4 Mart 2019 20:09
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik, Moskva dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva Rusiya Təhsil Akademiyasının (RTA) akademiki (xarici üzvü) seçilib.

Teleqraf.com-un xəbərinə görə, bu barədə müvafiq qərar M.Y.Lomonosov adına MDU-nun rektoru, akademik V.A.Sadovniçinin təqdimatı ilə fevralın 27-də Rusiya Təhsil Akademiyasının Ümumi Yığıncağının iclasında qəbul edilib.

İclasda 200-ə yaxın rusiyalı və xarici alim, Akademiya üzvləri, Rusiya Prezident Administrasiyası, RF hökuməti, federal nazirliklər və qurumlar, eləcə də RF Dövlət Dumasının nümayəndələri, Rusiya Təhsil Akademiyasının Qəyyumlar Şurasının üzvləri və görkəmli dövlət xadimləri iştirak ediblər.

İclasda əsas müzakirə mövzusu Rusiya Təhsil Akademiyasının “Təhsil”, “Elm”, həmçinin RTA-nın perspektiv inkişaf planı və gələcək genişmiqyaslı layihələri olub.

İclasın ikinci hissəsində Akademiyaya yeni üzvlərin və onun idarəetmə orqanlarının nümayəndələrinin seçkiləri keçirilib.

Qeyd edilir ki, RTA-da seçki prosedurası tam şəffaf təşkil olunub. Seçkilər gizli səsvermə yolu ilə, səslərin hesablanması üçün RF Mərkəzi Seçki Komissiyası tərəfindən keçirilən ümumrusiya seçkilərində istifadə edilən qaydalara analoji olan elektron vasitələr (KOİB) tətbiq edilməklə seçilib. Yığıncağa qatılan Akademiya üzvlərinin hamısı səsvermədə iştirak edib.

Professor Nərgiz Paşayeva ilə yanaşı, Li-Yanki Xannelora (Almaniya Federativ Respublikası və İsveçrə Konfederasiyasının vətəndaşı) və Fransisko Pons (İspaniya Krallığı və İsveçrə Konfederasiyasının vətəndaşı) da RTA-nın xarici üzvləri seçiliblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər