Ankaranın münasibətləri canlandırmaq çağırışına Avropa Birliyindən (AB) cavab verilib. Türkiyə 5 ildən sonra AB xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısına dəvət olunub.
Teleqraf.com xəbər verir ki, bu gün keçiriləcək toplantıda aktual beynəlxalq problemlər ətrafında fikir mübadiləsi aparılacaq.
Diplomatik mənbələrdən “Haber7”yə verilən məlumata görə, dəvət AB-nin Türkiyə ilə münasibətlərin yaxşılaşdırılmasının zəruriliyini anladığını göstərir.
Türkiyəni Brüsseldə xarici işlər naziri Hakan Fidan təmsil edəcək.
Qeyri-rəsmi görüşdə Türkiyənin prioritetləri də gündəmdə olacaq. Fidan Türkiyənin Gömrük İttifaqının günün tələblərinə uyğun modernləşdirilməsində prioritetlərini xatırladacaq.
Həmçinin nazir AB ilə Türkiyə arasında ticari, mədəni, akademik və humanitar əlaqələrin davam etdirilməsi baxımından viza ilə bağlı problemlərin həllinin vacibliyini vurğulayacaq. Bir daha Türkiyənin Kiprlə bağlı dəqiq mövqeyini AB-nin diqqətinə çatdıracaq.
Cənubi Qafqazdakı durum, xüsusən də Ermənistan-Azərbaycan sülh prosesinin Hakan Fidanın avropalı həmkarları ilə müzakirə edəcəyi mövzular arasında olacağı bildirilir.