19 İyun 2019 18:56
2 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Milli Məclisin deputatı, sabiq dövlət müşaviri Rasim Musabəyovla müsahibəni təqdim edir:

- Rasim müəllim, sabah Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vaşinqtonda ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun vasitəçiliyi ilə müzakirələr aparacaq. Bu görüşdən gözləntiləriniz nədir?

- Əslində bu vasitəçiliyi müsbət qiymətləndirirəm. Yada salaq ki, hələ rəhmətlik Heydər Əliyevin iştirakı ilə Ki- Uestdə baş tutan danışıqlardan sonra Vaşinqton danışıqların moderatorluğunu üzərinə götürmürdü. Düzdür, Amerika diplomatı Metyu Brayza fəallıq göstərirdi və bunun da əhəmiyyəti, təsiri olurdu, amma bu səylər ondan yüksək səviyyəyə qalxmırdı. Bu baxımdan ABŞ-ın hazırkı təşəbbüsü əhəmiyyətlidir. Həm də düşünürəm ki, bu, İran ətrafında vəziyyət fonunda Cənubi Qafqazda hərbi münaqişənin alovlanmaması istəyindən doğur. Bunun da əsas təminatı ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair irəliləyiş ola bilər. İndi Boltonun bu təşəbbüslə çıxış etməsi müsbət olsa da, düşünürəm ki, böyük ümidlər üçün əsas yoxdur. Ən yaxşı halda mahiyyət üzrə danışıqlardan boyun qaçıran ermənilərə Amerika bir az ağıl verməlidir. Ən böyük nəticə odur ki, masa arxasında real sənəd var. Paşinyan nə bu sənədin qəbul edilməsi məsuliyyətini üzərinə götürür, nə də onu rədd edilməsini. Belə bir vəziyyət isə uzun müddət davam edə bilməz.

- Hansı səbəblərdən Paşinyan qeyri-müəyyən mövqe tutur?

- Hər bir qərarın fəsadları var. Paşinyan qəbul edəcəyi qərarların arxasında durub-dura bilməyəcəyini müəyyən edə bilmir. Bu səbəbdən də oyun oynayır.

- ABŞ Administrasiyasının Dağlıq Qarabağ münaqişəsinə dair konkret siyasəti, yanaşması varmı?

- Konkret olaraq bu gün münaqişənin tam şəkildə həllini gözləmək çətindir. Nə Azərbaycan Qarabağı dəhlizlə birlikdə ermənilərə bağışlamaq niyyətindədir, nə də ermənilərin Dağlıq Qarabağın yüksək muxtariyyət statusu ilə Azərbaycanın tərkibində qalmasına razılıq verməyə hünəri yoxdur. Belə olan təqdirdə əsas məsələ müharibə ehtimalını gündəmdən çıxarmaqdır. Bu da tələb edir ki, ermənilər ilk addım kimi işğal edilən beş rayondan çıxsın. Con Bolton Ermənistana səfəri zamanı bunu onlara anlatmağa çalışıb.

- Belə fikirlər var ki, Con Bolton Cənubi Qafqaza səfər edərkən, Azərbaycan və Ermənistan tərəfinə müəyyən təkliflərini çatdırıb. Bu nə dərəcədə realdır?

- Əslində bu təkliflərin hamısı Madrid prinsiplərinin içərisində var. Başqa sözlə, heç kəs yeni nəsə kəşf etmir. Ancaq o da var ki, ermənilər gedib zarıyırlar ki, biz demokratik inqilab etmişik, korrupsiyaya qarşı mübarizə aparırıq, ciddi işlər görürük və bizə pul verin. Amma ermənilərə pul verən yoxdur. Avropa Birliyi tərəfdaşlıq sazişi əsasında Ermənistana 4 ilə 160 milyon avro ayırmışdı, sonradan əlavə olaraq 25 milyon ayırdı. Nəzərə alsaq ki, bu maliyyə dəstəyi bir neçə ilə hesablanıb, deməli bu, heç nədir. ABŞ-ın isə gələn il üçün əlavə 40 milyon avro dollar ayırıb-ayırmayacağı büdcə təsdiq ediləndə bəlli olacaq. Ermənilərin vəziyyəti isə olduqca çətindir. Təsəvvür edin ki, 2020-ci ildə Ermənistan aldığı kreditlərdən 800 milyon dollarını qaytarmalıdır. Haradan qaytaracaq? Yeni kredit və ianələr almaqla əvvəlki kreditləri qaytarmaq mümkündür. Bu mənada ermənilərin vəziyyəti kifayət qədər çətindir. Üstəlik, ruslar da onlara pul verəsi deyil. Ruslar ən yaxşı halda deyəcək ki, pul ayıraq, gəlin bizdən nəsə alın.

- Ancaq Vaşinqton danışıqları ərəfəsində cəbhə xəttində gərginlik artır, hər iki tərəfdən itkilər qeydə alınır. Siz bu durumu necə şərh edirsiniz?

- Bu əslində göstərir ki, danışıqlar pozulduğu halda müharibə olacaq. Mən demirəm ki, danışıqlar pozulan kimi müharibə alovlanacaq, amma təmas xəttində gərginlik sürətlə artacaq. Bu vəziyyətdə ermənilər zarıyıb deyə bilməyəcək ki, Azərbaycan üzərimizə gəlir. Çünki Ermənistan hakimiyyəti real danışıqlardan faktiki boyun qaçırır.

- Təmas xəttində erməni təxribatlarında məqsəd nədir?

- Ermənistanda da daxili qarşıdurma var. Həm də oradan yanaşma var ki, indiki halda müharibə sülhdən məqbuldur. Yəni sülh danışıqları davam edərsə, 5 rayondan çıxmalıdırlar. Amma müharibə olsa, onsuz da uzun müddət olmayacaq. Ermənistan qısa müddətli müharibə aparmaq imkanındadır. Düşünürlər ki, müharibə alovlansa və Azərbaycan uğursuzluğa düçar olsa, Bakıda vəziyyət qarışacaq və bundan faydalana bilərlər. Ermənistan özü uduzduğu təqdirdə isə düşünür ki, 2-3 rayondan çıxdıq, əvəzində Azərbaycan böyük itkilərlə irəlilədi. Ancaq sonda böyük dövlətləri, dayıları müdaxilə edib müharibəni donduracaq, onlar üçün əlavə qüvvələr göndərəcək. Bunlar həmin qüvvələrin arxasında əldə saxladıqları Azərbaycan torpaqlarını daha etibarlı formada müdafiə edə biləcəklər. Nəinki sülh nəticəsində geriyə çəkiləcəkləri beş rayonu.

- Siz dediyiniz ssenari olsa, Bakıdan daha çox Yerevanda şok effekt yaratmazmı?

- Paşinyan indidən buna zəmin hazırlayır. Açıq deyir ki, Qarabağ erməniləri bunu qəsdlə edirlər ki, mənim hökumətimi devirsinlər. Yəni bunun günahını Qarabağ ermənilərinin üzərinə atmaqda daxildə özü üçün sərbəstlik əldə edəcək.

- Siz yaxın dövr üçün vəziyyətin gərgin olacağını proqnozlaşdırırsız?

- ABŞ-da baş tutacaq görüşün yeganə nəticəsi o ola bilər ki, , bu müzakirələrin arxasında birinci şəxslərin də görüşünün nəzərdə tutulduğu bəyan edilsin.

- Bəli, belə məlumatlar var ki, xarici işlər nazirlərindən sonra hər iki ölkənin lideri də ABŞ-da görüşə bilər. Ancaq bu rəsmi informasiya deyil. Siz, belə bir görüşün baş tutacağını real hesab edirsiniz?

- Bu, o halda mümkündür ki, xarici işlər nazirlərinin danışıqlarında irəliləyiş olsun. O zaman birinci şəxslər görüşə bilər və bu, danışıqlarda irəliləyiş üçün əsas yaradar. Xarici işlər nazirlərinin danışıqlarında irəliləyiş olmadığı təqdirdə, danışıqları pozan tərəfin Ermənistan olmasına şübhə qalmır. Bu halda müəyyən mənada Azərbaycanın əl-qolu açılmış olur.


Müəllif: Cavad

Oxşar xəbərlər