ABŞ hərbi kontingentinin Zəngəzurda yerləşdirməsinə bölgə dövlətlərindən, xüsusən, burada istənilən hərəkətlənmədən narahatlıq keçirən İrandan reaksiya yoxdur. İran nə qədər hay-küy salsa da öz şirinin quyruğunu həmişə ayağının pəncəsinin altında gizlədir və səsi çıxmır. Amma Azərbaycanla bağlı məsələ olduqda dərhal reaksiya verilir və deyilir ki, “biz Zəngəzur dəhlizinin açılmasına yol verməyəcik və sair”.
Bu sözləri Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyib.
O qeyd edib ki, ABŞ artıq Zəngəzura öz hərbi qüvvəsini yerləşdirir:
“Sözsüz ki, buna qarşı İrandan heç bir cavab eşidilməyəcək. İran faktiki Amerika ilə gizli sövdələşmə prosesindədir”.
Partiya sədri ABŞ-nin bölgəyə yerləşməsinin yaradacağı situasiyaya da toxunub:
“Amerikanın Ermənistanı silahlandırma taktikası İrəvan üçün yeni faciyəyə səbəb olacaq. Çünki buna qədər də Ağ Ev həmin yolu izləyib. Bədnam “907-ci maddə” ilə Azərbaycana məhdudiyyətlər yaradılıb. Amma nəticədə Azərbaycan öz gücünə torpaqlarını azad edib”.
Fazil Mustafa hesab edir ki, hazırda regionda durum tamam fərqlidir:
“Bu cür addımlar əslində bölgədə müharibə riskini artırmaqdadır. Risklərin artması hamı üçün təhlükə yaradır. Azərbaycan çalışmalıdır ki, müharibəyə hazır olsun. Eyni zamanda sülhü də tezləşdirmək vacibdir”.