Söhrab Həsənov
Laçına qayıtmaq sadəcə arzumuz deyil, həm də məqsədimizdir.
İnsanın həyatında sevindirici anlar da olur,ümidlərin öldüyü zaman da…
Amma hər dəfə bir ümidgah açılır, insanın əlləri qoynunda qalmalı olmur.
Biz Laçınlılar da az acı çəkməmişik, hələ də vətən həsrəti ilə qovruluruq.
Belə bir məqamda böyük və şərəfli döyüş yolu keçmiş, müharibə qanunlarını yüksək səviyədə bilən, xalqla xalq dilində danışmağı bacaran, hər cümləsinin başlanğıcı Laçınla başlayıb, sonu Laçınla bitən Akif Səlimovun rayon rəbərliyinə təyin edildikdən sonra gənclərimiz arasında vətənpərvərlik daha da güclənib.
Hər görüşdə, hər rəsmi və qeyri rəsmi tədbirlərdə “niyə Laçının yüksək rütbəli hərbiçiləri olmasın” prinsipini bir nömrəli vəzifə kimi önə çıxarılması, bu sahəyə yönəlmənin artıq bir yarış halına gətirilməsi ümidlərin yenidən canlamasına səbəb olub.
Biz Laçınlılar dövlətə, dövlətçiliyə həmişə sadiq olmuşuq. Qanunları həmişə özümüzdən üstün tutmuşuq. Bizim görmədiyimiz, bilmədiyimiz nünanslar, məqamlar var ki, o mərhələlər də keçildikdən sonra Ali Baş Komandanın “İrəli” əmri verdiyi gün ön cərgələrdə dayanacağıq. O gün yüksək rütbəli Laçınlı hərbiçiləri ön sırada dayanacaq.
O gün üçün Akif Səlimovun gördüyü işlər tədqirə layiqdir. Prezidentin elmə, təhsilə xüsusi diqqəti və Akif Səlimovun bu yöndəki dövlət siyasətinin icra olunmasında öz səlahiyyəti çərçivəsində ləyaqətlə iştirak etməsi nəticəsində bu il Laçında yüksək göstəricilər əldə edilib. 250 –dən çox Laçınlı gənclərin ali məktəblərə qəbul olunması sevindirici nəticədir. Bu nəticələr bəzi işğal olunmamış rayonların göstəricilərindən də yüksəkdir.
Biz buna niyə sevinməyək?
Bu gənclər gələcək Laçın ziyalıları deməkdir.
Biz bununla niyə qürur duymayaq ki?
Ən əsası, bu il Laçınlılardan 10 nəfərinin Hərbi Akademiyalara, 3 nəfərinin isə hərbi liseylərə qəbul olunması qısa bir vaxt ərzində Akif Səlimovun rayonda gerçəkləşdirdiyi təşəbbüsün nəticəsidir. Yuxarıda sadaladığım görülmüş işlərin, aparılan təbliğatın nəticəsidir. Bu 13 nəfər gənc başqa başqa qruplar üzrə ali təhsilə hazırlaşdıqları vaxt Akif Səlimovun çağırışından sonra yönlərini hərbi sahəyə çeviriblər.
Bunlar niyə alqışlanmasın ki?
Bu 13 nəfər gənc Laçının ilk qaranquşlarıdır.
Bizim Xosrov bəy Sultanov kimi tarixi şəxsiyətimiz, generalımız olub.
Bəlkə də Laçının generalları, yüksək rütbəli hərbiçiləri elə bu 13 nəfər gəncin arasından çıxacaq?
Ümid edirəm ki, gələcəkdə bu say artacaq, çoxalacaq. Niyə də artmasın, çoxalmasın axı?
Bəlkə elə bu gənclərin arasından biri müqəddəs bayrağımızı Laçınımızın ən uca zirvəsinə taxacaq?
Laçına qayıtmağımızın yolu birliyimizdən, inamımızdan, vicdanla fəaliyyət göstərməyimizdən asılıdır həm də.
Laçına qayıdacağımız gün çox uzaqda deyil.