6 Mart 2018 17:00
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:55

Martın 6-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində 9 saylı sanatoriya tipli körpələr evi-uşaq bağçası üçün inşa edilən yeni binanın açılışı olub.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva açılışda iştirak edib.

Birinci vitse-prezident Mehriban Əliyeva yeni binanın rəmzi açılışını bildirən lenti kəsib, körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verib ki, bu məktəbəqədər təhsil müəssisəsi 1942-ci ildən 5 qrup ilə fəaliyyət göstərib. Bağça sanatoriya tiplidir və uşaq müəssisəsinə vərəm xəstəliyinin sönük formasında olan uşaqların qəbulu Vərəm Dispanserinin göndərişi əsasında həyata keçirilir. 2014-cü ilin sentyabrında bu məktəbəqədər təhsil müəssisəsinin birmərtəbəli köhnə binası sökülərək yerində yeni binanın inşasına başlanılıb. Artıq ikimərtəbəli yeni binada beşi Azərbaycan, biri rus bölməsi olmaqla 6 qrupdan ibarət, müasir tələblərə cavab verən körpələr evi-uşaq bağçası fəaliyyət göstərəcək. 120 yerlik bağçada 2 yaşdan 6 yaşadək uşaqların təlim-tərbiyəsi ilə 47 nəfərdən ibarət pedaqoji heyət məşğul olacaq. Bağça azyaşlı sakinlərin zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnmələrini təmin edəcək.

Ölkədə uşaq müəssisələrinin yüksək tələblər səviyyəsində qurulması istiqamətində dövlətin gördüyü işlərə Heydər Əliyev Fondu da böyük töhfələr verir. 2014-cü ilin fevral ayında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı zamanı Fondun məktəbəqədər təhsil müəssisələrində mövcud vəziyyətin monitorinqinin nəticələri açıqlanmışdı və ölkədə yeni bağçaların inşasına ehtiyacın olduğu müəyyən edilmişdi. Həmin vaxtdan Fond ölkəmizdəki məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulması, yeni, müasir uşaq müəssisələrinin inşası sahəsindəki fəaliyyətini daha da genişləndirib. Bu bağçada da lazımi şərait yaradılıb, binada videomüşahidə, yanğınxəbərverici sistemlər quraşdırılıb, müəssisə zəruri mebel-inventar və avadanlıqla təchiz edilib. Həyətyanı ərazi abadlaşdırılıb, mindən çox müxtəlif növ həmişəyaşıl ağac əkilib, uşaqların istirahəti üçün əyləncə qurğuları quraşdırılıb.

***

Bakının Nərimanov rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı yenidən qurulan 80 saylı körpələr evi-uşaq bağçasının martın 6-da açılışı olub.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva açılışda iştirak edib.

Birinci vitse-prezident Mehriban Əliyeva 80 saylı körpələr evi-uşaq bağçasında yaradılmış şəraitlə tanış oldu.

Məlumat verildi ki, 1963-cü ildə istifadəyə verilən bağça 115 uşaq yerlik olmaqla 6 qrupla fəaliyyətə başlayıb. Əsaslı yenidənqurmadan sonra burada qrupların sayı 8-ə çatdırılıb və müəssisə 150 yerlik olub. Körpələr evi-uşaq bağçasında Azərbaycan və rus bölmələri ilə yanaşı, pilot layihə kimi ingilisdilli qrup da yaradılıb. Burada yaş yarımdan 6 yaşadək uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün bütün imkanlar var. Yenidənqurmadan əvvəl uşaq bağçasının dörd korpusundan ikisi birmərtəbəli, ikisi isə ikimərtəbəli binalardan ibarət idi. Əsaslı yenidənqurma zamanı birmərtəbəli korpuslarda əlavə ikinci mərtəbələr də inşa edilib. Yeni inşa olunan mərtəbələrdə əlavə iki qrup, musiqi zalı və digər metodiki otaqlar yaradılıb. Bundan əlavə, korpuslararası birmərtəbəli keçid sökülərək ikimərtəbəli keçid inşa edilib. Uşaq bağçası zəruri mebel-inventar və avadanlıqla təchiz edilib. Binada videomüşahidə, yanğınxəbərverici və müasir işıqlandırma sistemləri quraşdırılıb. Həyətyanı ərazidə geniş abadlıq işləri aparılıb, həmişəyaşıl ağaclar əkilib, təbii ot örtüyü salınıb, uşaqların istirahəti üçün kölgəliklər və əyləncə qurğuları quraşdırılıb, balacaların sevimli cizgi filmlərinin qəhrəmanlarının heykəlləri qoyulub. Bir sözlə, müəssisədə balacaların vaxtlarını maraqlı və səmərəli keçirmələri üçün hərtərəfli imkan yaradılıb.

***

Bakının Səbail rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı surətdə yenidən qurulan 157 nömrəli uşaq bağçasının martın 6-da açılışı olub.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva açılışda iştirak edib.

Bayıl yaşayış sahəsində yerləşən uşaq bağçasının ikimərtəbəli binası 100 il əvvəl inşa olunmuşdu. Yüz uşağın tərbiyə aldığı binanın əsaslı təmirə ehtiyacı var idi. Bina sökülərək onun yerində üçmərtəbəli müasir bina tikilib. Burada işlər yüksək keyfiyyətlə və zövqlə yerinə yetirilib. Beləliklə, hazırda uşaq bağçasındakı şərait ən müasir tələblərə uyğunlaşdırılıb. Binanın giriş hissəsi, foye, qrup otaqları və zallar burada tərbiyə alan azyaşlılara uyğun xüsusi dizaynla işlənib. Otaqlar və dəhlizlər uşaqların sevimli nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilib, qrup otaqları zəruri inventarla, mebel dəstləri ilə təchiz edilib.

Ümumi sahəsi təxminən 2 min kvadratmetrə yaxın olan bağçanın binasında 110 uşaq tərbiyə alacaq. Bağçada uşaqların təlim-tərbiyəsi ilə ümumilikdə 25 nəfər məşğul olacaq. Buradakı 5 qrupun hər biri üçün geniş oyun və yataq otaqları və digər zəruri otaqlar, həmçinin musiqi və əyləncə zalları, tibb kabineti, müasir avadanlıqla təchiz olunmuş mətbəx və yeməkxana tikilib. Bir sözlə, bağçada yaradılan şərait uşaqların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmağa imkan verəcək, həmçinin onların bilikli və zəngin dünyagörüşünə malik bir vətəndaş kimi formalaşmasında mühüm rol oynayacaq. Binada müşahidə kameraları, yanğındanmühafizə sistemi quraşdırılıb. Bağçanın yerləşdiyi ərazidə genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, müxtəlif çiçək və gül kolları, ağaclar əkilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər