19 Dekabr 2017 21:36
2 253
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yola saldığımız 2017-ci ilin yadda qalan hadisələri barədə elə həmin hadisələri işıqlandıran jurnalistlərlə sorğu apardıq.

Teleqraf.com sorğunu təqdim edir.

BakuPost.az saytının baş redaktoru Elçin Zahiroğlunun fikrincə, 2017-ci il öz astroloji işarəsi kimi “meymuluq edib”: “Dünyanın bütün münaqişə nöqtələrində gərginlik artdı. İnsan qırğınlarından, fəlakətlərdən yazdıq. Qərb terrorlarla titrədi, Şərq partlayışlara əsdi. Azərbaycana gəldikdə, bir çox uğurlu layihələr, məsələn, Bakı-Tiflis-Qars dəmir yol xətti kimi möhtəşəm layihə gerçəkləşdi.

Amma istər iqdisadi, istərsə geosiyasi mənada ölkəmiz üçün 2017 təlatümlü il oldu. Bu il həm də nazirlərlə yadda qaldı. Rəhmətə gedən də oldu, işdən çıxarılan da, səlahiyyəti artırılanı da, dırnaqarası “vurulanı” da, dırnaqsız vurulanı - sevəni də…

2017-ci ili məmur övladlarının həbsiylə də xatırlayacağıq. Bu səpkidə əsas hadisə isə Eldar Mahmudovun qandallanmaması oldu”.

Xəzər TV-nin müxbiri Elmin Bayramlı “Qarabağ”ın Çempionar Liqasındakı uğurlarını ilin ən yadda qalan və müzakirə olunan xəbəri kimi xarakterizə edib: “Sözsüz, illər keçsə də, bu uğur unudulmayacaq”.

Publika.az-ın müxbiri Könül Cəfərli üçün də bu il ölkədə ən yadda qalan hadisə "Qarabağın" Çempionlar Liqasına düşməsi olub: “Bu, futbol azarkeşi olan-olmayan hər kəsi sevindirdi. Qalan məsələlər öz axarında getdi. Ciddi, yadda qalan başqa dəyişiklik olmadı. Şəxsi fəaliyyətimdə isə hər şey yaxşılığa doğrudur. 2018-ci ildən gözləntilərim çoxdur”.

Primetime.az saytının müxbiri Ayşən Ağayevanın fikrincə, 2017-ci il stabil keçməyib: “Demək olar ki, hər ay bir hadisə gündəmi zəbt etdi. Ancaq 2016-cı illə müqayisədə il nisbətən sakit keçdi. 2016-cı ildə Azərbaycan tarixinə qara hərflərlə yazılan hadisələr də baş verdi. Məsələn, neftçilərin dənizdə həlak olması kimi… 2017-ci ili həm də 2015-ci ilin sonu, 2016-cı illərin əvvəlində başlanan hadisələrin tamamlanması kimi də qiymətləndirmək olar. MTN işi ilə bağlı bir sıra vəzifəli şəxslərin həbsi və məhkəməsini nəzərdə tuturam.

Açığı, bu il bir çox hadisələr baş verdi, onların arasından birini xüsusi dəyərləndirmək çətindir. Ancaq hesab edirəm ki, Mikayıl Cabbarovun Təhsil naziri postundan Vergilər Nazirliyinə transferini ilin hadisəsi kimi qiymətləndirmək olar”.

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov üçün 2017-ci il ölkə iqtisadiyyatındakı sabitliyin və manatın kursunun qorunması ilə yadda qalıb.

Report-un müxbiri İlkin Pirəli suala müsbət yöndən yanaşaraq, bu ilin ən önəmli hadisəsi kimi Bakı-Tiflis-Qars dəmir yolu xəttinin istifadəyə verilməsini qeyd edib: “Bu, çox mühüm məsələdir. Ən önəmli hadisə bunu hesab edirəm. Daha sonra Vergilər nazir Fazil Məmmədovun vəzifədən azad edilməsi və həmin vəzifəyə Təhsil naziri Mikayıl Cabbarovun təyin edilməsi cəmiyyətdə şok effekti yaratdı. Yəni gözlənilməz hadisə idi.

Mənfi hadisələr sırasına isə iki dustağın qaçması, olayla bağlı Fədayə Laçının həbsini aid edərdim. Bundan başqa, Salyanda ata oğlu ilə birlikdə ailəsinin 5 qadın üzvünü qətlə yetirməsi son illərin ən dəhşətli hadisələrindədir”.


Müəllif: Şəfiqə Nazimqızı