Pandemiya səbəbilə iş yerləri, ticarət mərkəzləri kimi məkanların girişində vətəndaşların hərarəti ölçüldükdən sonra onların içəri girişinə icazə verilir. Mütəxəsislər dəri üzərində hərarət ölçülməsini yanlış sayır, sensor termometrlərin düzgün ölçmədiyini iddia edirlər.
Məsələ ilə bağlı Teleqraf.com-a danışan həkim-professor Adil Qeybulla bildirib ki, bayırdan məkana daxil olan şəxsin birbaşa dəri səthindən hərarəti ölçülə bilməz:
“Hazırda mağazalarda, iaşə obyektlərində dəri səthindən hərarəti ölçən termometrlərdə müəyyən problemlər var. Onlar təəssüf ki, dəqiq işləmir. Hərarəti ölçməyin müxtəlif yolları var. Gərək bədən temperaturu həmin otaqdakı havaya uyğun tənzimlənsin, 10-15 dəqiqə sonra hərarəti ölçülsün. Yaxud isti yerdən sərin yerə daxil olan şəxsin temperaturu birbaşa ölçülə bilməz. Bütün bunlar diqqət mərkəzində olmalıdır”.
Adil Qeybullanın sözlərinə görə, temperatur adətən, ağız, qoltuqaltı nahiyə və düz bağırsaqdan ölçülür: “Məsələn, hamilə qadınlarda, ginekoloji prosedurlardan əvvəl hərarətin ölçülməsi düz bağırsaqdan aparılır. Çünki real temperatur oradan bilinir. Termometrin 5 dəqiqə müddətində bədəndə qalması lazımdır, bu halda temperatur tam optimal ölülçə bilər.
Doğrudur, bəzi elektron termometrlər temperatur stabilləşən kimi dərhal səs verir. Onlar temperaturu daha tez ölçürlər. Lakin civəli termometrlərdə civənin hərəkət genişlənməsi nisbətən zəif olduğuna görə onun ən azı 5 dəqiqə qalması məsləhət görülür. Sözügedən elektron termometrlər adi civəli termometrlər formasındadır. Qeyd etdiyim nahiyələrdən temperatur ölçülür”.
Professor qeyd edib ki, hərarəti ölməzdən əvvəl termometr mütləq sırıflanmalıdır: “Elektron termometrlər sıfıra gətirilir, üzərinə "R" yazılır, civəli termometrlər də əvvəlcə soyuq suda saxlanılır və ya havada çırpılaraq civə sıfıra endirilir.
Müasir tibdə civəli termometrlərdən az istifadə olunur. Hazırda elektron termometrlər çox dəqiq, həm də təhlükəsiz ölçür. Civəli termometrlərin mənfi cəhəti ondan ibarətdir ki, onlar yerə düşəndə sınır və civə ətrafa dağılır. Civə buxarlanır və ağciyərlərə düşərək nəfəs yollarında ağır problemlər yarada bilər. Ona görə də, termometr sınıbsa, dərhal təmizlənməlidir”.