Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.
Partiyadan Teleqraf.com-a bildiriblər ki, iclasda əvvəlcə Azərbaycanda 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar YAP tərəfindən namizədlərin irəli sürülməsi məsələsinə baxılıb.
YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının avanqard siyasi qüvvə kimi hər zaman ictimai-siyasi proseslərin önündə getdiyini və mühüm qələbələrə imza atdığını, qarşıdan gələn bələdiyyə seçkilərinə də yüksək səviyyədə hazırlaşdığını qeyd edib.
O bildirib ki, yerli özünüidarəetmə orqanlarında təmsil olunan YAP üzvləri xalqın etimadını böyük məsuliyyət kimi qəbul edərək bu sahədə konkret nəticələrin əldə olunmasına hesablanan məqsədyönlü fəaliyyət həyata keçirirlər.
Tahir Budaqov seçkilərin keçiriləcəyi 685 bələdiyyənin hər biri üzrə, ümumilikdə 8071 namizədin müəyyənləşdirildiyini, onların siyahısının İdarə Heyətinin üzvlərinə əvvəlcədən təqdim olunduğunu vurğulayaraq münasibət bildirilməsini xahiş edib.
YAP Sədrinin müavini Əli Əhmədov çıxış edərək ölkəmizdə ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıb. O, seçkilərin əhəmiyyətinə toxunaraq YAP tərəfindən namizədliyi irəli sürülən şəxslərin müasir, qalib və qüdrətli Azərbaycanın vətəndaşlarının yüksək rifahı naminə öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün var gücü ilə çalışacaqlarına inamını ifadə edib və İdarə Heyətinin üzvlərini həmin namizədləri dəstəkləməyə çağırıb.
Məsələ səsə qoyulub və YAP-ın bələdiyyə üzvlüyünə namizədlərinin siyahısı yekdilliklə təsdiq olunub.
Sonra seçki komissiyalarının tərkibinə təklif olunan məşvərətçi səs hüquqlu üzvlər, seçki dairə və məntəqələrində səsvermə günü müşahidə aparacaq şəxslərlə bağlı məsələyə baxılıb və onların siyahıları təsdiq edilib.
İclasa yekun vuran Tahir Budaqov irəli sürülmüş namizədlərin göstərilmiş etimadı doğrultmaq üçün səylərini əsirgəməyəcəklərinə əminliyini ifadə edərək deyib: “İnanırıq ki, növbəti bələdiyyə seçkiləri Ulu Öndər Heydər Əliyevin dəyərli mənəvi-siyasi mirası olan və Prezident İlham Əliyevin rəhbərliyi ilə şərəfli inkişaf yolunda əmin addımlarla irəliləyən Yeni Azərbaycan Partiyasına xalqımızın inam və etimadının növbəti bariz nümunəsi olacaq”.