“Prezident İlham Əliyevin imzaladığı yeni “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncam əhalinin mühüm bir hissəsini təşkil edən 1,1 milyon nəfər pensiyaçının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əldə olunan nailiyyətlərin davam etdirilməsinə xidmət edir”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Prezident İlham Əliyevin Sərəncamına əsasən pensiyaların indeksləşdirilərək artırılmasına dair keçirilən mətbuat konfransında deyib.
O əlavə edib ki, Prezidentin Fərman və Sərəncamları ilə 2018-2023-cü illərdə sosial ödənişlərin artırılması məqsədilə 4 sosial islahat paketi icra olunub:
“4 milyondan çox vətəndaşı əhatə edən bu islahatlar üzrə illik əlavə olaraq 7 milyard manat vəsait ayrılıb. Həmin islahatlar nəticəsində minimum əməkhaqqı 2,7 dəfə, orta aylıq əməkhaqqı 71,3 faiz, median əməkhaqqı 2,2 dəfə, əməkhaqqı fondu 2,7 dəfə, sosial müavinət və təqaüd ödənişləri 5 dəfəyə yaxın, ünvanlı yardımın orta aylıq məbləği 2,8 dəfə artıb.
Həmçinin 2018-2023-cü illərdə minimum pensiyada 2,5 dəfə, orta aylıq pensiyada 2,1 dəfə, yaşa görə orta aylıq pensiyada 2 dəfə artım baş verib, pensiya təminatına əlçatanlığın artırılması üçün mühüm addımlar atılıb”.