22 Fevral 2019 12:21
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Sumqayıtda baş verən avtobus qəzası ilə bağlı rəsmi açıqlama yayılıb.

DİN-in Baş DYP İdarəsinin şöbə rəisi Rüfət Quliyev Trend-ə bildirib ki, 21 fevral 2019-cu il tarixdə, saat 17:00 radələrində Sumqayıt şəhəri, Məşədi Əzizbəyov və Nizami küçələrin kəsişməsində “Toyota Prado” markalı, 10-BN-023 dövlət qeydiyyat nişanlı avtomobil 30 saylı marşrut xətti üzrə hərəkətdə olan “AKİA” markalı, 50-AE-676 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub və nəticəsində avtobus yoldan çıxaraq yaşayış binasının divarına dəyib.

Sumqayıt şəhər Təcili Tibbi Yardım Xidmətindən verilən məlumata əsasən, xəstəxanaya aparılmış 31 nəfər sərnişindən 13-də xəsarət olmadığı üçün onlar evə buraxılıb, 6 nəfər reanimasiyaya yerləşdirilib, 12 nəfəri isə stasionara qəbul olunub.

Bu gün reanimasiya şöbəsində olan xəstələr artıq palatalara köçürülmüş, palatada müalicə alan 12 nəfərdən 11-nin isə gün ərzində evə buraxılacaqları gözlənilir.

Sumqayıtda marşrut avtobusunun minik avtomobili ilə toqquşması ilə bağlı cinayət işi başlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsilə cinayət işi açılıb.


Müəllif: Teleqraf.com