19 İyul 2018 10:54
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Baş idarəsində 2018-ci ilin birinci yarımilliyinin yekunlarına həsr olunan əməliyyat müşavirəsi keçirilib.

Teleqraf.com xəbər verir ki, müşavirədə Xidmətin Baş idarəsinin, eləcə də tabe qurumların rəhbər heyəti və Ədliyyə Nazirliyinin məsul əməkdaşları iştirak ediblər.

Penitensiar Xidmətin rəis müavini, ədliyyə polkovniki Oqtay Məmmədov tədbiri açaraq Xidmətin 2018-ci ilin ilk altı ayı ərzindəki fəaliyyətinin yekunlarına dair hesabat məruzəsi ilə çıxış edib.

O qeyd edib ki, hesabat dövründə cəza-icra fəaliyyətini tənzimləyən qanunvericilikdə nəzərdə tutulmuş müxtəlif sahələr üzrə uzunmüddətli dövlət proqramlarında, Ədliyyə Nazirliyinin Kollegiya qərarlarında öz əksini tapmış tapşırıqların yerinə yetirilməsi nəzarətdə saxlanıb, Baş idarənin, tabe qurumların maddi-texniki bazasının inkişafına, fəaliyyəinin səmərəliliyinin artırılmasına, nizam-intizamın möhkəmləndirilməsinə, nöqsanların aradan qaldırılmasına xüsusi diqqət yetirilib.

Qeyd edilib ki, Prezident İlham Əliyevin sədrliyi ilə 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə qaldırılan məsələlərlə bağlı ədliyyə orqanlarının üzərinə düşən vəzifələrin icrası istiqamətində bir sıra kompleks tədbirlər həyata keçirilib.

11 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin seçkilərinin şəffaf və demokratik şəraitdə keçirilməsi tam təmin edilib, heç bir qanun pozuntusu qeydə alınmayıb.

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci və Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Baş idarəsində və tabe qurumlarda silsilə tədbirlərin, elmi-praktik konfransların təşkil edildiyi vurğulanıb.

Dövlət başçısının təşəbbüsü ilə 20 oktyabr 2017-ci il tarixdə Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı qəbul olunmuş Qanunun icrası 2018-ci ilin ilk altı ayı ərzində də davam etdirilib.

Ölkə Prezidentinin humanist siyasətinin davamı olaraq 2018-ci ilin 24 may tarixində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə imzalanmış növbəti Əfv sərəncamı 634 məhkuma şamil olunub.

Onlardan 607 nəfər azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Əfvin icrası müəssisələrdə məhkumların ailə üzvlərinin və qohumlarının iştirakı ilə mütəşəkkil başa çatdırılıb.

Hesabat dövründə Baş idarədə və tabe qurumlarda təmir-abadlıq işləri davam etdirilmişdir. Bir sıra müəssisələrdə təbii qazla təchizat problemi tamamilə həll edilmiş, işıq, qaz və su sərfiyyatında israfçılığa yol verilməyib.

Müşavirədə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrinin rəhbərlərinin çıxışları dinlənilib.

Əməliyyat müşavirəsinin yekununda əldə olunan müsbət nailiyyətlərlə yanaşı, fəaliyyətdə nöqsan və çatışmazlıqların da mövcud olduğu qeyd edilmiş, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının daha etibarlı təmini, əməliyyat-axtarış və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, rejim və davranış qaydalarına dönmədən riayət olunması, qanunsuz əşyaların ötürülməsi və dövriyyəsinin qarşısının alınması məqsədilə preventiv tədbirlərin həyata keçirilməsinə dair müvafiq tapşırıqlar verilib.

Eyni zamanda nizam-intizamın gücləndirilməsi, islah və tərbiyə işinin səmərəliliyinin artırılması, penitensiar müəssisələrdə istehsalat sahələrinin genişləndirilməsi və kadrlarla işin təkmilləşdirilməsi istiqamətində səylərin artırılmasının, özbaşınalıq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, korrupsiya halları ilə mübarizənin daim diqqət mərkəzində saxlanılmasının vacibliyini vurğulanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər