Bakıda 100 mənzildən su sayğaclarını oğurlayan şəxslərin tutulması ilə bağlı əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gürcüstan vətəndaşı Elçin Qurbanov şübhəli şəxs qismində saxlanılıb.
Onun əlindəki sellofan torbaya baxış zamanı 5 ədəd su sayğacı aşkar olunaraq götürülüb.
Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Elçin Qurbanovla birlikdə Nizami rayonunda su sayğacları oğurlamaqda şübhəli bilinən daha bir nəfər, əvvəllər məhkum olunmuş Zaqatala rayon sakini Eldar Xasayev də tutulub.
Saxlanılan şəxslər ifadələrində bu ilin yanvar ayından etibarən saxlanılan günə qədər Nizami rayonu ərazisində təxminən 100 mənzilin su sayğacını oğurladıqlarını etiraf ediblər.
Onlar oğurladıqları su sayğaclarının mis və latundan olan hissələrini Bakı şəhərinin müxtəlif yerlərində olan metal qəbulu məntəqələrinə satdıqlarını bildiriblər. Onların yaşadıqları mənzilə baxış zamanı külli miqdarda su sayğaclarının qırılmış hissələri aşkar olunub.
Elçin Qurbanov və Eldar Xasayevin ətrafında aparılan əlavə əməliyyat tədbirləri nəticəsində onların paytaxtın Nizami rayonundan əlavə eyni zamanda Sabunçu rayonunda vətəndaşlara məxsus su sayğaclarını oğurladıqları məlum olub.
Hacı Zeynalov