5 Dekabr 2017 14:30
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Ümumi Tranzit Konvensiyası (CTC) və Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (NCTS) dair seminar işə başlayıb.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, seminar Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Beynəlxalq Miqrasiya Təşkilatının dəstəyi ilə keçirilir.

Seminarın açılışında çıxış edən DGK sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev tədbirin Azərbaycan gömrükçüləri üçün əhəmiyyətli olduğunu qeyd edib və təşkilatçılara təşəkkürünü bildirib. Aydın Əliyev vurğulayıb ki, Ümumi Tranzit Proseduru və Ticarətin Sadələşdirilməsinə dair konvensiyaya qoşulmaq Dövlət Gömrük Komitəsinin 2017-2021-ci illər üzrə fəaliyyət planındakı vacib hədəflər sırasında yer alıb.

Komitə sədri hazırda Avropa məkanında tətbiq edilən NCTS-yə qoşulmaq istiqamətində atılan addımlardan, bu sistemin ölkəmiz və region üçün faydalarından bəhs edib.

Aydın Əliyev ölkənin tranzit imkanlarının artırılması istiqamətində Prezident İlham Əliyev tərəfindən həyata keçirilən irimiqyaslı layihələrin gələcəkdə yükdaşımaların asan və sürətli həyata keçirilməsinə münbit şərait yaradacağını, ümumilikdə beynəlxalq ticarətin inkişafına mühüm töhfə verəcəyini diqqətə çatdırıb.

Seminarda Serbiya Respublikası gömrük xidməti əməkdaşlarının ekspert qismində iştirak etməsini yüksək qiymətləndirən Aydın Əliyev Serbiyanın böyük tranzit imkanlarına malik olmaqla yanaşı, bu sahədə əldə etdiyi təcrübənin Azərbaycan üçün maraqlı nümunə olacağına əminliyini ifadə edib. Komitə sədri ötən əsrin sonlarından etibarən Azərbaycan və Serbiyanın ərazi bütövlüyü ilə bağlı problemlərlə üzləşdiyini, bu problemlərin beynəlxalq hüquq normaları çərçivəsində həlli istiqamətində iki dost ölkənin birlikdə səy göstərdiyini də diqqətə çatdırıb.

Sonra çıxış edən Avropa İttifaqı Üzv Dövlətlərinin Xarici Sərhədlərində Əməliyyat Əməkdaşlığının İdarə olunması üzrə Avropa Agentliyinin - Frontex-in əməkdaşı Darius Mrovic təmsil etdiyi qurum və həmin qurum tərəfindən həyata keçirilən layihələr barədə məlumat verərək bildirib ki, əsas məqsəd şəxslərin və yüklərin sərhədkeçmə prosesinin asnlaşdırılmasıdır.

Daha sonra Serbiya Respublikası gömrük xidmətinin nümayəndəsi Veselin Miloşeviç çıxış edərək, seminarda müzakirə ediləcək məsələlər barədə qısa məlumat verib və NCTS-in faydalarından bəhs edib. V.Miloşeviç Kosovanın ÜGT-yə üzvlük məsələsinin müzakirəsi zamanı ölkəsinin mövqeyini dəstəklədiyinə görə Azərbaycana, DGK-ya ölkəsinin hökuməti adından təşəkkürünü bildirib.

3 gün davam edəcək seminarda Serbiya Respublikası gömrük xidmətinin əməkdaşları V.Miloşeviç, Olqa Protic və Vladan Vukoviç tərəfindən Serbiya tranzit sistemi, NCTS sisteminin Azərbaycanda tətbiqinin zərurətləri, NCTS-in əsas prinsipləri və faydaları, Milli Layihə Planı və digər məsələlər barədə iştirakçılara ətraflı məlumat verəcəklər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər