20 Avqust 2020 13:04
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

COVID-19 xəstəliyinin yayılmasından bu günə qədər uzun müddət keçib. Xəstəlik yeni olduğuna görə haqqında çox az məlumatımız var idi. Aylar keçdikcə bilgilərimiz də artdı. Koronavirusa qarşı mübarizə tədbirləri dünyada olduğu kimi Azərbaycanda da xəstəlik sayının azalmasına səbəb oldu. Amma bütün dünyada olduğu kimi Azərbaycanda da virus həm sosial həyat, həm də iqtisadi vəziyyətlə bağlı olaraq bütün əhali və ölkə rəhbərliyinə çətinliklər yaşatdı.

Teleqraf.com xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

Onun sözlərinə görə, mübarizə tədbirlərindən danışdıqda ara məsafəsinin saxlanılması, maskadan istifadə daxil olmaqla gigiyena qaydalarına riayət etməkdən söz açılır:

“Tətbiq olunan bu qaydaların bütün dünyada effektiv olduğu ortaya çıxdı. Bu qaydalar tətbiq olunan ölkələrdə xəstəliyə yoluxma və ölüm sayı azaldı. Qaydalar daha az tətbiq edilən ərazilərdə isə yoluxma sayı artdı. Bu, ölkə daxilində də müşahidə edildi. Ölkə karantin tədbirlərini tətbiq etdiyi zaman yoluxma sayı azalsa da, yumşalmalar zamanı yenidən rəqəmlərdə artım müşahidə edildi.

Ümumdünya Səhiyyə Təşkilatı ilk gündən xəstəliklə bağlı bütün məlumatları toplayaraq, ən düzgün tövsiyələri hazırlamağa çalışdı. Bütün bu tövsiyələr arasında ölkələr özləri üçün ən uyğun olduğunu düşündükləri tədbirlərdən istifadə etdilər”.

Hande Harmancı bildirib ki, hazırda pandemiya ilə mübarizədə yeni dövrə başlayırıq və payız mövsümündə bir çox ekspertlər qlobal olaraq respirator xəstəliklərin artacağını düşünürlər: “ÜST isə bu günə qədər öyrəndiklərimizin tətbiq edilməsini tövsiyə edir. Bütün bunları yenidən nəzərdən keçirib, ümumi olaraq sərt karantin rejimində deyil, yoluxma sayı çox olan bölgələrdə karantin tədbirlərindən istifadə edilməsi məqsədəuyğundur.

Virusun yayılmasının lokallaşdırmaq üçün ölkənin hansı bölgəsində xəstəlik vəziyyətini necə olması ilə bağlı məlumat toplamaq çox vacibdir. Yəni mütəmadi olaraq epidemioloji və statistik göstəricilər izlənilməlidir.

Eyni zamanda xəstə insanlarla təmasda olanlar mütləq şəkildə nəzarətə götürülməlidir”.

ÜST rəsmisi vurğulayıb ki, xəstəlik ən azı bir il, bəlkə də iki il və daha artıq müddət bizimlə olacaq. Onun sözlərinə görə, peyvəndin tapılması üçün ümid olsa da, hələ ki dəqiq faktlar yoxdur: ”Peyvənd tapılsa belə, hər kəsə əlçatan olması vaxt alacaq. Bu səbəbdən gigiyena qaydalarına riayət etməli, sosial məsafəni qorumalıyıq.

Qarşıdakı günlərdə normal həyata dönməyin yollarını axtarmalıyıq. Bu yeni normalar sosial və iqtisadi həyatın davam etməsi ilə yanaşı, xəstəliyin yoluxmasının qarşısını alacaq qaydaların istifadəsi mənasına gəlir.

Məsələn, küçədə gəzmək sərbəst olacaq, amma insanlar verilən tövsiyələrə və qaydalara əməl etməlidirlər. Bunlar yerinə yetirildiyi halda, ölkələr sərt karantin tədbirləri əvəzinə, regionlarda yoluxma statistikasına görə tədbirlər görərək vəziyyəti ələ ala biləcəklər. Ümid edirik ki, bundan sonra bütün ölkələrdən ölkə üzrə sərt karantin rejimi yox, lazımi yerlərdə əhali arasında xəstəliyə yoluxma baş verən yerlərdə xəstəliklə mübarizə aparılacaq. Bu bölgələrdə sərt karantin rejimi tətbiq edilərsə, daha doğru olar”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər