Azərbaycan Prezidenti İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı verdiyi fərman, şəhid ailələrinə göstərdiyi xüsusi ehtiramı, minimum əmək haqlarının artırılması barədə qərarı, tələbə təqaüdlərinin, pensiyaların qaldırılması, Şamaxıda zəlzələdən sonra sakinlərlə görüşü və atılan digər addımları yüksək qiymətləndirilir. Cənab prezident birinci xanım Mehriban Əliyeva ilə birlikdə mədəniyyət və incəsənət xadimləri ilə görüşdə çıxışları dinlədi, ziyalılarımız hansı sualı ünvanlayırdısa, hörmət və izzətlə cavablandırırdı. Bir sözlə, dövlət başçısı mədəni inkişaf məsələlərini ziyalılarla müzakirə etdi.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Xalq artisti Arif Babayev deyib.
Arif Babayev musiqiyə, muğama yüksək diqqət göstərildiyini söyləyib: “Ağdamda möhtəşəm Muğam Mərkəzi açıldı, ölkə başçısı da şəxsən gəlib açılışda iştirak etmişdi. Evdə bir də görürsən, ailənin işində çatışmazlıq var, olmurmu? Əlbəttə, olur. Hansı çatışmazlıqlar varsa, ölkə başçısı çalışır onu dərhal həll etsin”.
Arif Babayeva səhhəti ilə bağlı yaranan problemin ölkə rəhbərliyi səviyyəsində isti yanaşıldığını xatırladıb: “Mehriban xanımın müdaxiləsi ilə onurğa sütunumdan 8 saata qədər əməliyyat olundum. Xüsusi həkim dəvət olundu, indi şükür, ayağa durmuşam, yeriyirəm, vəziyyətim daha pis ola bilərdi”.
Xanəndə prezidentin mədəniyyət və incəsənət xadimləri ilə görüşündə çıxış etdiyini və muğama olan qayğıdan danışdığını vurğulayıb: “Qeyd elədim ki, uşaqlarımız indi formalaşmasa, gələcəkdə xanəndə ola bilməz. Yaxın günlərdə muğam müsabiqəsi başlayacaq. Bu müsabiqəyə maraq çox yüksəkdir, İrandan Turandan, dünyanın hər yerində zəng edib maraqlanırlar.
Soruşurlar ki, proses necə qurulub. Cavabında deyirəm ki, I vitse-prezidentimiz Mehriban xanım Əliyevanın layihəsidir. Çox bəyənirlər.
Çıxışımda uşaqların musiqi məktəbində təhsil almasından danışdım. Uşaqlar musiqi məktəbində not öyrənməlidir, məsələn, tutalım İtaliyaya göndərdik, notu bilsə, orkestrlə birgə oxuya bilər. Bu, yüksək mədəniyyətdir. Biz notu öyrənmədik, bilmədik, bizə deyən olmadı. Dedilər, amma başdansovdu yanaşdıq.
Xanəndə olanda nə olar, notu bilmək lazımdır. Zamanın tələbi ilə ayaqlaşmaq lazımdır. İstedadlı gənclərimiz var, onları düzgün yönəltmək lazımdır”.