Politoloq Fərhad Mehdiyev Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- ABŞ Dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək. Görünən odur ki, Ağ ev prezident seçkisinə qədər iki ölkə arasında sülh sazişin imzalanmasını istəyir. Sizcə, Vaşinqton qarşı tərəfi sülhə yeganə maneə olan Ermənistanı Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasını ehtiva edən bəndin çıxarılmasına inandıra biləcəkmi?
- Amerikada da bilirlər ki, indiki halda Nikol Paşinyan iqtidarının ölkə konstitusiyasını dəyişdirmək imkanları yoxdur. Referendum keçirilsə, Paşinyan əhalinin 50 faizinin dəstəyini alacağına inanmır. Əgər erməni xalqı konstitusiyanın dəyişdirilməsini istəməsə, o zaman situasiya dəyişə bilər. Referendum keçirilib erməni xalqının 50 faizi konstitusiya dəyişikliyinin əleyhinə çıxsa, ümumiyyətlə sülhün olmasından danışmaq olmayacaq. Bununla da erməni xalqının Azərbaycanın ərazi bütövlüyünü qəbul etmədiyi dəqiqləşmiş olacaq. Söhbət heç də iki ölkə sərhəddində hansısa mübahisəli ərazidən getmir.
- Çıxış yolu kimi referenduma təqdim ediləcək məsələlər cəmiyyətə necə təqdim edilə bilər?
- Əslində referenduma çıxarılacaq sualı müəyyən korrektələr etməklə təqdim etmək mümkündür. Bununla da məsələ o qədər qəlizləşməz. Amma bütün hallarda Ermənistan Konstitusiyanın preambulasının dəyişdirilməsi haqqında qərar çıxarılmalıdır. Eyni zamanda Ermənistan müstəqillik aktı da dəyişdirilməlidir.
- İddia edilir ki, Ermənistan Konstitusiyasını dəyişmədən digər qərarlara müvafiq bu maneəni aradan qaldırmaq olar...
- Belə bir hal mümkündür. Konstitusiyanı dəyişdirmədən Ermənistan parlamenti müstəqillik aktına dəyişiklik etsə, bu mane aradan qalxar. Həmçinin Ermənistan 1989-cu il tarixində verdiyi "qərarlar"ı var ki, bu da ləğv edilməlidir. Söhbət Azərbaycan ərazilərinə qarşı iki əsassız qərardan gedir. Bunlar keçmiş qondarma rejimin “qərarı” ilə Ermənistan parlamentinin birləşmə haqqında “qərarı"dır. Digəri isə Ermənistanın müstəqillik haqqında aktında olan “bənddir”. Bu iki əsassız qərar dəyişdirilsə, Ermənistan hakimiyyəti konstitusiyaya toxunmadan məsələni həll edə bilər. Sadəcə olaraq Ermənistan parlamentinin çoxluğu buna səs verməlidir.
- Bu məsələ Ermənistan parlamentindən geri qaytarılsa, nə baş verə bilər?
- Əslində bu fakt Azərbaycan üçün legitim müharibə səbəbidir. Ermənistan parlamenti səsverməyə çıxarıldıqdan sonra Azərbaycana qarşı ərazi iddialarını özündə əks etdirən “müddəaları” ləğv etməsə, bu açıq müharibə üçün əsas olacaq. Çünki zəruri müharibə tərəflərin silahı yerə qoyması ilə başa çatır. Hüquqi müstəvidə olan ərazi iddiası isə müharibənin davam etməsi deməkdir.
- Beynəlxalq hüquq müstəvidə bunun izahı necə olmalıdır?
- Görünən odur ki, ABŞ-da məhz buna görə Ermənistana təzyiq göstərmir. Çünki ərazi iddiaları məsələsi Ermənistan parlamentindən keçməsə, onlar da pat vəziyyətində qala bilər.