23 Sentyabr 2016 11:06
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunun Ağdam kəndinin sakinləri yol problemindən şikayətçidirlər.

Sakinlər Teleqraf.com-a bildiriblər ki, rayonun Ağdam kəndi Ermənistanla sərhəddə yerləşir. Tovuzdan bu kəndə olan maşınla 10 dəqiqəlik yoldur: “Ancaq yol çox bərbaddı deyə problemlərimizin ardınca gedə bilmirik. Dəfələrlə Tovuz Rayon İcra Hakimiyyətinə müraciət etmişik, ancaq heç bir nəticəsi olmayıb”.

Sakinlərin sözlərinə görə, kəndin yoluna dəfələrlə vəsait ayrılıb, amma yola asfalt çəkilməyib.

Məsələ ilə bağlı Tovuz Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyətindən dedilər ki, bu, telefonla danışılası məsələ deyil: “Siz elektron məktub yazın. Məktuba baxılar”.

Tovuz rayonundan deputat seçilmiş Qənirə Paşayeva Teleqraf.com-a açıqlamasında bildirdi ki, Ağdam kəndinin yol problemini müəyyən qurumlara çatdırıb: “Məsələ ilə bağlı Baş nazirə və digər qurumlara da müraciət etmişəm”.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Teleqraf.com-a ilk növbədə statistikadan söz açdı. Bildirdi ki, ölkəmizdə 20 min kilometrə yaxın avtomobil yolu var. Onun yarısı asfalt-beton örtüklüdür: “Yəni yarısının təmirə ehtiyacı var. Bu işləri birdən-birə başa çatdırmaq qeyri-mümkündür. Yollar növbəli şəkildə təmir olunur”.

Anar Nəcəfli qeyd etdi ki, ilin əvvəlindən indiyə qədər ölkə yollarının yenidən qurulması ilə bağlı ölkə başçısı tərəfindən 40-a yaxın sərəncam imzalanıb: “Bu, kiçik rəqəm deyil. Həmin bölgədə bu il bir neçə yol yenidən qurularaq vətəndaşların istifadəsinə verilib. Demək istədiyim odur ki, hər bir yolun nə vaxtsa növbəsi çatacaq. Bir az səbirli olmaq lazımdır. Başa düşmək lazımdır ki, bütün yolları eyni anda təmir etmək qeyri-mümkündür”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər