13 İyun 2018 21:28
1 615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərhum Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin məhkəmə materiallarından bəlli olur ki, onun məhkəmə prosesində daha çox Bakı Dövlət Universitetinin qızları fəal olublar. Bu, qürurvericidir. Ümumiyyətlə, Azərbaycan qadını tarixən də müqəddəs amallara xidmət edib.

Teleqraf.com xəbər verir ki, bunu tarixçi-alim Dilavər Əzimli deyib.

O, qeyd edib ki, Azərbaycanın qəhrəman oğul və qızlarını da qəhrəman qadınlarımız tərbiyə edib:
“Təkcə Mübariz İbrahimov və Fərid Əhmədov nümunəsi buna canlı misaldır. Baxmayaraq ki, bu gün cəmiyyətimizi pozmaq üçün min cür eybəcər layihələr işə salırlar, amma bu millətin müqəddəs anaları yenə də az deyil. Dünyanın heç bir qadını bizimkilərlə müqayisə gələ bilməz. Bunu bir daha Əbülfəz Elçibəyin məhkəmə materiallarını oxuyarkən gördüm. Bu qızlardan birinin - Fatmanın qəhrəmanlığı haqqında yazmışdım. Onu axtarıram. Amma məhkəmə materiallarında bir qəhrəman qızın da adı çəkilir. Bu Kifayət adlı tələbədir. O zaman məhkəmənin ətrafı Əbülfəz Elçibəyin tələbələri ilə əhatə olunurdu. Çoxluq qızların tərəfində olub. Universitet rəhbərliyi onları dərsə aparmaq üçün qovulmaq adı ilə hədələyirdilər. Amma onlara qulaq asan yox idi”.

Dilavər Əzimli qeyd edir ki, həmin dönəmdə BDU-nun Tarix fakültəsinin birinci kursundan beşinci kursuna kimi tələbələr sevimli müəllimlərinin müdafiəsinə qalxmışdılar:

“Bu vaxt Kifayət və dostlarına məhkəmə zalında yer olmadığından yaxınlıqdakı bağda yığışıb dururlar. Onlara iki nəfər yaxınlaşır və soruşurlar ki, bura niyə yığışmışınız? Qızlar cavab verirlər ki, müəllimimizin məhkəməsidir, ona görə gəlmişik. Onlardan biri deyib ki, müəllimimizi cəzadan qurtarmaq üçün pul lazımdır. Bu zaman Kifayət adlı tələbə barmağındakı nişan üzüyünü çıxarıb onlara uzadıb deyir ki, gümanım nişan üzüyünə çatır, buyurun götürün. Bu sonsuz sevginin bariz nümunəsidir.
Burada artıq söz bitir, heç nə demək olmur. Bu tələbə qızın hərəkətini qiymətləndirməyə söz yetmir. Sadəcə, bu qızı da tanıyan varsa, xahiş edirəm kömək etsin”.


Müəllif: Mənsur Rəğbətoğlu