23 Sentyabr 2016 15:04
1 115
12 Punto 14 Punto 16 Punto 18 Punto

1925-ci il

Sentyabrın 24-də “Bakinski Raboçi” Sovet Azərbaycanı üçün yeni olan sosial səhiyyədəki qüsurlardan yazı dərc edir. “Çürümüş qaydalar” adlı yazıda Ağşəhərdəki ambulatoriyanın vəziyyəti nəql olunur. “Döşəmə çirklidir. Hər yer tozludur. Heç tüpürcək qabları da yoxdur. Qeydiyyat vərəqəsini almaq üçün xəstələr çox vaxt 10-15 dəqiqə gözləməli olurlar”. Görünür, 90 il əvvəl xəstəni 10-15 dəqiqə gözlətmək böyük çatışmazlıq sayılırmış.

Elə həmin nömrədə “Huşsuzlar” adlı yazıda isə Qaraşəhər xəstəxanasında həkimlərin səhvindən söz açılır. “Həkim K. iki xəstəni əməliyyat etməlidir. Əvvəlcədən xəstələrin əməliyyat olunacağı nahiyələrə kokain səpilməlidir. Ancaq kokain əvəzinə atropin işlədilir. Şəfqət bacısı da huşsuzluq edərək xəstəyə hansı dərmanın verildiyini yoxlamır. Nəticə xəstələrin vəziyyətində öz əksini tapır. Bu cür huşsuzluğa görə günahkarları yaxşıca əzzişdirmək pis olmazdı”.

Bu, 90 il əvvəlin kuryozudur. İndi isə cərrah xəstənin kəsilməli xəstə ayağı ilə sağlam ayağını səhv salır. Heç əzişdirən də yoxdur.

1927-ci il

Sentyabrın 18-də qəzet Lənkəran qəzasında tez-tez tapılan qədim xəzinələrdən söz açır. Qəzanın Mistan dairəsində iki çoban uşaq pul ilə dolu bardaq tapıblar. Pullar ədədi 7 tüməndən İrana satılıb. Daha böyük tapıntı isə kəndli Ağagülə məxsusdur. Hadisə bu cür olub:

Güclü yağışlardan sonra dağın bir hissəsi uçur. Kəndlilər dağın yuxarı hissəsindən palçığın fontan etdiyini görürlər. Səhərisi gün itmiş inəklərini axtaran Ağagül dağın ətəyində parıldayan əşyalar görür. O, həyat yoldaşını çağıraraq birlikdə bir xeyli “sarı düymələr” toplayır. Sonra bu barədə kənddə elan edir və camaat 3 gün ərzində çoxlu gümüş sikkələr tapır.

Sentyabrın 15-də kəndə Lənkəran qəzasından komissiya gəlir. Onlar əhalidən cəmisi 282 sikkə və gümüş parçası toplaya bilir. Şahidlərin sözlərinə görə, bu, xəzinənin heç də hamısı deyil, bir çox əşyaları əhali gizlədib üzə çıxarmır. Hətta kərpic böyüklüyündə qırmızı-sarı metaldan və üzərində sarı bəzəkləri olan hansısa ağ rəngli metal çubuqdan bəhs edirlər. Bu tapıntılar iranlılar tərəfindən həvəslə alınaraq aparılır. Bir çox yerli sakinin sözlərinə görə, tapıntılara hər il dağ üçqunlarından sonra rast gəlinir, ancaq bu qədər böyük miqdarda pul və zinət əşyaları indiyə qədər aşkarlanmamışdı.

1930-cu il

Ölkədə yeni müəssisələrin tikintisi, yolların çəkilişi böyük sürətlə davam edir. “Bakinski Raboçi” sentyabrın 24-də Zabrat-Maştağa elektrik yolunun açılışından yazır.

Məqalə bu cümlələrlə başlayır: “Sentyabrın 24-ü, düz saat 12-də elektrik dəmir yolu vağzalından Zabrat-Maştağa yolunun təntənəli açılışına xüsusi qatar yola düşdü. İnşaatçıları salamlamaq və Abşeronun ən iri kənd təsərrüfatı rayonunun kolxozçularını təbrik etmək üçün Bakının nəhəng müəssisələrinin nümayəndələri toplaşıb. Saat 12-də qatar Maştağa stansiyasında qırmızı lentin qarşısında dayanır. Azərbaycan hökuməti adından Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədr müavini yoldaş Konuşkin əhalini salamlayır və qırmızı lenti kəsir”.

Qəzetin həmin sayında Hamamdağ palçıq vulkanının püskürməsinə aid yazı yer alır.

“Püskürmə çox güclü xarakter alıb. Şahidlərin - Pirsaat balıqçılarının - sözlərinə görə, püskürmə zamanı 15 dəqiqə ərzində dəhşətli yeraltı guurultu eşidilib, ardınca isə nəhəng partlayış baş verib. Partlayışın gücündən sahil 1 kilometr boyunca 5-10 metr hündürə qalxıb. Təxminən 16 hektarlıq əraziyə vulkanik suxurlar səpələnib. Vulkanın ətrafında 1 metr dərinliyində çatlar əmələ gəlib. Bu cür böyük miqyasda püskürmə indiyədək geoloji ədəbiyyatda qeydə alınmayıb...”

Yazıda Hamamdağ palçıq vulkanının oyanmasının təbiətin çox nadir hadisəsi olduğu vurğulanır. Onun səbəbi kimi vulkanın dərinliyində neft və qaz olan plastlarda qazın toplanması göstərilir. Məqalənin müəllifi M.Ağabəyovun sözlərinə görə, ekspedisiyanın topladığı dəlillər professor Yaqubovun palçıq vulkanları ilə neft yataqlarının əlaqəsinə dair nəzəriyyənin doğruluğunu təsdiqləyir.

1934-cü il

Sentyabrın 18-də “Bakinski Raboçi” yeraltı Bakıdan yazır. Hal-hazırda heç yerüstü Bakının Baş planı yoxdur, o vaxt isə Sovet hökuməti artıq Bakının altının Baş planını hazırlamaq məsələsini gündəliyə çıxarmışdı.

Müəllifi Baksovetin arxitektura-plan şöbəsinin rəisi A. Savelyev olan “Yeraltı Bakı” adlı məqalədə oxuyuruq: “Bakı üçün yeraltı təsərrüfatın tənzimi problemi xüsusi əhəmiyyət kəsb edir, belə ki, buraya kanalizasiya, su kəməri və müxtəlif kabellərdən əlavə, sürətlə inkişaf edən qaz təsərrüfatı və neft kəmərləri şəbəkəsi daxildir. Yeni yeraltı tikililərin düzgün yerləşdirilməsi üçün Bakının altının tam və dəqiq planına malik olmaq olduqca vacibdir. Artıq mövcud olan yeraltı tikililərin baş planının tərtibindən sonra gələcək yeraltı tikililərin ümumi planını hazırlamaq lazımdır. Bu plansız isə böyük şəhərin mövcudluğunu təsəvvür etmək olmaz”.

1938-ci il

19 sentyabr nömrəsində biz yenə palçıq vulkanları ilə bağlı yazıya rast gəlirik. Bu mövzuya xüsusi diqqətin səbəbi var - yuxarıda qeyd olunduğu kimi, vulkanlarla neft yataqlarının əlaqəsinə dair nəzəriyyə böyük perspektivə malikdir.

Yazı elə bu cür də adlanır - “Neft və palçıq vulkanları”. Yazıda Bakıya SSRİ Elmlər Akademiyasının yanar faydalı qazıntılar İnstitutunun başda professor S.Fyodorov olmaqla 20 əməkdaşının gəlişindən bəhs olunur. Ekspedisiyanın əsas məqsədi palçıq vulkanları ilə əlaqəli olan neft yataqlarının sənaye əhəmiyyətini müəyyənləşdirməkdir.

Məqalədə deyilir: “Qafqazda 400-dən çox palçıq vulkanı var. Alimlər sübut ediblər ki, palçıq vulkanları - neft yataqlarının bir formasıdır, baxmayaraq ki, heç də bütün palçıq vulkanları neft sənayesi üçün əhəmiyyət kəsb etmir”.

1957-ci il

Sentyabrın 21-də qəzet Şamxorda (indiki Şəmkir) pambıq yığımının vəziyyətindən yazır:

“M.F. Axundov adına kolxozun idarəsində qələbəlikdir. Buraya keçici Qırmızı Bayrağı təqdim etmək üçün Şamxor rayon partiya komitəsinin nümayəndələri gəlib. Ön sıralarda kolxozun ən qabaqcıl kolxozçuları əyləşib. Onların arasında manqa başçısı Keçid Əliyev də var. Keçid Əliyevin komsomolçu manqası hər hektardan 28 sentner pambıq yığıb”.

Həmçinin kommunist Məhərrəm Məhərrəmovun briqadasının uğurlarından danışılır. Kolxozçulardan Xuraman İsgəndərova, Fatma Abdullayeva və Ziba Məmmədova hər gün 150-170 kiloqram pambıq təhvil verirlər. Onlar mövsüm başlayandan bəri hərəyə 2-2,5 ton “ağ qızıl” toplayıb...

1962-ci il

Sentyabrın 21-də “Bakinski Raboçi” səs-küylü məhkəmə prosesinə yer ayırıb. Söhbət başında residivist Vladimir Kuznetsovun dayandığı qarətçi bandadan gedir.

Hakim Ş.Qasımbəyovun sədrliyi ilə Şamumyan adına Mədəniyyət evində bir həftə davam edən məhkəmə prosesində banda üzvlərinin il yarım ərzində Bakı, Qroznı, Leninqrad və Penza şəhərlərində qarətlər törətdiyi qeyd olunur. Belə ki, 1961-ci ilin martında banda ilk cinayət əməlinə əl ataraq 1 nömrəli Bakı montaj idarəsinin kassasını yarır və 266 manat oğurlayır. Növbəti cinayətlər SSRİ-nin başqa şəhərlərində törədilir. Ümumiyyətlə, fəaliyyətləri dövründə cinayətkarlar müxtəlif müəssisələrin kassalarından 37 min manat pul oğurlayır.

Məhkəmənin çıxardığı hökm də sərtdir - 4 nəfər (Kuznetsov, Petrov, Jirov və Jarikov) barəsində güllələnmə hökmü çıxarılır. Daha 3 nəfər 10 il müddətinə həbs cəzasına məhkum edilir.

Məhkəmədən reportajın sakit üslubu indiki kriminal xəbərlərin qışqıran, pafoslu, emosional, epataj dilindən tamamilə fərqlənir.

1963-cü il

Sentyabrın 19-da qəzetdə yer alan mədəniyyət xəbərlərindən biri “Heykəltəraşların yeni işləri” adlanır. Yazıda SSRİ Rəssamlıq Akademiyasının təltif etdiyi mədəniyyət işçiləri cərgəsində iki azərbaycanlı heykəltəraşın - Ömər Eldarov və Tokay Məmmədovun da adlarının olduğu bildirilir. Onların birgə işi - böyük şair Füzulinin Azərbaycan Dövlət dram teatrının önündə ucaldılmış heykəli gümüş mükafata layiq görülüb.

O vaxt hələ gənc olan heykəltəraşların dostluğunun hələ təhsil illərindən (əvvəlcə Bakı rəssamlıq məktəbi, sonra isə Leninqrad rəssamlıq Akademiyası) başladığı qeyd olunur. Onlar Azərbaycanda artıq tanınıblar - onların daha bir birgə işi olan Leninin heykəli Sumqayıtda quraşdırılıb. Bundan əlavə, Ömər Eldarov şairə Natəvanın, Tokay Məmmədov isə bəstəkar Üzeyir Hacıbəyovun bakılılara yaxşı tanış olan heykəllərinin müəllifidir.

Qəzet dostlardan qısa müsahibə götürüb. Onlar deyirlər: “Birlikdə təzəlikcə “11-ci ordu Bakıda” heykəlinin layihəsini tamamlamışıq. İndi isə yeni abidənin maketini hazırlayırıq - o, Dağıstandan Azərbaycana keçiddə quraşdırılacaq və simvolik qadın fiquru olacaq”. Heykəltəraşlar həmçinin Oktyabr İnqilabının 46-cı ildönümünə həsr olunan sərgidə iştirak etməyə hazırlaşırlar. Tokay Məmmədov sərgiyə neftçi və kolxozçunun portreti, Ömər Eldarov isə “Neftçilər” heykəl kompozisiyası ilə qatılacaq.

1974-cü il

Son onilliklər sənaye müəssisələrinin bağlanması, dağılıb satılması “ulduz”u altında keçdisə, Sovet dövrü əksinə, yeni-yeni sənaye müəssisələrinin qurulması ilə əlamətdardır. Məsələn, qəzet 18 sentyabr nömrəsində həmin il Naxçıvanda istifadəyə verilən və tikilən yeni müəssisələrdən yazı dərc edir. Muxtar Respublikanın yaranmasının 50 illiyi ərəfəsində ərsəyə gələn müəssisələrin sayı isə bir deyil, iki deyil...

Bəzilərinin adlarını çəkək. İliç rayonunda Şərab zavodu - burada ildə 20 min ton üzüm emal ediləcək. İldə 100 min toyuq yetişdiriləcək Quşçuluq fabriki. Dəmir-beton məmulatları zavodunda ikinci növbə işə başlayacaq və zavod Muxtar Respublikanı tamamilə dəmir-betonla təmin edəcək. Yaxud, Dəyirman kombinatı ildə 16 min ton buğda qəbul edə biləcək. Rostovdan gələn mütəxəssislər artıq elevatorun montajı üçün son işləri görməkdədir. Habelə, Badamlı mineral sular zavodunda və Naxçıvan tütün-fermentasiya zavodunda əlavə komplekslər quraşdırılıb...


Müəllif: Mövlud Mövlud