Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə olaraq bütün ərazilərimizdə parlament seçkiləri keçirilir. Müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan üçün yeni bir inkişaf mərhələsi başlayır. Sözsüz ki, hər zaman Azərbaycanın bütövlüyünə, birliyinə, sabahına birmənalı olaraq birlik, həmrəylik göstərmiş xalqımız 1 sentyabr 2024-cü ildə baş tutan parlament seçkilərində də böyük fəallıq nümayiş etdirir. Bu ilin fevralın 7-də ilk dəfə olaraq ərazi bütövlüyü və suverenliyimiz tam təmin edildikdən sonra ölkəmizdə demokratik və yüksək seçici fəallığı ilə baş tutmuş növbədənkənar prezident seçkiləri tariximizin mühüm bir hissəsi kimi yaddaşlarımıza həkk olundu.
Teleqraf.com xəbər verir ki, müasir Azərbaycan tarixinə Zəfər seçkiləri kimi daxil olan növbədənkənar parlament seçkilərində səsvermə hüququ olan hər kəs böyük həvəs və şövqlə iştirak edir.
VII çağırış Milli Məclisə keçirilən seçkilərdə professor Eldar Quliyevin namizəd olduğu 28 saylı Sabunçu üçüncü seçki dairəsini əhatə edən Bilgəh, Maştağa və Zabrat qəsəbələrinin sakinləri prosesdə fəal iştirak edir.
Bilgəh, Maştağa, Zabrat qəsəbələrində 28 saylı Sabunçu üçüncü seçki dairəsini əhatə edən seçki məntəqələrində müşahidə edilən seçici fəallığı, insanların öz millət vəkilini seçmək üçün məntəqələrə gələrək mövqeyini açıq, sərbəst şəkildə ifadə etməsi üçün hər bir şərait mövcud idi. Müşahidələrimiz onu sübut etdi ki, seçicilər axın-axın məntəqəyə gələrək öz seçimlərini sərbəst, heç bir maneə ilə üzləşmədən, rahat şəkildə ifadə edir.
Bizimlə söhbətində məntəqə sədrləri və üzvləri, prosesi yaxından izləyən müşahidəçilər parlament seçkilərinin yüksək fəallıq və Seçki Qanunvericiliyinə uyğun şəkildə keçirildiyini bildirib.
Vurğulayıblar ki, məntəqələrdə qeydiyyatdan olan ən yaşlı seçici və ilk dəfə səs verən gənclərimiz böyük həvəslə gəlib öz mövqelərini ifadə edib.
İlk dəfə səs verənlər, gənclər də digər yaş qruplarına aid olan seçicilər prosesdə böyük həvəslə iştirak edib.
Məntəqədə müşahidəçilər seçki prosesini yaxından izləyib və heç bir qanun pozuntusu qeydə alınmadığını bildiriblər.
Qeyd edilib ki, növbədənkənar parlament seçkiləri Seçki Qanunvericiliyinə uyğun olaraq keçirilir və heç bir qanun pozuntusu və şikayət qeydə alınmayıb. Prosesi izləyən xarici müşahidəçilər də məntəqələrdə səsvermə zamanı heç bir pozuntunun olmadığını bəyan ediblər.
Səsverməyə gələn seçicilər də bizimlə söhbətində prezident seçkilərindən sonra parlament seçkilərinin də fərqli bir ab-havada keçdiyini vurğulayıblar. “Torpaqlarımız azad edilib, suverenliyimiz bərpa olunub. Xalqımız özünə məxsus olana sahib çıxıb. Bu seçkilər də Azərbaycanımız üçün yeni bir başlanğıc olacaq” - deyə onlar qeyd ediblər.