8 Sentyabr 2017 13:56
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqust ayı ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyası mütəxəssisləri tərəfindən respublikanın müxtəlif ərazilərində yerləşən 91 məntəqədə sürşümə aktivliyi qeydə alınıb.

Bunu Teleqraf.com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, Azərbaycanın bəzi ərazilərində sürüşmə sahələri aktivləşib: “Avqust ayı ərzində aparılan monitorinqlərin nəticələri buklet şəklində çap olunub və müvafiq orqanlara çatdırılıb. Ötən ayın nəticələrinə görə, Bakıdakı Zığ-1 sürüşmə ərazisində lokal sahələrdə texnogen hadisələrinin təsirindən sürüşmə prosesinin dinamikasında aktivlik müşahidə edilib. Eyni zamanda Abşeron rayonu ərazisində Masazır qəsəbəsində "Zəli gölü" adlanan ərazidə sürüşmə dinamikasında və Sabunçu rayonu ərazisində Daş karxanası yaşayış massivində də aktivlik qeydə alınıb”.

Əziz Qaralov bildirib ki, cənub bölgəsində də sürüşmə zonalarında aktivlik var: “Lənkəran-Lerik rayonun 17-19-cu, 27-ci kilometrliyində nisbi aktivlik qeyd olunub. Masallı rayonunun Güllütəpə, Zuvand, Cəlilabad rayonunun Sadatlı, Çinar sürüşmə sahələrində prosesin dinamikasında aktivləşmə qeydə alınıb. Masallı rayonunun Qodman çökmə-oturma sahəsində 2015-ci ildə qeydə alınmış prosesin təzahürlərinin araşdırılması üçün sahədə dəqiq hidrogeoloji və mühəndis geoloji tədqiqatların aparılmasına başlanılıb. Ərazidə çox saylı evlər deformasiyaya məruz qalıb”.

Ekspedisiyasının rəisi qeyd edib ki, Xızı, Siyənəz, İsamyıllı və Şamaxı ərazilərində də sürüşmə zonalarında aktivlik müşahidə edilib: “Quba-Xınalıq yolunun 30-46-ci kilometrliyində sürüşmə dinamikası var. Şamaxı rayonu daim sürüşməyə meyilli ərazidir. Orada yağış, xırda titrəyiş olan zaman sürüşmə baş verir. Rayonun mərkəzində 48-A deyilən məhəllə var. Həmin ərazidə sürüşmə baş verib və sürüşmə parametrlərində ciddi artım qeydə alınıb. Ötən aylar ərzində Ağsu çayında baş vermiş daşqınlar nəticəsində rayonun Keçmədin kəndinin giriş yolunun 35-40 yolu hissəsi tamamilə sıradan çıxıb”.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər