5 May 2023 11:53
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 5-də "Müstəqil Nəqliyyatçılar" İctimai Birliyinin təşkilatçılığı ilə "Nəqliyyat vasitələri idarə edən müharibə iştirakçılarının problemləri: həlli yolları və prespektivlər" mövzusuna həsr edilmiş tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbiri giriş sözü ilə Birlik sədri Elməddin Muradlı açıb.

Qarabağ qazilərinin nəqliyyatla bağlı problemlərindən danışan Elməddin Muradlı maraqlı məqamlara toxunub: "Vətən müharibəsi qazilərinə verilən avtomobilin bazar dəyəri 15 min manatdır. Amma bu nəqliyyat vasitəsinin qanun pozuntusuna görə 68 min manat cərimə borcu var. Doğrudur, bu borcun 61 min manatı silinib. Yerdə qalan 7 min manat borcun silinməsi üçün dövlətin addım atması gözlənilir. Bu cərimələrə görə 1000-dən çox qazi sürücülük hüququndan məhrum olunub".

Daha sonra nəqliyyat üzrə eksper Ərşad Hüseynov danışıb: "Qazilərə fərdi avtomobillərin verilməsinə ulu öndər Heydər Əliyevin dövründən başlanılıb.

Qazilərin avtomobillləri nömrəsiz sürməsi problemi texniki baxış zamanı yaranıb. Hələ 2000-ci illərdə avtomobilini texniki baxışa gətirən qaziyə bu qaydanın onlara şamil olmadığı deyilib.

Qazilər bəzən avtomobili başqa qohum-əqrəbasına verir. Onlar da həmin maşınları sağa-sola istədiyi kimi sürür, bu zaman ağılasığmaz cərimələr yaranır.

Qazilərin idarə etdiyi nəqliyyat vasitələrinin sığorta olunması məsələsi də var ki, bu, həm onların özlərini, həm də cəmiyyəti narahat edir.

Onlara verilən nəqliyyat vasitələri nə sığortalanır, nə də texniki baxışdan keçir. Bu zaman avtomobillərə külli miqdarda cərimələr yazılır.

Problemlərlə bağlı təkliflərimizi Milli Məclisə təqdim edəcəyik. Ümid edirik ki, bununla bağlı müsbət qərar qəbul olunacaq".


Müəllif: Yeganə Oqtayqızı