. İndiki halda isə Amerika tərəfi hesab edir ki, Azərbaycan sanki heç nə olmamış kimi Ermənistanla sülh müqaviləsi imzalamalıdır.

- Ermənistana imzalanacaq sülh müqaviləsində hansı üstünlüklərin verilməsi iddiası var?

- Təklif edilən sülh konsepsiyasında məhz Ermənistan üçün üstünlüklər yer alır. Amma tarix bütün bu reallıqların mahiyyətinə aydınlıq gətirir. 1918-ci ildən, yəni Azərbaycan Xalq Cumhuriyyəti yarandığı dövrdən ermənilərin ərazi iddiaları var. Daha sonra isə sovet dövründə ermənilər Azərbaycan ərazilərini özlərinə birləşdirib. Bununla da faktiki olaraq Ermənistan ərazisi üç dəfə artırılıb. Sovet imperiyası dağıldıqdan sonra da Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürüb. Sadəcə olaraq erməni tərəfi müharibədə uduzandan sonra özlərini siyasi məsuliyyətdən azad etdirmək istəyir.

- İşğalla bağlı “ideologiyadan” uzun on illiklər əziyyət çəkmiş Azərbaycan üçün bu addımı atmaq nə dərəcədə real görünür?

- Azərbaycan üçün bu qəbuledilməzdir. Faktiki olaraq ərazi “ideologiyası” ilə bağlı çıxış edən həmin ermənilər sağdır. Bu gün Ermənistanda hakimiyyətdə olan qüvvələr də Azərbaycana qarşı işğalla bağlı ideologiyanı pisləmir. Ermənistanın rəsmi sənədlərində bu “ideologiya” təsbit edilib.

- Əsas təhlükəli elementlər nədən ibarətdir?

- Guya ki, ermənilər Qarabağdan imtina edib, münaqişəni bitirirlər. Amma bu qəbul edilən hal deyil. Azərbaycana on illiklər boyu dəymiş ziyan var. Bu təcavüzə görə on minlərlə azərbaycanlı qurban gedib. Ona görə də, buna siyasi qiymət verilməlidir. Bu olmasa erməni tərəfi daha sonra Qarabağ mövzusunu yenidən qaldırmağa başlayacaq. Nikol Paşinyan bu gün hansısa bir sənədə imza atmaqla məsələ bitmir. Sonradan gələcək hər hansı bir şəxs yenidən işğal təbliğatını aparacaq.

- Zəngəzur dəhlizi ilə bağlı Ağ Evin və Moskvanın mövqeyi üst-üstə düşmür. İran tərəfindən də dəhlizlə bağlı ənənəvi mövqe təkrar edilir…

- ABŞ, İran və Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi fərqlidir. Onların hərəsi bir xətti önə çəkir. Azərbaycanın mövqeyi isə çox sadədir. Burada əsas amil tarixi həqiqətlərlə bağlıdır. Sovet dövründə tarixi ədalətsizlik baş verib. Azərbaycan faktiki olaraq iki yerə bölünüb. İndiki halda Azərbaycan bu reallığın bərpasını istəyir. Ölkənin hər iki tərəfini birləşdirmək əsas məqsədlər sırasındadır. Burada digərlərinin maraqları o qədər önəmli deyil. 2020-ci il 44 günlük müharibənin nəticəsi olaraq imzalanan bəyanatda (2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanat) bu ərazidən keçəcək kommunikasiya xəttləri ilə bağlı əsas müddəalar öz əksini tapıb. Hətta burada keçəcək kommunikasiya xəttinə Rusiyanın nəzarət edəcəyi qeyd olunub. Zaman etibarı ilə dəhlizə Azərbaycan özü nəzarət edəcək. Burada hansı istək və arzuların olmasına baxmayaraq Naxçıvanla əlaqə yaranmalıdır. İranın və başqa bir dövlətin burada hansısa bir ideyadan çıxış etməsi o qədər də maraqlı deyil. Bolşeviklər Azərbaycan ərazisini yəni, Zəngəzuru ermənilərə verməklə qanunsuz olaraq ölkəni iki hissəyə bölüb. Azərbaycan xalqının mövqeyi, rəyi nəzərə alınmadan edilmiş bu ədalətsizliyə son qoyulmalıdır.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər