Bakı Gənclər Mərkəzində Respublika Günü Münasibəti ilə Gənclər Məclisi keçirilib.
Teleqraf.com xəbər verir ki, Gənclər Fondu və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən layihə dövlətçilik dəyərlərimizin əhəmiyyətinin vurğulanması, bu dəyərləri yaşadacaq və daha da irəli aparacaq gəncliyin yetişdirilməsi prosesinə dəstək məqsədi daşıyıb.
Gənclər Məclisində iştirak üçün 100-ə qədər müraciətçi arasından seçilən 28 gənc üç gün ərzində mövzu ilə bağlı keçirilən mühazirə, İstiqlaliyyət Bəyannaməsinin müzakirəsinə hazırlıq və müzakirənin təşkili prosesində iştirak edib.
Mayın 24-də keçirilən layihənin açılış günündə Gənclər Fondunun Gənclərlə İş Şöbəsinin müdiri Orxan Ərəbov, Bakı Gənclər Mərkəzinin direktoru Rəvanə Həşimova və Çapar dərgisinin təsisçisi Yusif Nəsibov çıxış edərək layihənin əhəmiyyətinə toxunub və iştirakçılara uğurlar arzulayıb. Daha sonra tədqiqatçı-alim Firdovsiyyə Əhmədova iştirakçılara mövzu ilə bağlı geniş məlumat verib. Nəticədə iştirakçılarda müzakirəyə hazırlıq üçün Birinci dünya müharibəsinin sonlarında yaranmış geosiyasi vəziyyət, Cənubi Qafqazda baş verən proseslər, Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi və İstiqlaliyyət Bəyannaməsinin əhəmiyyəti haqqında əsaslı düşüncələr formalaşıb.
Mayın 25-də keçirilən layihənin ikinci günündə iştirakçılar İstiqlaliyyət Bəyannaməsinin müzakirəsinə hazırlaşıb. Komanda işi formatında təşkil olunan müzakirəyə hazırlıq günündə əvvəlcə mentorlarla tanışlıq həyata keçirilib, daha sonra isə geniş müzakirə aparılıb. Komandalar birgə keçiriləcək müzakirədə onları təmsil edəcək sözçüləri seçib.
Mayın 27-də layihənin bağlanış günündə isə gənclər formalaşdırmış olduğu biliklər əsasında İstiqlaliyyət Bəyannaməsinin geniş müzakirəsini həyata keçirib. Müzakirə çərçivəsində Bəyannamənin maddələri və onları formalaşdıran səbəblər haqqında ətraflı danışılıb, eləcə də maddələrə dövrün şərtlərini nəzərə alaraq müasir baxış və şərhlər verilib. Komandaların ortaq rəylərini müzakirəyə çıxaran sözçülər sonda ortaq məxrəcə gələrək 101 il öncə həyata keçirilən və İstiqlaliyyətimizin əldə edilməsi ilə nəticələnən prosesə yeni ruh qazandırıb. Daha sonra iştirakçılar birgə müzakirənin nəticələri əsasında İstiqlaliyyət Bəyannaməsinin simvolik mətninin imzalayıb.
Bağlanış mərasimi dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra üç gün ərzində edilənlərə qısa nəzər salınıb və tədbirdə iştirak edən qonaqlara ətraflı məlumat verilib. Layihə ilə bağlı öz təəssüratlarını bölüşmələri üçün Gənclər Fondunun Gənclərlə İş Şöbəsinin müdiri Orxan Ərəbov, Bakı Gənclər Mərkəzinin direktoru Rəvanə Həşimova və Çapar dərgisinin təsisçisi Yusif Nəsibov çıxış edib. Daha sonra onlar tərəfindən üç gün ərzində layihədə iştirak edən gənclər və komanda mentorları Çapar Yayınlarının nəşrləri və sertifikatlarla mükafatlandırılıb.
28 May Respublika Günü Münasibəti ilə keçirilən Gənclər Məclisi layihənin qonaqları və iştirakçıların xatirə şəklinin çəkilməsi ilə başa çatıb.