Berlində Beynəlxalq Sülh Bürosunun (BSB) Dünya Konqresində nüfuzlu beynəlxalq təşkilatın idarə heyəti üzvlərinin yeni seçkisi keçirilib. Bu mötəbər qurumda Azərbaycanı təmsil edən yeganə nümayəndə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev yenidən BSB idarə heyətinin üzvü seçilib. BAMF-ın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumta görə, U.Mirzəyev növbəti 3 il ərzində bu mötəbər təşkilatda Azərbaycanı təmsil edəcək. BAMF sədri, Beynəlxalq Sülh Bürosunun Ali Şurasının üzvü olmaqla yanaşı həm də Qərbi Asiyanın 18 ölkəsi (Azərbaycan, Gürcüstan, Ermənistan, Qətər, Yəmən, Fələstin, Oman, İsrail, İordaniya, Səudiyyə Ərəbistanı, Türkiyə, Kipr, Livan, Bəhreyn, İraq ) və konflikt bölgələri üzrə nümayəndəsidir. Qeyd edək ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu bu missiyanı yerinə yetirən Azərbaycandan olan ilk QHT-dir.
Qeyd edək ki, Beynəlxalq Sülh Bürosunun Dünya Konqresi dünyanın ən böyük beynəlxalq sülhü çağıran tədbirlərindən biri sayılır. Tədbirə ən müxtəlif ölkələrdən Nobel mükafatı laureatları, alimlər, siyasətçilər, din adamları və sülh çağırışçısı olan ictimai xadimləri qatılıb. Toplantıya bütün dünyadan ümumilikdə 1000-ə yaxın nümayəndə qatılıb.
Konqresdə dünya üzrə kifayət qədər nüfuz sahibi olan şəxslər – 2011-ci il “Nobel” sülh mükafatı laureate, əslən Yəməndən olan Təvəkkül Karman, “Right Livelihood Award” mükafatının yaradıcısı Jakob von Uexküll, bu mükafatın laureatları Vandana Şiva və Alyn Vare, Ceyms Qalbrayt, Noam Xomski kimi görkəmli iqtisadçılar (video vasitəsilə) və Samir Amin, dünya siyasətinə yön verən məşhur Roma klubunun vitse-prezidenti Ernst Ulrix fon Veizsaker, UTİC və UNI qlobal birliklərin baş katibləri Şaran Burrov və Filipp Jenninqs, YUNESKO-nun keçmiş baş direktoru Federiko Mayor Saraqosa, Ekvadorun keçmiş müdafiə katibi və bu ölkənin BMT-nin Cenevrə ofisindəki keçmiş nümayəndəsi Maria Fernanda Espinosa Garces, BMT Cenevrə ofisinin baş direktoru Maykl Moller, Beynəlxalq Sülh Bürosunun idarə heyətinin üzvləri və başqaları çıxış edib.
Azərbaycanı təmsil edən U.Mirzəyev tədbir çərçivəsində dünyada silahlanmanın əleyhinə qarşı keçirilən aksiyaya qatılmaqla yanaşı bir sıra vacib görüşlər keçirib, danışıqlar aparıb.
Müzakirələr zamanı Cənubi Qafqazda baş verən münaqişələrin yaratdığı çətin vəziyyətdən, qaçqın və məcburi köçkünlərin ağır həyat şəraitindən, münaqişələrin həlli istiqamətində qəbul edilmiş beynəlxalq hüquqi aktların və qətnamələrin icra edilməməsindən, ikili standartların yaratdığı qəbuledilməz status-kvodan danışan BAMF sədri Azərbaycan dövlətinin və hökumətinin daim sülh proeseslərinə dəstək verdiyini, regionda sülhün və sabitliyin qarantı olduğunu bildirib.
Qeyd edək ki, Beynəlxalq Sülh Bürosu Avropadan və Şimali Amerikadan olan Milli Sülh Cəmiyyətlərinin keçirdiyi Beynəlxalq Sülh Bürolarının konstitusiyaları, illik geniş toplantıları nəticəsində 1892-ci ildə təsis edilib. 1901-1982-ci illərdə büronun 13 əməkdaşı “Nobel” sülh mükafatına layiq görülüb. Büronun özünə isə bu ali mükafat 1910-cu ildə təqdim edilib. “MakBrayd” sülh mükafatı isə BSB tərəfindən hər il bir şəxsə və ya təşkilata sülh, tərkisilah və ya insan hüquqları üzrə təqdim edilən xüsusi mükafatdır.
Səxavət