8 Fevral 2018 08:28
6 751
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qayınanam dul qadın idi, elçiliyə gələndə ondan soruşmuşdular ki, ay xanım, niyə oğlunu vaxtilə zəngin olan birinin qızı ilə evləndirirsən, başına iş açacaqsan. O, bu sözlərdən qorxmuşdu, amma tale və könül qarşısında dura bilməmişdi. Qorxduğumuz şey başımıza gəldi. Bu dəfə mənim ucbatımdan 1938-ci ilin fevralında həyat yoldaşımı həbs etdilər. Xəstə anamla birlikdə 5 bacı təkbaşına qaldıq. İş üçün hara müraciət etdimsə, açıq şəkildə “sənə tarixçi kimi iş verməyəcəyik” deyirdilər. Başa düşdüm ki, sevdiyim tarix sahəsində işləyə bilməyəcəyəm”.

Bu sözləri orta əsrlər tarixi üzrə Azərbaycanın ilk qadın alimi Sara Aşurbəyli “Azərbaycanın alim qadınları” adlı dərgiyə müsahibəsində deyir.

Həyatı keşməkeşlər, mübarizələrlə dolu olan XX əsrin tarixi hadisələrinin canlı ensiklopediyası əməkdar elm xadimi, tarixçi – alim Sara Aşurbəyli o gün ilk dəfə öz taleyini danışır. Sovet dövründə süni əngəllər onu tarix sahəsindən uzaq salmağa çalışsa da, o, bu sınaqlara dözür. 2001-ci il iyulun 17-dә 96 yaşında vәfat edәn Sara Aşurbәyli “Sizin ömrünüz һeç dә sadә bir insan ömrü olmayıb, nә vaxtsa memuar yazacaqsınızmı?” sualına cavabı maraqlı olur: “Bilirsiz, mәn bәlkә dә һeç nә yazmayacam. Çünki mәnim ömrüm doğmalarımın itkisi, dövrün vә insanların әdalәtsiz münasibәtlәri, xәyanәtlәriylә dolu keçib. Bunları yazmaq o һadisәlәri yenidәn yaşamaq demәkdir. Mәn bunu bacarmaram...”

1990-cı ildə Bakıda yazıçı Əzizə Cəfərzadənin evində məşhur maarifçi qadınlarla görüşüb söhbətləşən türkiyəli jurnalist Əli Qafqazlı Sara xanımın ürək yanğısı ilə bəhs etdiyi həyatından bəzi məqamları açıb. İsrarla tarixçi olmasına maneə yaradılsa da, o, tarix sahəsinə olan istəkdən vaz keçməyib.

Atasının 14 yaşında həbs olunduğunu deyən Sara Aşurbəyli 1 ay sonra anası İsmət xanımın qohumu Nəriman Nərimanovun yardımı ilə sərbəst buraxıldığını bildirir: “Yenə də onun yardımı ilə ailəvi xaricə getmək üçün icazə aldıq. Əvvəlcə Trabzona, sonra isə İstanbula üz tutduq”.

“Xristian dinini qəbul edə biləcəyimdən narahat idi”

3 bacısə ilə Validə Sultan liseyində oxumağa başlasa da, qəribə bir hadisə Sara xanımın fransız məktəbinə keçməsinə səbəb olur. O, liseydə Qurani-Kərim dərsindən “2” qiyməti alır, ağlayaraq evə gəlir və valideynlərinə bir daha həmin məktəbə getməyəcəyini deyir: “Bütün qızlar Quranı çox gözəl oxuyurdu. Mən həmin vaxtadək heç vaxt Qurani-Kərim oxumadığım üçün dilimə yatmırdı. İsrar etdim, atam məni yaxınlıqdakı “Janna Dark” fransız kollecinə yazdırdı. Bu məktəbdə oxuyan xüsusi libaslı qızla tanış olmuşdum, onun davranışları və libasları çox xoşuma gəlmişdi. Zənnimcə, bu seçimimdə onun təsiri vardı. Atam məni bu məktəbə yazdırıb-yazdırmamaqda çox tərəddüd edirdi, mənim xristian dinini qəbul edə biləcəyimdən narahatlıq duyurdu”.

İki cümlə Balabəy Aşurbəylinin qətlinə fərman verir

5 il həmin məktəbdə təhsil alandan sonra Aşurbəylilər Bakıya qayıtmaq qərarı verirlər. Vәziyyәtin nisbәtәn sakitlәşdiyini görən Sara xanımın atası Balabәy ailәsini dә götürüb 1925-ci ildә Bakıya dönür. Amma һadisәlәr һeç dә Balabәyin gözlәdiyi kimi cәrәyan etmir. Aşurbəyli uzun müddət işsiz qalır. Sara xanım isə Azərbaycan Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinin tarix bölməsinə qəbul olur, lakin atasının keçmiş kimliyinə, əvvəllər zəngin ailənin qızı olduğuna görə daim ələ salınır. Universiteti bitirəndə qrup yoldaşı ilə ailə qurur: “Təzə yuva qurmuşduq. Lakin tale üzümüzə gülmədi. Deyirlər, “Sən saydığını say, gör fələk nə sayır”. Stalinin zülm fırtınası başlamışdı. 1935-ci ildə atamı həbs edib Qazaxıstana sürgünə göndərdilər. Qısa müddət sonra atamı həbsə salıb öldürdülər. Öldüyünü çox sonralar öyrəndik”.

Əslində iki illik hәbsxana һәyatında Balabәyә nә qәdәr әziyyәtlәr versәlәr dә, onun xalq düşmәni olduğunu sübut edә bilmirlәr. Odur ki, әn iyrәnc bir vasitәyә әl atılır. Balabәyin saxlandığı kameraya casus salınır. Bir neçә gün mütәmadi olaraq Stalinin qarasına deyinәn vә onun ünvanına söyüş söyən casusa Balabәy һeç bir reaksiya vermәsә dә, son məqamda dözmәyib sadәcә iki cümlә işlәdir: “Başqa nә gözlәmәk olar axı? O ki, diktatordur”. Elә bu iki cümlәylә dә onun qәtlinә fәrman verilir. Qazaxıstandakı iki illik ağır sürgün һәyatından sonra Balabәy 1937-ci ildә Karakanda vilayәtindә vәһşicәsinә qәtlә yetirilir. Sara xanım xatırladır ki, Xruşşovun dövründə atasının günahsız olduğu elan edilib: “Öldürüldükdən illər sonra onların suçsuz olduqlarını açıqladılar. Sanki insanları ələ salırlar”.

“Səməd Vurğun məni çağırıb soruşdu ki...”

Həyat yoldaşı da həbsdə olan Sara Aşurbəyli təhsil dalınca Leninqrada yollanır, ancaq 3 ay sonra ona Bakıya geri qayıtmaq barədə teleqram göndərilir. Paytaxtda isə onu heç də xoş xəbər gözləmirdi. 1 ildir Akademiyada çalışan Aşurbəyliyə işdən azad olunması barədə sənəd təqdim edilir. Sara xanım çıxış yolunu başqa ixtisasda görür və rəssamlıq üzrə təhsil almağa başlayır. Teatrda rəssam kimi çalışan Sara Aşurbəyli 6 ay sonra işini itirir, gözləmədiyi halda nazirlikdən zəng gəlir, o zaman yeni açılan Xarici Dillər İnstitutuna fransız dili üzrə mütəxəssis tapılmadığı üçün ona müraciət edirlər. Məktəbdə müəllim işləməyinə icazə verilmədiyi halda institutda iş təklifi Sara xanımı təəccübləndirir, onun sualını “Sizi tanıyırıq, atanız və ya həyat yoldaşınızla bağlı məsələ sizə vəzifə verməyimizə mane olmur...” deyə cavablandırırlar. Halbuki vakant yer üçün onu işarə verən şəxs haqqında “Ancaq atası varlı olub və öldürülüb, həyat yoldaşı həbsdədir”, - deyə bəhs edibmiş. Yaşlı anası və bacısına baxmaq məcburiyyətində qalan Sara Aşurbəylinin qarşısında 4 il çalışandan sonra vəzifəsindən azad olunacağı şərti qoyulmuşdu, lakin ehtiyac onu bu şərtlə razılaşmağa məcbur etmişdi. Düz 4 il sonra Sara xanım Aşurbəyliyə sənəd verərək xarici dillər və teatr rəssamlığı üzrə çalışa biləcəyini deyirlər. Sara Aşurbəyli həmin gün ona təhdidlə “Tarixi sahədə çalışma!” deyildiyini də xatırladır: “Əsl sahəm tarix olduğu halda bu istiqamətdə işləməyimə icazə verilmirdi. Durğun bir vaxtda heç kəsə bildirmədən Leninqrada gedib ixtisasım üzrə oxumaq qərarı verdim. 1949-cu ildə “Orta əsrlər Bakı tarixi” adlı dissertasiyanı müdafiə edərək tarix elmləri doktoru dərəcəsini aldım. Əlbəttə, elmi dərəcəni alandan sonra yuxarı dairələr məsələdən hali oldular. Tarix elmləri doktoru olduğum halda yenə də tarix sahəsində işləməyə icazə verilmirdi. Stalinin vəfatından sonra dövlətin siyasəti nisbətən dəyişdi. 1953-cü ildə böyük şair Səməd Vurğun məni çağırıb soruşdu ki, niyə tarix elmləri doktoru olduğun halda 20 ildir xarici dillər üzrə dərs keçirsən. Mən də hökumətin icazəsi olmadığı üçün tarix sahəsində çalışmadığımı söylədim. Məni dərhal Tarix Muzeyinə rəhbər təyin elədi. Nəhayət 1955-ci ildən etibarən tamamilə tarix sahəsində işləməyə başladım”.

Sara xanım xüsusi olaraq vurğulayır ki, əsərlərində Stalin və Mircəfər Bağırov adına rast gəlmək mümkün deyil: “Çünki onlar zalım insanlar idi. Mənim vicdanım onların adlarını anmağa icazə vermir”.

Bütün çətinliklərə sinə gərməyi bacaran Sara xanım һәyat yoldaşı Mövsüm Salamovdan da zərbə alır. 1937-ci ildә sürgünә göndәrilən hәyat yoldaşının geri dönmәsini sәbirsizliklə gözlәyir. Lakin o, 8 illik sürgün һәyatından sonra Saranın һәsrәt dolu gözlәntilәrini özüylə gәtirdiyi başqa bir qadınla qiymәtlәndirir.

Sara Aşurbəyli tarix elmindən təcrid olunduğu dövrlərdə rəssamlığı dərindən öyrənməyə başlayır. Onun mənzərə və natürmortdan ibarət əsərləri müxtəlif ölkələrdə sərgilənib. “Göygöl” adlı tablosu Meksika muzeyində böyük rəğbət görüb.

Casusluqda suçlama

Balabəy Aşurbəyovun həyat yoldaşı İsmət xanım bir neçə qadın xeyriyyə cəmiyyətinin, o cümlədən “Müqəddəs Nina” xeyriyyə cəmiyyətinin üzvü olub. 1904-cü ildə əri Balabəy Aşurbəyovla birgə Bakıya köçəndən sonra Sona xanım Tağıyeva, Liza xanım Muxtarova ilə dostlaşmışdı. İsmət xanım xeyriyyə axşamlarının keçirilməsində Hacı Zeynalabdin Tağıyevə, Sona xanıma böyük köməklik göstərirdi və bu işdə İsmət xanımın hələ lap kiçik olan qızı Sara da iştirak edirdi. Sara xanım Aşurbəyli xatırlayır ki, İsmət xanım özündə Şərq və Qərb xüsusiyyətlərini birləşdirirdi. Fars dili və poeziyasının gözəl bilicisi olaraq o eyni zamanda alman və fransız dillərində sərbəst danışırdı. Ona incə zövq, nəfis davranış qaydaları xas idi. Sara xanımın özü də 6 dil bilirdi. Üç Avropa (ingilis, fransız, alman) və üç Şərq (ərəb, fars, türk) dillərində yazıb-oxuyan Sara xanım məhz bu dilləri bilməsinin üstündə dövlət təhlükəsizlik orqanları tərəfindən həmin dilləri daşıyan ölkələrin xeyrinə casusluqda təqsirləndirildi.

“O, Tanrının şəhərində asan sayıla bilməyəcək mühacirət həyatı yaşadı”

Rusiya Hava Hücumundan Müdafiə Sistemləri Konserninin İdarədənkənar Ekspert Şurasının həmsədri İqor Aşurbəylinin sözlərinə görə, Sara xanım Vətənində heç vaxt hakimiyyətin hüsn rəğbətini hiss etməmişdi: “O, doğma Bakıda, yaxud özünün dediyi kimi, Tanrının şəhərində asan sayıla bilməyəcək olan mühacirət həyatı yaşadı. Nəhayət, 1996-cı il yanvarın 27-də - Sara xanım Aşurbəylinin 90 illiyi günündə yeni Azərbaycanın bütün elitası M.F.Axundov adına Opera və Balet Teatrına yubilyarı təbrik etmək üçün yığışmışdılar. Ağzına qədər dolmuş zalda Azərbaycan Prezidenti Heydər Əliyev yubilyarı şəxsən təbrik edərək, ona Şöhrət ordeni təqdim edir. Sara xanım üçün bu, yəqin onun uzun illər ərzində gözlədiyi, dövlətin və cəmiyyətin ona lap çoxdan layiq olduğu qiyməti verdiyi an idi”.

“Nəbi Xəzri dedi ki, bu kitab Azərbaycanın əsl tarixidir”

Britaniya, Qazaxıstan və Azərbaycan jurnalistlər assosiasiyalarının üzvü, professor Eldar Günaydın Sara Aşurbəyli ilə ilk görüşünü belə xatırlayır: “Yəqin ki, böyük dostluq ilk görüşdən, ani bir təbəssümdən və əlsıxmadan başlanır. Sara xanımla ilk görüşüm 1982-ci ildə Şirvanşahlar Sarayında, onun “Şirvanşahlar Dövləti” adında son dərəcə dəyərli kitabı işıq üzünə çıxdıqdan sonra olmuşdur. O vaxtlar “Şirvanşahlar Sarayı kompleksi” dövlət tarix-memarlıq muzeyqoruğunun rəhbərlərindən biri olaraq, mənə müəllifi öz kitabının ilk təqdimat mərasiminə dəvət etmək şərəfi nəsib olmuşdu. O vaxtlar Xarici Ölkələrlə Respublika Dostluq Cəmiyyətinin sədri Azərbaycan Ali Sovetinin deputatı, Azərbaycanın xalq şairi Nəbi Xəzri idi. İndi Fransanın Azərbaycandakı səfirliyinin yerləşdiyi binada onun yanında olarkən mən ona kitabın təqdimatına dəvətnamə ilə birlikdə “Şirvanşahlar Dövləti” kitabının bir nüsxəsini də bağışladım. Kitabı qayğı ilə götürüb onu vərəqləyərək dedi ki, bu gözəl kitabın işıq üzünə çıxmasından xəbərdardır və mənə nəzər salaraq təbəssümlə söylədi ki, əsl kitabdır və Azərbaycanın əsl tarixidir. Xatırladım ki, o vaxtlar 80-ci illərin astanasında dayanmışdıq və heç də tarixə dair hər kitab senzura idarəsinin (Qlavlit) maneələrini keçib nəşr edilə bilməzdi. Sara xanım Azərbaycanın müstəqil və çiçəklənən bir ölkəyə çevriləcəyinə, Azərbaycan xalqını bəxtəvər görəcəyinə ümidlərini heç vaxt itirmirdi”.

Sara Aşurbəylinin yaradıcılığı bu gün də önəm daşıyır, ötən il Türkiyədə onun “Bakı şəhərinin tarixi” kitabı çap olunub.

“Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və “Kaspi” qəzetinin keçirdiyi müsabiqəyə təqdim etmək üçün”

Nərgiz Cavadzadə


Müəllif: Nərgiz Cavadzadə

Oxşar xəbərlər