12 Sentyabr 2014 11:16
2 550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Samir Həsənov: “Onların bu məsələdən sui-istifadə etmələri problem yaradır”

Marşrut avtobuslarının əksəriyyətindəki “Dayanacaqdan kənarda saxlamaq olmaz” kimi elanlara yəqin ki, çoxunuz rast gəlmisiniz. İllərdir ki, olunan bu xəbərdarlıqdan sonra problem indiyədək öz həllini tapmalı idi. Amma nə mütəmadi keçirilən monitorinqlər, nə də ictimai nəqliyyatın hərəkətinin tənzimlənməsi və hərəkət marşrutlarının optimallaşdırılması məqsədilə yaradılan Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi tərəfindən atılan addımlar bu problemi həll edə bilmir. Ekspertlər isə xarici təcrübəyə əsaslanaraq marşrut avtobuslarının dayanacaqdan kənarda saxlamasının qarşısını almağın elə də çətin məsələ olmadığını deyirlər. Amma görünən odur ki, ölkəmizdə bu, heç də ekspertlərin fikirləşdiyi kimi deyil.

Nəqliyyat məsələləri üzrə ekspert Məzahir Rüstəmov deyir ki, illərdir həll olunmayan məsələnin kökündə maddiyat dayanır, gəlir yeri olduğu üçün qayda pozuntusu olsa belə, aidiyyəti qurumlar buna göz yumur: “Əsas səbəb bu olsa da, sürücü mədəniyyəti və etikasının aşağı olması da vəziyyəti mürəkkəbləşdirir. Həmçinin onun cəzasızlığı, məsuliyyətdən rahat şəkildə kənar qalması da sürücüyə öz bildiyi kimi hərəkət etməyə imkan yaradır. Fikrimcə, sürücü mədəniyyəti və etikasının artırılması istiqamətində işlər görülməlidir. Onlarla bu istiqamətdə treninqlər keçirilməlidir”.

Ekspert deyir ki, marşrutlara nəzarəti Nəqliyyat Nazirliyi həyata keçirir, amma nə bu nazirlik, nə də Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin sözügedən sahədəki problemləri aradan qaldıracağı ilə bağlı proqnozlar özünü doğrultdu: “Bu, isə səbəbsiz deyil, çünki söz verildiyi kimi sürücülərə konkret əməkhaqqı verilmədi. Nə qədər ki onlar günlük plana işləyəcəklər, vəziyyət göründüyü kimi olacaq. Sürücü çalışır plan sisteminə uyğun olaraq daha çox pul qazansın və planı ödədikdən sonra ona da pul qalsın. Bundan ötrü isə 20 qəpik onun üçün böyük pul olur və beləliklə, bir nəfər artıq sərnişin götürsün deyə mübarizə aparır. Ona görə də sürücülər sərnişinin istəyinə uyğun hərəkət edir. Harada kim istədi, avtobusu saxlayır ki, sərnişin narazı qalmasın. Bunun qarşısını almaq üçün ilk növbədə sərnişindaşımaya məsul olan şəxslər diqqətli olmalı, məsələyə həssas yanaşmalıdırlar”.

“Polis nə bilsin ki, marşrut harada saxlayacaq”

Məzahir Rüstəmov deyir ki, məsələnin həlli ilə həm də Dövlət Yol Polisi İdarəsi məşğul olmalıdır: “Yolboyu kameralar var və görüntülərə əsasən, hansı avtobus dayanacaqdan kənarda saxladığını müəyyənləşdirmək olar. Burda sərnişinin istəyi varsa, o, sürücünü məcbur edirsə, sürücü sərnişindən polisə şikayət edə bilər. Bu zaman polisin isə lazımi tədbir görmək səlahiyyəti var. Sərnişin sürücünün nəqliyyat vasitəsini idarə etməsinə mane olursa, ona 30 manat dəyərində cərimə nəzərdə tutulur. Eyni zamanda sərnişinlər arasında maarifləndirmə işləri aparmaq lazımdır ki, yalnız dayanacaqda avtobusa minib-düşmək olar. Bu, bütün dünyada qəbul olunmuş qaydadır”.

Məsələ ilə bağlı Nəqliyyatın İntellektual İdarə edilməsi üzrə Mərkəzlə əlaqə saxlasaq da, onlar bu işlə Nəqliyyat Nazirliyinin məşğul olduğunu dedilər. Mövzu ilə bağlı sözügedən nazirliyin mətbuat katibliyinə telefon açsaq da, qurumda sualımıza cavab verən tapılmadı.

Bakı şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov isə avtobus sürücülərinin avtomobili dayanacaqdan kənarda saxlamasının qarşısını almağın mümkünsüz olduğunu deyir: “Polis nə bilsin ki, marşrut harada saxlayacaq, gedib orada dayansın. Avtobus sürücülərinin qadağan olunmuş yerdə, dayanacaqdan kənar saxlamaması üçün yol polisinin 12 saat eyni yerdə dayanıb xidmət aparmasını təmin etmək qeyri-mümkündür. Əgər bütün tədbirlərə baxmayaraq, avtobus sürücüləri qayda pozursa, bunun adı sürücü mədəniyyətsizliyidir”.

“Qəpiklə plan doldururuq”

Sürücülər isə onların ünvanına deyilən bu cür sözlərlə razılaşmırlar. Müsahibimiz 13 saylı marşrutun sürücüsü Neyman Abbasov da dayanacaqdan kənar sərnişin götürdüklərini etiraf edir: “Bəli, götürürəm. Bəs nə edim? Gündəlik plan verirəm. Onsuz da yay gələndən planı doldura bilmirəm. Üç aydan çoxdur planın artıq-əskiyini öz cibimdən verirəm. Hər “addımdan” bir dayanan sərnişini götürməyə məcburam. Çünki o qəpiklərlə plan doldururuq. Elə bilirsiniz bu, bizim xoşumuza gəlir? Tez-tez sərnişin düşəndə əsəbləşdiyimiz kimi, götürəndə də əsəbləşirik. Etiraf edək ki, götürdüyümüzün bizə faydalı olduğunu düşündüyümüzdən bunu məcbur etdiyimizi bilirik”.

“Bəs, o zaman sərnişin də öz istəyinə uyğun yerdə düşmək istəyəndə niyə aqressiv olursunuz”, sualına Neyman Abbasovun cavabı belə oldu: “Götürəndə görürük və bilirik ki, bu, bizim xeyrimizədir. Amma düşəndə bilmirsən axı. Həm də sürücülər hər yerdə avtobusu saxlamır axı. Bir də görürüsən, sərnişin anidən gəlir və səni məcbur edir ki, saxlamalısan, vəssalam. Belə olanda mübahisə yaranır. Biz də artıq yorulmuşuq bu söz-söhbətlərdən. Bir tədbir görülərsə, biz də sevinərik”.

“Sürücüləri ittiham etmək olmaz”

Tabeliyində 30 marşrut xətti olan “Transqeyt” MMC-nin nümayəndəsi Samir Həsənov deyir ki, sürücü idarə etdiyi marşrut avtobusunu dayanacaqdan kənar saxlayarsa, cərimələnir: “Digər qayda pozuntusuna yol verəndə də cərimənin miqyasından asılı olaraq o sürücünün əmək haqqından tutulur. Sürücü vəzifə təlimatını pozarsa, rəhbərliyin onu cərimələmək və töhmət vermək hüququ var. Belə hallar çox olub, sürücü təhlükəsizlik qaydalarını pozduğuna görə cəzalandırılıb. Bu məsələdə birmənalı olaraq nə sərnişinləri nə də sürücüləri ittiham etmək olmaz. Amma sərnişinlər həmişəlik olaraq qaydalara əməl etməyə borcludur. Sərnişinlər sürücünün onları istədikləri yerdən götürməsi vərdişindən əl çəkməlidir. Biz dəfələrlə sürücülərlə söhbətlər aparmışıq, onlar deyir ki, məsələyə sırf humanizm prinsipindən yanaşaraq hərəkət edirlər və bu nadir hallarda ola bilən bir hadisədir. Ancaq ehtiyac olmadığı təqdirdə sağlam adamların da bu məsələdən sui-istifadə etməsi nəticədə problem yaradır”.

Samir Həsənovun sözlərinə görə, sürücülər daha çox uniforma geyinmədiyinə, iş vaxtı siqaret çəkdiyinə və qeyd etdiyimiz kimi marşrutu dayanacaqdan kənarda saxladığına görə cərimələnir. Müsahibimizin sözlərinə görə, hər cərimənin məbləği müxtəlifdir, yəni 30, 50, 60 manat civarında ola bilər.

Qurum sözçüsü deyir ki, ictimai nəqliyyat vasitələrində ödəmə sistemləri artıq quraşdırılıb və sistem tam işə düşdükdən sonra bu problemlər aradan qalxacaq: “Hesab edirəm ki, sürücülərin plan doldurmaq məcburiyyəti olmadığı təqdirdə, dayanacaqdan kənarda saxlamaq kimi qayda pozuntuları da olmayacaq”.

Naibə QURBANOVA

QEYD: “Gündəlik Teleqraf” MMC-yə daxil olmayan media qurumlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda, məhkəməyə müraciət edəcəyik.


Müəllif: