Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın milli bayramı - Respublika günü münasibətilə keçirilən rəsmi qəbuldakı nitqində deyib.
Onun sözlərinə görə, Azərbaycan xarici siyasət sayəsində böyük uğurlar əldə edib: "Bunu artıq Azərbaycan ictimaiyyəti bilir. Biz beynəlxalq arenada öz milli maraqlarımızı bundan sonra da müdafiə edəcəyik".
Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycanın beynəlxalq təşkilatlarla da çox yaxşı münasibətləri var və bu təşkilatlarda fəal rol oynayır: "Mən onların içərisində, ilk növbədə, İslam Əməkdaşlıq Təşkilatını qeyd etmək istərdim. Azərbaycan bu təşkilatın fəal üzvüdür. Bu təşkilat erməni təcavüzü ilə bağlı keçən il Kontakt Qrupu yaradıb. Erməni təcavüzü, ötən ilin aprel ayında onların törətdikləri təxribat hadisələri İslam Əməkdaşıq Təşkilatı tərəfindən pislənildi. Azərbaycan dövlətinə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyinə daim dəstək göstərilir. Eyni zamanda, Azərbaycan bu təşkilat çərçivəsində ikitərəfli əlaqələri də genişləndirir. Mən bu yaxınlarda Səudiyyə Ərəbistanında Ərəb-İslam-Amerika Zirvə görüşünü xüsusi qeyd etmək istəyirəm. Azərbaycan bu Zirvədə yüksək səviyyədə iştirak edib. Hesab edirəm ki, bu Zirvənin çox böyük mənası var. İlk növbədə, müsəlman aləmi həmrəylik nümayiş etdirib və təqdirəlayiq haldır ki, ABŞ prezidenti cənab Tramp öz ilk xarici rəsmi səfərini müsəlman ölkəsinə edibdir. Biz bunu Azərbaycanda yüksək qiymətləndiririk. Hesab edirəm ki, bu, bütün müsəlman aləminə Amerika prezidenti tərəfindən göstərilən böyük hörmətin əlamətidir. Yəni, bu səfərin və Zirvə görüşünün təşkilinin özü artıq böyük hadisədir və orada Amerika prezidenti tərəfindən səslənən fikirlər əlbəttə ki, çox yüksək qiymətləndirilməlidir. Xüsusilə o deyib ki, Amerika Birləşmiş Ştatları bundan sonra müsəlman ölkələrinin daxili işlərinə qarışmayacaq, onlara öyüd-nəsihət verməyəcək, onlara mühazirə oxumayacaq. Bu, çox ciddi bəyanatdır və deyə bilərəm ki, Zirvə görüşünün demək olar bütün iştirakçıları bu bəyanatları yüksək qiymətləndiriblər, o cümlədən Azərbaycan. Çünki biz hamımız yaxşı bilirik ki, Azərbaycan xarici müdaxilə nəticəsində ən çox atəş altında olan ölkələrdən biridir".
Prezident ümid edir ki, bu ciddi siqnal bütün aidiyyəti qurumlara, o cümlədən Avropa təsisatlarına da çatacaq və bizim işimizə qarışma cəhdləri aradan götürüləcək: "Onsuz da bu ildən başlayaraq Amerika rəhbərliyində dəyişikliklər oldu və görürük ki, artıq bu müdaxilələrin təzahürləri yavaş-yavaş aradan götürülür. Biz bunu alqışlayırıq və ümid edirik ki, bu, davam etdiriləcək. Çünki yeganə düzgün siyasət də məhz budur. Mən əvvəllər də demişəm, bu gün də demək istəyirəm ki, əgər ölkələr bir-birinin işinə qarışmasalar, onda nə müharibə, nə münaqişə olacaq, ancaq sülh olacaq, əməkdaşlıq olacaq. Azərbaycan heç bir ölkənin işinə heç vaxt qarışmayıb və heç vaxt qoymayıb və qoymayacaq ki, kimsə gəlib bizim işimizə qarışsın, bizə dərs desin və bizə yuxarıdan aşağı baxsın. Azərbaycan ləyaqətli dövlətdir. Öz qürurumuzu qorumuşuq və qoruyacağıq".