Dünya əhalisinin sayına görə iki böyük dövlət – Çin və Hindistan yoxsulluqla mübarizəni ön plana çıxarıb. Hər iki ölkənin əhalisi bir milyarddan çox olduğuna görə yoxsulların sayının azaldılması çətin vəzifədir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Məqalədə qeyd olunur ki, Çin və Hindistan iqtisadiyyatları ilbəil inkifaş etsə də, orta aylıq əmək haqqını yüksəltmək asan deyil:
“BMT Baş Assambleyasının 78-ci sessiyasının sədri Denis Frensis sürətli inkişaf üçün rəqəmsallaşmadan istifadənin vacibliyini vurğulayaraq, son 5-6 ildə 800 milyon insanı yoxsulluqdan çıxaran Hindistanı bu istiqamətdə gördüyü işlərə görə tərifləyib. Rəqəmsallaşma son 10 ildə Narendra Modi hökumətinin diqqət mərkəzindədir. Son 10 ildə ölkədə rəqəmsal ödəniş əməliyyatlarında sürətli artım müşahidə olunur. Modi Hindistanın yaxın beş ildə dünyanın aparıcı iqtisadiyyatlarından birinə çevriləcəyinə söz verib.
Dehli rəqəmsallaşma xidmətinin təkmilləşməsiylə yanaşı, nəqliyyat dəhlizləri mövzusuna da diqqəti artırıb. Hindistan xarici işlər naziri Subramanyam Cayşanxar bildirib ki, köhnə nəqliyyat dəhlizlərinin imkanları tükənib, Orta və Şimal-Cənub kimi yeni xətlər açılır. Onun sözlərinə görə, son onilliklərdə çoxsaylı dəyişikliklər baş verib, nəticədə yeni nəqliyyat və logistika dəhlizlərinin açılması imkanları yaranıb.
Hindli diplomat İranın Çabahar limanının yerləşdiyi Şimal-Cənub nəqliyyat marşrutunun Hindistan üçün əhəmiyyətini vurğulayıb. Cayşanxar alternativ marşrut kimi Orta dəhlizə diqqət çəkib. Hindistan xarici işlər nazirinin vurğuladığı dəhlizlər Azərbaycan keçir. Odur ki, Dehli məhsullarının dünya bazarlarına çatdırılmasında İranla yanaşı, Azərbaycanla da əməkdaşlıq edəcək”.