27 Noyabr 2017 15:53
4 854
12 Punto 14 Punto 16 Punto 18 Punto

14 yanvar 1920-ci il.

Azərbaycan Cümhuriyyəti iki gün öncə Parisdə Müttəfiq Dövlətlərin Ali Şurası tərəfindən de-fakto tanınmış, buna görə də ölkədə bayram elan olunmuşdu.

Bayram ab-havası içərisində axşam saat 9-da hökumətin xaricdə təhsil almağa göndərəcəyi yüz tələbədən ilk 24 nəfər yola salınırdı.

Onları yola salmağa başda Məhəmmədəmin Rəsulzadə olmaqla hökumətin və cəmiyyətin önəmli üzvləri – Abbasqulu Kazımzadə, Əhmədcövdət Pepinov, Səmədağa Ağamalıoğlu, Salman Mümtaz, Mirzəbala Məhəmmədzadə və başqaları gəlmişdilər.

Vaqonlar Azərbaycan bayrağına bürünmüşdü. İçəridə tar çalınır, “Segah” oxunurdu.

Nitqlər söylənildi, nəsihətlər verildi və nəhayət qatar hərəkətə gəldi.

Tələbələr Azərbaycan bayrağı çıxararaq tar və nəğmə tərənnümü altında “Yaşasın Azərbaycan” deyə yola düşdülər.

Daha sonra digər tələbələr də təhsil alacaqları ölkələrə göndərildilər.

Fəqət tale elə gətirdi ki, Azərbaycan Cümhuriyyəti ruslar tərəfindən işğal edildi, tələbələrin taleyi sual altına düşdü. Bolşeviklər bir müddət sonra onlarla maraqlandılar, nəticədə tələbələr arasında mühacirətdə qalanlar da oldu, ölkəyə dönənlər də. Qürbətdə intihar edənlər də oldu, ölkədə repressiya olunanlar da.

Amma onlar Azərbaycan tarixində böyük bir iz qoydular.

***
14 oktyabr 1991-ci il.

Türkiyə dövlətinin dəvəti ilə AXC-nin 50 nəfərlik tələbə karvanı Türkiyəyə təhsil almağa yola düşür. AXC lideri Əbülfəz Elçibəy, Firudin Cəlilov, Vurğun Əyyub kimi dönəmin öndə olan şəxsləri onları yola salırlar.

Azərbaycan faktiki müstəqil idi, gənc dövlətin idarə edilməsində Türkiyə təcrübəsini öyrənib geri dönən gənclərə ehtiyac vardı.

İlk 50 tələbədən sonra növbəti karvan yola düşdü. Artıq Türkiyədə yaşamaq, oxumaq azərbaycanlılar üçün xəyal deyildi. Amma çətin idi. Fərqli bir sistemdə böyümüş gənclər tamam başqa bir mühitə düşmüşdülər. Həyat, əlaqələşmə indiki kimi rahat deyildi. Amma bu tələbələr bu ağır şərtlər içində oxudular və aradan ötən 25-26 il ərzində öz sahələrində uğur qazanmış insanlar oldular.

***
Artıq bir neçə həftədir ki, 25 il öncə Türkiyəyə göndərilən tələbələr bu tarixi günü qeyd edirlər. Toplantılar keçirildi, yüz il öncəki kimi mahnılar oxunuldu, hökumət üzvləri onları qəbul etdi, nəsihətlər dinlənildi.

Eləcə də, Türkiyə dövləti də digər ölkələrin tələbələri ilə birlikdə onları İstanbula çağırdı, baş nazirin iştirakı ilə toplantı keçirildi, təşəkkürnamələr verildi.

Dünən isə həmin azərbaycanlı tələbələrdən 40-a yaxını Üsküdar sahilində bir araya gəldi.

Gələcək məzun olaraq biz də dəvət edilmişdik.

***
Toplantı boyunca hiss etdim ki, 1991-1992-ci illərdə yaşanılan həyəcan hələ də bu şəxslərin həyatında öz fövqəladəliyini qoruyur. O illərdən danışarkən ilk yada düşən dostluqlar, əzmkarlıq olur. Məzunlardan Habil Alısoy şəxsləri təqdim edərkən onların aradan ötən bu 25 ildə qazandıqları uğuru, Türkiyə dövlətinin verdiyi təhsilin insanların həyatında oynadığı rolu aydın görürdük.

Mehdi Gəncəli, Nəsimi Paşayev, Əfqan Vəliyev, Eldar Aslanov, Gülarə Yenisey, Aqil Səmədbəyli, Telman Nüsrətoğlu, Ələsgər Əhmədoğlu, Cavid Vəliyev, Cavid Abışov və adını çəkmədiyim digər insanların qazandıqları nailiyyətlər sevindirici idi.

***
Yuxarıda Cümhuriyyət dönəmi ilə bağlı hadisəni boşuna yazmadım. O zamankı mətbuatda verilən bilgilərə görə, tələbələrimiz Cümhuriyyət bayrağı altında yola salınmışdılar. Tale elə gətirdi ki, dünənki toplantımız da məhz Cümhuriyyət dönəmindən qalma bayraq altında sona çatdı.

Məzunlardan tədqiqatçı Əfqan Vəliyev şəxsi arxivində olan Cümhuriyyət bayrağını bizlərə göstərdi, o bayrağın altına yığışıb şəkil çəkdirmək şərəfinə nail olduq.

Əfqan bəy bayrağın tarixçəsi ilə bağlı bunları bizimlə bölüşdü: “Bu bayrağı İstanbula Mirzəbala Məhəmmədzadə gətirib. Onun xanımı Bəhirə xanım bu bayraqla yanaşı digər bir bayrağı da sandıqda saxlayırmış. Rəsulzadə vəfat edəndə ondan bayraq istənilir. Mirzəbala bəy bunu deyil, digər bayrağı göndərir. Səbəbini belə izah edir ki, bu bayraq başqanın əmanətidir və Azərbaycanın haqqıdır. Bu bayraq parlamentdə dalğalanıb, ona görə də bunu qoruyub saxlamalıyıq ki, yenidən bir daha Azərbaycanda dalğalansın. Mirzəbala bəyin vəfatından sonra bu bayrağı xanımının qohumu Bedia xanım saxlayır, daha sonra Eldəniz Qurtulana verir. Daha sonra Eldəniz bəyin qardaşı bu bayrağı Kanadaya aparır. Bayraq daha sonra İsveçrə və Almaniyaya gedir. Çünki KQB bu şəxslərdə arxiv materiallarının olduğunu bilirdi, onlar da iz itirmək üçün dolaşırdılar.

Eldəniz bəyin qardaşı sonra bu bayrağı Türkiyəyə gətirir, Bedia xanımın qohumlarına verir. Onun həkim olan qohumlarından biri bayrağı mənə verir. Çünki Eldəniz Qurtulan vəsiyyət etmişdi ki, bayraq mənə verilsin. Mən də əmanəti təhvil aldım və lazımi ünvana təqdim edəcəyəm”.

Əfqan bəyə bu gözəl xatirəyə görə təşəkkür edirik. Bir daha əmin olduq ki, Rəsulzadə “Bir kərə yüksələn bayraq, bir daha enməz” deyərkən necə də haqlı imiş...

Beləliklə, Türkiyə məzunlarının 25 illik yubileyi xoş bir xatirə ilə yadda qaldı. Ümid edirik ki, onların izindən gedən bizlər də Azərbaycan və Türkiyə üçün xidmət etmək şərəfinə nail olacağıq.


Müəllif: Dilqəm Əhməd