26 Sentyabr 16:36
2 576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Zərdüş Əlizadə Rusiyanın nüvə doktrinasına dəyişikliklə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Rusiyanın nüvə doktrinasına dəyişiklik edildi. Rusiya lideri Vladimir Putinin addımı artıq dünyada gündəmi dəyişib, onun nəhayət nüvə düyməsinə basıb-basmayacağı müzakirə olunur. Beynəlxalq siyasi münasibətlərin gərgin olduğu vaxtda atılan bu addım nə ilə bağlıdır?

- Bu, ucuz – üçmanatlıq şantajdır. Putin hesab edir ki, bununla dünyanı, insanları, bəşəriyyəti qorxutmaq asandır. Buna görə də, Ukraynaya hücum edəndən bəri durmadan şantaj edir – barmaq silkələyir, nüvə silahı ilə hədələyir, “asıb-kəsərəm” deyir. Görür ki, heç kim ciddiyə almır. O da niyyətinin ciddiliyini sübut eləmək Rusiyanın nüvə doktrinasını dəyişir. İndi Qərbin bunu ciddi qəbul edib-etməyəcəyini söyləyə bilmərəm, amma məndə olan məlumata görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Börns rusiyalı həmkarı Narışkinə deyib ki, Putin Ukraynada nüvə silahı tətbiq eləsə, NATO bir günə Rusiyanın Ukraynadakı bütün qüvvələrini məhv edəcək, özü də ənənəvi silahlarla.

Belə bir xəbərdarlıq var. İndi bunu ciddiyə alıb-almadıqlarını demək çətindir. Amma görünən budur ki, Kreml məsuliyyətsiz davranır.

- Proses hara getməyə, yaxud Rusiyanı nə narahat etməyə başlayıb ki, Moskva uzunmüddətli fasilədən sonra yenidən nüvə təhdidinə üz tutdu?

- Putin Rusiyanı elə bir dərin quyuya salıb ki, indi də çıxara bilmir. Təsəvvür edin ki, Rusiyaya misli görülməmiş sanksiyalar tətbiq olunur. Rusiya elmi tutumlu və texnoloji baxımdan heç nə satılmır. Rusiya isə öz elmini məhv edib. SSRİ dağıldıqdan sonra Rusiyanın 300-400 min alimi Qərbə qaçdı. İndi orada yaxşı maaş alırlar, müasir laboratoriyaları var, güclü elmi kollektivlərə qoşulublar. Rusiyada alim qalmayıb. Sovetdən qalma üç-beş qoca alim var, onlar da keyfiyyətsiz silahlar hazırlayırlar, sınaqdan keçiriləndə də partlayırlar.

Rusiyanın gələcəyi, texnologiyası yoxdur, ən yaxşı halda xammal istehsal edir. Rusiya yüksək texnoloji məhsul istehsal eləməyə qadir deyil. İndi ABŞ-ın sanksiyaları altındadır. Amerika da tətbiq etdiyi sanksiyaları heç vaxt geri götürmür. Yəni Rusiyaya qarşı sanksiyalar həmişə qalacaq. Bu da o deməkdir ki, Rusiya həmişə geridə olacaq. İndi əsas istehsal vasitələrinin iş müddəti tükənir, bundan sonra da heç kim ona yeni texnologiyalar satmayacaq.

Rusiya bir azdan daha da geri gedəcək. Hələlik Stalin və Beriyanın sayəsində əldə etdikləri nüvə silahları ilə “lotuluq” edirlər, bir azdan bunları da saxlamağa imkanları olmayacaq. Təəssüf ki, rus xalqı da bunu anlamır, çünki heç nəyi bilmir. Anlamırlar ki, ölkə fəlakətin içindədir.

- Hesab etmək olarmı ki, Rusiyanın gücü Ukraynada göründü, təhdidlər həm də bundan irəli gəlir?

- O qədər gücü yoxdur. Həm də Ukrayna xalqı öz torpağı, vətəni uğrunda vuruşur. Mən də deməzdim ki, Ukrayna rəhbərliyi də doğru, düzgün adamlardan ibarətdir, onların içində də rüvətxor və başıboşlar çoxdur, amma ən azı beynəlxalq hüquq baxımından haqlıdırlar. Çünki onun ərazisinə hücum ediblər, onu bombalayırlar. Əminəm ki, Rusiyanın heç bir gələcəyi yoxdur.

- Ukraynaya Qərb silahları ilə Rusiyanın dərinliklərinə zərbələrin endirilməsi məsələsi gündəmdədir. ABŞ və Böyük Britaniyanın bu qərara yaxın olduğu bildirilir. Bu durumda Rusiya hansı cavabı verəcək?

- Yalnız taktiki nüvə silahı ilə cavab verə bilərlər. Amma mən düşünmürəm ki, Qərb Rusiyaya qarşı belə bir icazəni verəcək. Çünki bu zaman Qərb cəmiyyətləri və siyasi hakimiyyətlərinin təhlükəsizlikləri zəifləyəcək. Ukrayna onlar üçün nədir ki, öz həyatlarını da təhlükəyə atsınlar. Ona görə də, bu icazəni verməyəcəklər. Yaxın məsafələrə icazə verəcəklər, amma daha uzaq hədəflərə yox.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər