Təhsil Nazirliyi dərslik hazırlığı sahəsində əlavə səlahiyyətlər almaq üçün Nazirlər Kabinetinə müraciət edib. Təhsil Nazirliyinin Tədris resursları şöbəsinin müdir müavini Əsgər Quliyev APA-ya açıqlamasında deyib ki, bu gün nazirlik dərslik müəlliflərinin seçimində səlahiyyətli deyil.
Hazırda dərsliklərin yazılmasının müsabiqə yolu ilə həyata keçirildiyini xatırladan Ə. Quliyev bildirib ki, bəzən dərslik yazılması işinə yaxın gələn olmur: “Bu mənada nazirlik hesab edir ki, ehtiyat vasitə kimi gələcəkdə nazirliyə belə bir səlahiyyət verilsin ki, strateji dərslik varsa, o dərsliyi əvvəlcədən sifariş versin. Sabah müsabiqəyə, tender komissiyasına heç bir iş təqdim olunmasa, həmin ehtiyat dərslikdən variant kimi istifadə edilsin. Bu istiqamətdə işlər gedir. Məsələn, Türkiyədə dərsliklərin bir hissəsi dövlətin sifarişi ilə yazılır. Onlar dövlət dərslikləri kimi qeyd olunur. Digər dərsliklər isə özəl şirkətlər tərəfindən müsabiqə yolu ilə yazılır. Hər ikisi dövlətin hazırladığı standart və alt-standartlar əsasında yazılır”.
Ə. Quliyevin fikrincə, nazirliyə səlahiyyət verilməlidir ki, müəyyən strateji dərslikləri özü sifariş verib yazdıra bilsin. Çünki indiki halda dərsliyi sifariş verib kiməsə yazdırmaq mümkün deyil, qanunvericilik buna imkan vermir: “Müəllif seçiminə nazirliyin səlahiyyəti yoxdur. Nazirlik yalnız elanı verir, nəşriyyatlar özü elanı tapır, müəllifin adı gizli saxlanılır. Əgər o qalib elan olunursa, ondan sonra nəşriyyat tərəfindən həmin müəllifin adı açıqlanır”.