29 İyun 2019 22:59
1 519
12 Punto 14 Punto 16 Punto 18 Punto

Üç aydan çoxdur ki, türkologiya elmi “Dədə Qorqud” dastanının üçüncü əlyazmasının tapılmasını müzakirə edir. Artıq Türkiyədə iki nəşriyyat üçüncü əlyazmanı çap edib, mətnini həm orijinal, həm də indiki türkcə ilə oxuculara təqdim edib. Hadisə o qədər sürətli cərəyan etdi ki, xəbərin dərc edilməsi ilə iki kitabın ard-arda çap olunması arasında cəmi iki aylıq müddət oldu. Kitabların iki aya hazırlanması alimlər arasında rəqabəti göstərsə də, görünür, növbəti nəşrlərdə daha təkmil variantlar çap olunacaq.

Hazırda əlimizdə həmin iki kitabdan biri – “Ötükən” nəşriyyatının çap etdiyi, professor Mətin Ekicinin hazırladığı kitab var. Kitab oxuculara bu adla təqdim olunub: “Dede Korkut Kitabı. Türkistan/Türkmen Sahra Nüshası. Soylamalar ve 13.Boy. Salur Kazanın Yedi Başlı Ejderhayı Öldürmesi”.

Nüsxə necə ortaya çıxdı?

Professor Ekici kitabın ön sözündə ona gəlib çatan nüsxə haqqında belə yazır:

“2019-cu ilin mart ayında bir konfransa qatılmaq üçün getdiyimiz Qazaxıstanın Manqışlaq əyalətinin Akdağ şəhərində İranın Türkmən Səhra bölgəsindəki Kümbət-i Kavus şəhərindən eyni toplantı üçün gələn Mohammad Ghojoghi və Muhammed Veli hoca ilə tanış olduq... Türk dünyasının müxtəlif problemlərini danışdığımız əsnada Veli Muhammed hoca özünün hazırladığı qapağa ərəb hərfləri ilə “Dədə Qorqud” yazılmış bir fotosurət mətnini göstərib bunun evindəki bir əlyazmanın bəzi səhifələrinin fotosurəti olduğunu söylədi. Tam şəkildə nə olduğunu soruşduğum zaman bunun “Dədə Qorqud”un fərqli bir mətni olduğunu, maraqlanıb-maraqlanmayacağımı soruşdu. Belə bir mətni görmək məni olduqca həyəcanlandırmışdı, amma mətnin içini görmədiyim üçün başqa şərh vermədim; ancaq “Dədə Qorqud” haqqında yazılmış hər əsərlə mütləq maraqlandığımı söylədim və bir nüsxəsini istədim... Qazaxıstandan qayıtdıqdan bir neçə gün sonra e-mail ünvanıma Veli Muhammed hoca tərəfindən göndərilən bir mesaj gəldi... Göndərilən dosyada sonradan hazırlanmış bir qapaq ilə 61 səhifəlik mətn vardı”.

Mətni əldə edən professor Ekici əlyazmanın sahibindən bu nüsxənin tarixi haqqında bilgi öyrənə bilməyib. Nüsxə sahibi bunun indiki halda uyğun olmayacağını söyləyib.

Türküstan nüsxəsi 31 vərəqdən ibarətdir, nəstəliq xətti ilə yazılıb. Hər səhifədə ümumilikdə 14 sətirlik yazı var. İlk səhifədən 48-ci səhifəyədək fərqli mövzularda yazılmış 23 soylama mövcuddur. 48-ci səhifənin 7-ci sətrindən etibarən “Salur Qazanın yeddi başlı əjdahanı öldürməsi” kimi adlandırılan mətn hissəsi gəlir. Mətnin son qismində isə “Hacılıya Allah rəhmət eləsin” şəklində bir dua var. Bu ifadə mətnin Hacılı adlı birinə ithaf edildiyini göstərir.

Professor Ekici mətnin dili haqqında belə yazır: “... Nüsxədə istifadə edilən dil günümüzün türkcəsinə olduqca yaxındır. Oğuz türkcəsi qrupuna aid olan bu əlyazma mətn türkmən türkcəsi ilə Azərbaycan türkcəsinin xüsusiyyətlərini özündə geniş şəkildə daşıyır... Yazılma tarixi ilə bağlı nüsxədə hər hansı bir qeyd yoxdur”.

Dastanda Oğuz bəylərinin adları çəkilir. Bayındır padşah, Qazan bəy, Qaragünə, Qarabudaq, Xan Əfşar, Yegənək, Bügdüz Əmən və s.

Eləcə də digər boylardakı kimi İslam dininin müqəddəs şəxslərinin adları da xatırlanır: Hz.Məhəmməd, İmam Əli, Hz.Fatimə, Hz.Xədicə, İmam Həsən, İmam Hüseyn.

Nüsxənin girişində də İslam dininin müqəddəsləri xatırlanır:

Haqq-taala göydən Quranı endirdi, arı dinli Məhəmmədə oxumaq üçün;

Cəbrayıl gəldi gətirdi Burakı, Həbibim, dostum olan, ol Burakı minsin Meraca gəlmək üçün;

Çün dost dosta yetişdi, doxsan bir min kəlmə ortalıqdan gəldi keçdi;

Axırda danışdı, arı dinli dost Məhəmməd, ümmət sözün rəhmət ilə şəfqət üçün;

Uçmaqları düzdü, huriləri bəzəndi, arı dinli dost Məhəmməd gəlir uçmağın qapısını açmaq üçün;

Əli mindi Düldülü, qurşandı Zülfüqarı, kəffarə qılınc çaldı həm din üçün;....

(Davamı var)


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər