Tanınmış pianoçu, hazırda Köln Ali Musiqi Məktəbində dosent vəzifəsində çalışan, eyni zamanda Avstiyanın Zalsburq şəhərində yerləşən Motsarteum Universitetində doktorantura pilləsində təhsil alan Toğrul Hüseynli martın 14-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında solo konsert verəcək.
Bu barədə Teleqraf.com-a T.Hüseynli özü məlumat verib.
O bildirib ki, konsertdə dahi bəstəkarlar Lüdviq van Bethovenin, Frans Şubertin və Sergey Prokofyevin dünya klassik musiqisinin inciləri sayılan və indiyədək Azərbaycan auditoriyası üçün çalınmayan əsərləri səsləndiriləcək.
T.Hüseynli hər kəsi solo konsertdə iştirak etməyə dəvət edib və bildirib ki, hər il olduğu kimi bu il də klassik musiqi həvəskarlarını əvəzolunmaz bir musiqi axşamı gözləyir.
Qeyd edək ki, biletlər şəhərin kassalarında, o cümlədən elektron i-ticket platformasında satışdadır. Konsert saat 19:00-da başlayacaq.