12 Dekabr 2018 09:12
2 526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötüşməkdə olan ilin son ayındayıq, Yeni ilə az qalmış şəhərdə bayram ab-havası hiss olunmağa başlayır. Bu ərəfədə ailələri ən çox düşündürən bayram bazarlığıdır. Əksəriyyət ucuz və yaxın yerdə bazar axtarır.

Artıq metro çıxışlarında yarmarkalar qurulub. Yarmarka çadırlarında Yeni il hədiyyələri, meyvə-tərəvəz və çərəzlər satılır.

Yarmarkaların təşkilində məqsəd küçələrdə pərakəndə satışın qarşısını almaq, əhaliyə bazar qiymətləriylə müqayisədə ucuz məhsullar təklif etməkdir.

Bəs yarmarkalarda qiymətlər necədir? Bunu gedib öyrənməyə çoxunun macalı olmur. Amma biz vaxt ayırıb yarmarkalara baş çəkə bildik... Əvvəlcə Nərimanov metrosu yaxınlığında yerləşən yarmarkaya üz tutduq.

Adətən, səhər saatlarında alıcı az olsa da, gəlib qiymət soruşanlar və alış-veriş edənlər də var.

6-7 ildir yarmarkalarda işlədiyini deyən bir satıcı ilə həmsöhbət oluram. Deyir, Yeni ildə əksər evdə qurulan yolkanın ən ucuzu burdadır: ”Başqa yerdə ən balaca yolkanı 9 manata verirlər, bizdə isə 6 manatdır. Satdığımız yolkalar orijinaldır, ildə bir dəfə Yeni il ərəfəsində topdansatış mərkəzlərindən alıb burda satırıq”.

Orijinal yolka dedikdə nəyi nəzərdə tutduğunu və onu necə seçmək lazım olduğunu soruşanda isə satıcı izah edir: “Gördüyünüz bu yolkanın çubuqları sıralanır, onları çıxarıb üstlərindəki nömrə ilə yerlərinə taxmaq mümkündür. Başqa yolkalarda isə bu çubuqlar çıxmır, ona görə də yolka evə gedənə qədər sınır. Bunları çıxarıb, evdə rahat qurmaq olar.

Bizdə ən baha yolka 2 metr yarım, qiyməti isə 110 manatdır. Halbuki başqaları 130-140 manata satılır”.

Satıcının sözlərinə görə, bazarın şıdırğı vaxtı günortadan sonra başlanır: “Çünki insanların çoxu işləyir, günorta, axşamüstü işdən çıxıb gəlirlər. Adətən, səhər gələnlər nəsə almır, sadəcə baxır, sonra gəlib alırlar”.

Yarmarkalar hər il yanvarın 3-nə qədər işləsə də, ən yaxşı satış dekabrın 31-nə qədər olur. Yanvarın 1-2-si kim istəsə işləyir, bu ərəfədə adətən bir-birinə qonaq gedənlər hədiyyə alıb aparmaq üçün yarmarkaya baş çəkirlər.

Yarmarkaya gələn bir qadın hər il Yeni il alış-verişini yarmarkalardan etdiyini deyir: “Bu yaxınlarda Sədərək bazarında 68 manata gördüyüm yolka burda 22 manatadır, bəzəklərin də qiyməti oradan ucuzdur”.

Satıcı İlyas Əhmədovdan keçən illə müqayisədə qiymətlərdə artım olub-olmadığını soruşanda deyir ki, keçən ilə baxanda qiymətdə az da olsa artım var: “Böyük yolkalarda 5-10 manat, balacalarda isə bir manat fərq edir”.

Burda 1,80 metr hündürlükdə yolkanın qiyməti 65-70 manatadır. Satıcıların dediyinə görə, insanların 90 faizi balaca yolka alır.

Satıcılar hələ ki alıcıların az olduğunu, amma ayın axırına qədər alıcı sayının artacağını deyirlər.

Yarmarkalardakı yolka bəzəklərinin, oyuncaqlarının müxtəlif çeşidləri və qiymətləri var. İçində 26 əşya olan 15 manata da oyuncaq var, 2-3 manata da...

Burda həm uşaqlar, həm də böyüklər üçün Şaxta baba geyimləri satılır.

Yeni il papaqları həm çeşidlidir, həm də müxtəlif qiymətə, yəni bir manata və ya 2-3 manata... Satıcılar deyir ki, hər bir maldan ən azı 2-3 çeşid olur ki, onlar hamının zövqünə və cibinə uyğun gəlsin.

Yarmarkaya daha çox kişi, yoxasa qadın alıcıların gəldiyini soruşanda satıcı İlyas Əhmədov deyir ki, alış-veriş edənlər adətən qadınlardır, çünki yarmarkada Yeni ilə aid hər şey var. Gülə-gülə əlavə edir: “Amma kişilər qadınlarla gəlməsinlər, onları yorurlar, qadınlar daha seçici olur. Biz onların hər sualına cavab veririk, sadəcə mallar tez-tez dəyişdiyinə görə üstündə qiymət olmur, bütün çeşidlərin qiymətini soruşurlar”.

Təbii ki, yarmarkadakı qiymətlərdən narazı qalanlar da var. Özünün yaxında yaşadığını və bunun üçün də adətən bu yarmarkadan alış veriş etdiyini deyən bir xanım əlavə edir ki, bəzi marketlərdə papaqların qiyməti bir manatdır: “Burda eyni papaqlar 1 manat 50 qəpik, 2 manatdır. Uşaq da papağı bir gün qoyur, ona iki manat pul verməyə dəyməz”.

Şəmsiyyə xala isə əksinə, marketlərdə çərəzlər baha olur, burda ucuzdur deyir: “Adətən bütün marketləri, bazarları gəzirəm, harda qiymət münasibdir ordan alıram. Yarmarkalardan ən çox yolka, zər alıram”.

Satışdan narazı olan satıcıların əksinə, yarmarkada müştəriləri həvəslə yola salan satıcı Naib İsmayılov deyir ki, yolka və onun oyuncaqlarına tələbat daha böyükdür. Gün ərzində alıcılar da çox gəlir: “Satıcı müştəri ilə gərək yaxşı maraqlansın ki, alveri də getsin. Biz yaxşı danışırıq, alver də yaxşı gedir. Qiymətlər isə keçən illə az qala eynidir, elə mal var ki, qiyməti yuxarıdır, eləsi də var aşağıdır, yəni qiymətlər tarazlanır”.

Uşaqların ən çox sevdiyi və Yeni il ərəfəsində bayramlıq üçün aparılan hədiyyəliklər gözümə dəymir. Həmsöhbətim deyir ki, hələ hədiyyəliklər gəlməyib: “Hansısa firmadan içində yeməli şeylər olan hədiyyəlik götürürük, birdən köhnə çıxar, uşaq zəhərlənə bilər deyə satmağa icazə vermirik. Boş qutuları satırıq, lazım olanda insanlar alıb özləri doldurur, ya da mən içini özüm doldurub verirəm. Müştəri hədiyyəlik istəyəndə ona məsləhət görmürəm, çünki alıb zəhərlənər, təqsirkar biz olarıq. Bizdə zəhərlənmə halları olmayıb, amma eşitmişik, Yeni il günündə niyə kimsə pulunu dava- dərmana verməlidir ki...”

Nərimanov metrosundan ayrılıb, Azadlıq metrosunun üstündə təşkil olunan yarmarkalara üz tuturam. Burda yolka və bəzəklə yanaşı, qoz-fındıq, çərəzlər də satılır.

Satıcı Qismət Hüseynov deyir ki, keçən illə müqayisədə qiymətlərdə fərq yoxdur, əksinə ucuzlaşma var: “Qoz 5 manat, şabalıd 7 manat, Qazax, Tovuz fındığı 6 manatadır. Burda ləpə var ki, Novruz bayramında 20 manata idi, indi 17 manatdır. 10-13-15 manata da ləpə var. İndi gələn azdır, ən çox insanlar bayrama bir-iki gün qalmış gəlirlər”.

Yarmarkaya gələn alıcıların bəziləri sadəcə baxır, heç nə alamdan gedir. Aralarındakı söhbət də diqqətimi cəlb edir: ”İndi bahadır, yəqin ayın axırına ucuzlaşacaq, gedək o vaxt gələrik”. Amma yəqin ki, elə olmayacaq, bayram yaxınlaşdıqca qiymət də qalxacaq.

Digər yarmarka satıcısı deyir ki, başqa yerdə 140-150 manata olan 2,10 metrlik yolka burda 80 manatdır. Yolka da var 7 manatdır, ağ yolka isə 35 manata satılır.

Satıcı deyir, qız-fındıq baha deyil, 5-6 manata qoz, 7 manata şabalıd var. Hamısı yerli məhsullardır. 18 manata olan qoz diqqətimi cəlb edir. Deyir, Ordubad məhsuludur: “18 manata olan qoz bütöv ağ ləpədir və süfrə üçündür. Qalan ləpələr 15-16 manatadır, Zaqataladan gətirilib”.

Qiymətlərin onu qane etdiyini, gündəlik və Yeni il üçün burdan qoz-fındıq aldığını deyən bir qadının qoz seçməkdə çətinlik çəkdiyi də hiss olunur: “İndi qoz almaq istəyirdim, 5-6 manatlıq qoz arasında qalmışdım. Baha məhsulun keyfiyyətli olduğunu düşünürük, amma yedim gördüm 6 manatlıq qozda acılıq var, əksinə ucuz olan daha dadlıdır”.

Bu, doğrudan da təəccüblüdür, satıcı deyir, qozu kükürdə salaraq rəngini saraldırlar ki, süfrədə gözəl görünsün, ona görə eyni məhsul bir-birindən baha olur, amma kükürdə salındığı üçün də acı olur.

Deməli, bazarlıq edəndə görünüşə aldanmaq olmaz...

Fındıq almaq istəyən bir xanımın seçim üsulu isə daha maraqlıdır. O, fındıqları silkələyərək səslərinə qulaq asır, dediyinə görə, belə edəndə fındığın dolu və ya boş olduğunu seçmək olur: “Əgər səs çıxarırsa, deməli, içi boş və yağsızdır. Belə seçə bilməyəndə dadına baxıram, yağlı fındıq daha dadlı olur”.

Qeyd edək ki, bayram yarmarkaları əsasən şəhərdə metrostansiyalarının qarşısında quraşdırılıb. Hazırda Nəsimi rayonu ərazisində 6, Nərimanov rayonunda 5, Yasamal rayonunda 3, Binəqədi rayonunda 2, Nizami rayonunda 6, Xətai rayonunda 1 yerdə olmaqla ümumilikdə 12 ərazidə 23 bayram yarmarkası üçün çadırlar quraşdırılıb.

Bayram yarmarkaları 2019-cu ilin yanvarın 3-dək davam edəcək.

Qiymətlər və çeşidlər fərlidir, razı olan da var, olmayan da. Əlbəttə, seçim sizindir. Seçim varsa, imkan da olacaq. Təki süfrələriniz bayram üçün bəzənsin....


Müəllif: Foto: Səfiyar Məcnun, Aytən Yusifova

Oxşar xəbərlər