Əmək bazarında peşə sahiblərinə ehtiyac var, amma təəssüf ki, orta məktəbi bitirənlərin əksəriyyəti ali təhsil arxasınca qaçır.
Bu sözləri Teleqraf com-a təhsil eksperti Kamran Əsədov deyib.
O qeyd edib ki, peşə təhsili müəssisələrinə marağı artırmaq üçün təkcə təhsilverənlərin deyil, həm də işəgötürənlərin marağını artırmaq lazımdır: “Norveçdə dövlət hər hansı quruma tender əsasında sifariş verirsə, öz şərtlərində qeyd edir ki, işçilərin 7-15 faizə qədəri yeni peşə təhsilini bitirmiş şəxslərdən ibarət olmalıdır. Bu şərtə əməl etmirsənsə, bu layihədə iştirak edə bilməzsən.
Cənubi Koreyada isə hər bir fəaliyyətlə məşğul olan müəssisə əldə etdiyi gəlirin müəyyən faizini Peşə Təhsili Fonduna yönəldir.
Bu kimi stimullaşdırıcı mexanizm olanda ixtisaslı işçilərə tələbat ortaya çıxır, tələbat olanda bazarın formalaşmasına şərait yaranır və özəl sektor da bu işdə maraqlı olur. Təəssüflər olsun ki, ali məktəblərə qəbul olmaq bir çoxları üçün həyat yolu, uğurlu gələcəyin açarı sayılır. Halbuki heç də elə deyil. Əslində məktəbi yeni bitirmiş gənclər kiçik araşdırma aparsalar görərlər ki, bir çox hallarda 4-5 illik ali təhsil sadəcə vaxt itkisidir. Onlar ali təhsil almışlardan daha uğurlu karyera qura bilərlər”.
Ekspertin sözlərinə görə, ali təhsil almış şəxslərin hamısı heç də təhsilini başa vurduqdan sonra işlə təmin olunmurlar: “Amma peşə təhsili alanlar hətta təhsil aldıqları dövrdə belə iş tapa bilirlər. Təəssüf ki, bu, məktəbi bitirən gənclərə düzgün izah olunmur və ya onlar bunu çox gec başa düşürlər. Hazırda əmək bazarında ali təhsil alan yüzlərlə işçi var. Amma peşə təhsil alanlar qədər çox qazanc əldə edə bilmir, onlar qədər peşəkar səviyyədə deyillər”.
Kamran Əsədov bildirib ki, gənclər hansı yolla olur-olsun ali təhsil almağa yox, daha çox peşə təhsilinə meylli olmalıdırlar: “Ölkədə fəaliyyət göstərən 100-ə yaxın peşə təhsili müəssisələrinin ixtisaslı kadrları azlıq təşkil edir. Əmək bazarında yeni ixtisaslı kadrlara ehtiyac olur. Ona görə də əmək bazarının dəyişən və artan tələbləri nəzərə alınaraq, bu il 33-ü yeni ixtisas olmaqla, ümumilikdə 168 ixtisas üzrə peşə təhsili mərkəzlərinə tələbə qəbulu həyata keçirilir. Yeni yaranan ixtisaslara istehsalatda və xidmət sektorunda ehtiyac var idi. Hesab edirəm ki, zaman keçdikcə gənclərin peşə təhsilinə marağı artacaq”.