"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Suriyada baş verən hakimiyyət dəyişikliyi fonunda İranın bölgədəki proseslərə təsir imkanlarının zəifləyəcəyi iddia edilir. Bu xüsusda, rəsmi Tehranın regional kommunikasiyaların açılmasına qarşı mövqeyində nə kimi dəyişikliklərin olacağı ehtimal edilir?
- Zəngəzur dəhlizinin açılması ilə bağlı müxtəlif yanaşmalar olub. Bu xüsusda məlum “Bolton planı” (2019-cu ildə ABŞ prezidentinin sabiq milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton) yenidən gündəmə gətirilir. Bu planın reallaşıb-reallaşmamasından asılı olmayaraq İran ətrafında artıq ciddi işlər gedir. Məqsəd İranda siyasi hakimiyyətin, rejimin dəyişilməsinə nail olmaqdan ibarətdir. İran xarici siyasətinin ən böyük resursu qismində çıxış edən proksi qüvvələri sıradan çıxarılır. Artıq Suriyada, Livanda, Qəzzada İsrail öz məqsədinə çatıb. Belə olan təqdirdə növbədəki hədəf İranın İraqdakı proksi qüvvələrinin sıradan çıxarılmasıdır. Eyni zamanda İran daxilindəki vəziyyət diqqətlə izlənilir. ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp da İranla müharibə ehtimalını istisna etmir. Yaxın vaxtlarda İranla ABŞ və İsrail arasında müharibənin olması istisna olunsa da, rəsmi Tehrana qarşı təzyiqlər artıq baş qaldırıb. Buna qədər İran xalqına müxtəlif müraciətlər edilirdi. İstənilirdi ki, daxildə siyasi rejimə qiyam hazırlansın. Amma bu plan alınmadı. Ona görə də xarici müdaxilə ilə bağlı fikirlər genişlənməkdədir. Bu fikirlər İran hakimiyyəti qarşısında bir sıra çağırışlar qoyur. Bunun nəticəsində İran daxilində müəyyən liberallaşmanın olması, açılım siyasətinin həyata keçirilməsi, Qərblə münasibətlərini sahmana salınması mümkündür.
- Ermənistan sərhədlərinin keçmiş sovet xəritələrinə əsasən, müəyyənləşməsi iddia edilir. Konkrer dövr göstərilməsə də, İrəvan SSRİ tərkibindən çıxdığı xəritələrə istinad etmək istəyir. Bu nə dərəcədə məntiqlidir?
- Belə fikirlər səslənərkən Ermənistanın SSRİ-yə daxil olarkən hansı sərhədlərə malik olması məsələsi aydınlaşmalıdır. Çünki Ermənistan SSRİ-yə 9 min kv km-ə yaxın bir ərazi ilə daxil olub. Daha sonra 20 min kv km-dən çox bir ərazi Ermənistana “pay” verilib. Ona görə də erməni tərəfi indiki Ermənistan resbublikasının Ararat respublikasının varisi deyil, Ermənistan SSRİ-nin varisi olmasını həm də hüquqi sənədlərdə təsdiq etmək istəyir. Almatı sazişi də məhz bu kontekstdə erməni tərəfindən gündəmə gətirilir.
- Almatı razılaşması Ermənistan üçün hansı üstünlüklər vəd edir? Söhbət inzibatı sərhədlərdən gedirsə, bu daha çox hansı dövrün xəritələrini təşviq edir?
- Nikol Paşinyan da iddia edir ki, Almatı razılaşması Ermənistanın maraqlarını və onun bu günki sərhədlərini qoruyur. Amma digər tərəfdən elə Almatı razılaşması əsasında Ermənistanın rəhbərləri Azərbaycan ərazilərinə, Qarabağa aid iddialar irəli sürüb. Onlar Qarabağı Azərbaycan daxilində ermənilərə aid bir hissə kimi qəbul edirdilər. Bəyanatlarında da keçmiş hərbi canilər olan Robert Köçəryan, Serj Sarkisyan bunu bildirib.
- Bu halda Almatı sazişinin legitimliyi ilə bağlı hansı iddialar ortaya çıxa bilər?
- Sözsüz ki, erməni tərəfinin bu iddiaları fonunda Almatı sazişinin özünün legitimliyi məsələsi ortaya çıxır. Əslində, Azərbaycan Almatı sazişi ilə bağlı heç bir hüquqi sənədə imza atmayıb. Bu yalnız bəyanatlar formasında olub. Bəyanatlar da ondan ibarət idi ki, tərəflər bir-birinin Almatı sazişindəki mövqeyini qəbul edir. Amma bu o demək deyil ki, Ermənistan şərti sərhəddindəki ərazilər və nöqtələr onların dediyi kimi olmalıdır.