Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında ölkəmizin gələcəyi, qarşıda duran vəzifələrlə bağlı mühüm məsələlərə toxundu. Ölkə başçısı proqram xarakterli çıxışında ölkəmizin strateji hədəfləri, mühüm vəzifələrin həlli yollarını göstərdi. II Qarabağ müharibəsindən sonra da ölkəmizin hərbi qüdrətinin artırılmasının başlıca vəzifə olduğu qeyd edildi.
Bunu Teleqraf.com-a Milli Məclisin sədr müavini Ziyafət Əsgərov deyib.
Vitse-spiker bildirib ki, Ermənistanın 30 il ərzində torpaqlarımızı işğalda saxlaması faktı var:
“Bu amil göstərir ki, biz həmişə güclü olmalıyıq. Təəssüf ki, beynəlxalq hüquq səviyyəsində Azərbaycan əraziləri işğalda olduğu dövrdə və ondan sonrakı müddətdə işğalçı Ermənistan ittiham edilmədi. Bu ölkəyə işğal faktına görə, heç bir sanksiya və ya cəza verilmədi. Ona görə də, Ermənistan Azərbaycan ərazilərini uzun on illiklər azad etməkdən imtina etdi. Nəticədə, Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında yumruq kimi birləşərək torpaqlarımızı işğaldan azad etdi. 2023-cü ilin 19-20 sentyabr tarixlərində isə cəmi 23 saat ərzində Azərbaycan ərazisində separatizmin kökü kəsildi. Bununla da Azərbaycan öz ərazisi üzərində suverenliyini tam təmin etdi. Prezident İlham Əliyevin sentyabrın 20-i Dövlət Suverenliyi Günü kimi elan etməsi də bunun məntiqi nəticəsidir”.
Millət vəkili qeyd edib ki, suverenliyimiz tam təmin edildikdən sonra ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edən prezident və parlament seçkiləri keçirildi:
“Ölkəmizin başçısı da həmin çıxışında hərbi gücümüzün artırılması ilə yanaşı, sərhədlərimizin təhlükəsizliyi məsələsinin əsas amil olduğunu bildirdi. Çünki bəzi qüvvələr buna başqa rakursda yanaşmağa çalışır. Xarici qüvvələrin təsiri altında olanlar da quru sərhədlərimizin bağlı olması ilə bağlı qərəzli mövqedən çıxış edir. Dövlət başçısı da bu məsələyə tam dolğunluğu ilə aydınlıq gətirdi. İndiki halda quru sərhədlərinin bağlı olması ilk növbədə milli təhlükəsizliklə bağlıdır. Bu gün ölkəmizin milli təhlükəsizliyinə olan təhdidlər məhz bu reallığı formalaşdırır”.
Ziyafət Əsgərov Azərbaycan Ordusunun ən müasir silahlarla təchizatının da hər zaman diqqət mərkəzində olduğunu söyləyib:
“II Qarabağ müharibəsindən sonra da Ermənistanla yanaşı ona havadarlıq edən ölkələr tərəfindən Azərbaycana qarşı müxtəlif tipli qarayaxma kampaniyaları aparılır. Təəssüf ki, daxildə olan bəzi satılmış şəxslər də Azərbayanın əleyhinə olan qüvvələrin yanında yer alır. Onlar heç də Azərbaycan xalqının maraqlarını düşünmür. Niyyətləri odur ki, ölkə daxilində müəyyən təxribatlar olsun. Sözsüz ki, bu kimi təhdidlərə ən layiqli formada cavab verməyə hazırıq. Təbii ki, gələcəkdə bütün bu təhdidlərə cavab vermək üçün hər bir Azərbaycan vətəndaşı öz vətəninin taleyinə biganə qalmamalıdır. Vətən hamımızındır”.