Ermənistan tərəfi Naxçıvan istiqamətində növbəti hərbi təxribata əl atıb. Qarşı tərəf iddia edir ki, bu istiqamətdə hansısa əməliyyatlar başlaya bilər. Azərbaycanın isə hər hansı hərbi əməliyyat keçirmək niyyəti yoxdur. Ermənilərin indiki halda ardıcıl olaraq təxribatları isə kənar qüvvələrin təsiri ilə baş verir.
Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.
O qeyd edib ki, Ermənistandan kənarda olan bəzi qüvvələr bu ölkədən əvvəlki dövrlərdə olduğu kimi alət kimi istifadə etməyə çalışır:
“Amma bu təxribatlarda Ermənistan heç nəyə nail ola bilmir. I Qarabağ müharibəsi dövründə belə Ermənistan Naxçıvana qarşı hansısa ciddi hərbi əməliyyatlar icra edə bilməyib. Çünki İrəvan bunun hansı nəticələrə səbəb olacağını anlayırdı”.
Ekspert hesab edir ki, Ermənistanın bu təxribatları nə ilk, nə də sondur:
“Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmadığı müddətdə bu kimi halların olması mümkündür. Sözsüz ki, bu kimi təxribatlarda Ermənistanın özünün iştirakı amili də faiz nisbəti ilə qiymətləndirilməlidir. Çünki kənar qüvvələrin təhdidi ilə bu cür hallar baş verir”.
Üzeyir Cəfərova görə, Ermənistanda Avropa İttifaqının xüsusi “missiyası” mövcuddur:
“Onlar “iş görüntüsü” yaratmaq üçün bu kimi təxribatlarla hesabatlar hazırlamış olurlar. Zaman-zaman erməni ordusu da bu “missiyanın” sifarişini icra edir. Açılan atəşə Azərbaycan tərəfi cavab verəcək. Beləliklə, Aİ-nın həmin “missiyası” üçün “hesabat” hazır olur. Məsələnin bir tərəfi bununla bağlıdır”.