“Öz ərizəsi ilə işdən çıxanlara sığorta haqlarının verilməsi mexanizminin hazırlanmalıdır”.
Teleqraf.com xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.
O bildirib ki, Milli Məclis bu gün “İşsizlikdən sığorta haqqında” Qanuna dəyişiklikləri təsdiq edib:
“Yeni dəyişikliklərə görə, yalnız iş yeri ixtisar olunanlar deyil, həmçinin əmək müqaviləsi müddəti başa çatanlar və eləcə də çalışdığı qurum və ya hüquqi şəxs ləğv olunanlar da işsizlikdən sığorta haqqı ala biləcəklər. Parlamentin plenar iclasında eyni zamanda öz ərizəsi ilə işdən çıxanlara sığorta haqlarının verilməsi mexanizminin hazırlanmasını təklif etdim. Belə ki, bəzi hallarda iş yeri ixtisar edilmir, sadəcə sahibkar fərqli səbəblərdən işçini işdən azad edir".
Deputat qeyd edib ki, əksər hallarda da işçiyə öz ərizəsi ilə işdən ayrılmq təklif olunur:
"İşçi də əmək tarixçəsinin pisləşməməsi üçün ərizə yazıb işdən ayrılmaq məcburiyətində qalır. Bu halda isə həmin şəxsin sığorta haqları ödəməsinə baxmayaraq işsizlikdən sığorta haqqı almaq hüququnu itirir. Təklifim həmin şəxslərə də sığorta haqqının verilməsinin təmin olunması üçün yeni mexanizminin hazırlanması və qanunvericilikdə bunun nəzərə alınması oldu”.