25 Noyabr 2019 19:27
447
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsinin (DGK) rəhbərliyi və Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının üzvləri arasında görüş keçirilib.

DGK-dən Teleqraf.com-a verilən məlumata görə, noyabrın 25-də Dövlət Gömrük Komitəsinin rəhbərliyi və Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının üzvləri arasında "Gömrük sistemində aparılan islahatlar, biznes əməkdaşlığı və perspektivlər" mövzusunda görüş keçirilib.

Tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Komitə sədrinin müavinləri, Baş İdarə rəisləri, Fransanın Azərbaycandakı səfiri Zakari Qros, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının sədri Teybə Quliyeva və Palatanın üzvləri iştirak edib.

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının sədri Teybə Quliyeva görüşdə çıxış edərək bu ilin iyulunda Palata üzvləri və Dövlət Gömrük Komitəsinin rəhbərliyi arasında keçirilən görüşün müsbət nəticələrindən, əməkdaşlığın gücləndirilməsi istiqamətində faydalı əməkdaşlıqdan danışıb. Vurğulanıb ki, Palata və gömrük orqanları arasında qurulan səmərəli dialoq biznesin inkişafına təkan verəcək.

Fransanın Azərbaycandakı səfiri Zakari Qros görüşün keçirilməsində göstərilən dəstəyə görə Dövlət Gömrük Komitəsinin rəhbərliyinə təşəkkürünü bidirib və Komitənin iki ölkə, eyni zamanda, Avropa ilə iqtisadi münasibətlərin tənzimlənməsi və inkişaf etdirilməsində körpü rolu oynadığını vurğulayb. Fransanın Azərbaycan iqtisadiyyatının daha da inkişaf edəcəyinə ümidvar olduğunu vurğulayan səfir son illər Azərbaycan hökuməti tərəfindən həyata keçirilən islahatların daha səriştəli və peşəkarlıqla reallaşdırıldığını vurğulayıb, qarşılıqlı ticarət əlaqələrinin bundan sonra da inkişaf etdirilməsi və şaxələndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Avropa İttifaqı ilə Azərbaycanın mühüm ticarət tərəfdaşı olduqlarını və qarşılıqlı əməkdaşlığın güclənməsi ilə birlikdə ticarət dövriyyəsinin də artdığını bildirib. Avropa İttifaqının Azərbaycanda həyata keçirilən islahatları yaxından izlədiyini və biznesin inkişafına şərait yaradan yenilikləri dəstəklədiyini bildirən Kestutis Yankauskas təmsil etdiyi qurumun da bu formatda görüşlər təşkil etdiyini və gömrük orqanlarının da bu görüşlərə dəstək göstərdiyini qeyd edib.

Sonra görüşdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri S.Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, gömrük sistemində də həyata keçirilən innovativ islahatların ticarətin asanlaşdırılmasına, sahibkarlıq mühitinin yaxşılaşdırılmasına, beynəlxalq tranzitin inkişafına, şəffaflığın və vətəndaş məmnuniyyətinin təmin olunmasına, kölgə iqtisadiyyatının aradan qaldırılmasına münbit şərait yaratdığını bildirib.

Bu ilin 10 ayı ərzində Azərbaycanla Fransa arasında ticarət dövriyyəsini statistik rəqəmlərlə diqqətə çatdıran Komitə sədri qarşılıqlı ticarət münasibələrinin sürətli inkişafını da islahatların nəticəsi kimi qiymətləndirib.

Vurğulanıb ki, DGK-nin əsas hədəfləri ticarətin asanlaşdırılması, qanunvericiliyin daha da təkmilləşdirilməsi, elektron ticarət xidmətlərinin sayının və keyfiyyətinin artırılması, kölgə iqtisadiyyatının aradan qaldırılması, xidmət keyfiyyətinin daha da yüksəldilməsidir.

S.Mehdiyev infrastrukturun yaxşılaşdırılması istiqamətində mühüm addımların atıldığını, yüzlərlə texniki avadanlıqların alındığını və bunun hesabına yüklərə tətbiq edilən fiziki yoxlamaların 70 faizə qədər azaldıldığını, sərhədkeçmə proseslərinin sürətləndirildiyini, gömrük-keçid məntəqələrində sıxlıqların minimuma endirildiyini bildirib.

Qeyd olunub ki, islahatlardan əvvəl səhəd-buraxılış məntəqələrindən 200 yük nəqliyyat vasitəsi keçirdisə, hazırda bu rəqəm 650-yə çatdırılıb və sərhədlərdə gözləmə problemi aradan qaldırılıb.

Gömrük prosedurlarının asanlaşdırılması istiqamətində atılan addımlardan da bəhs edən Komitə sədri risklərin təhlili və idarəoluması sisteminin tətbiqi hesabına ticarətin asanlaşdırılması və sürətləndirilməsində uğurlu nəticələrin əldə olunduğunu vurğulayıb.

S.Mehdiyev elektron idarəetmə sistemlərinin inkişafı istiqamətində görülən işlər barədə də məlumat verib, artıq gömrük orqanlarının tam elektron bəyanetmə sistemində fəaliyyət göstərdiyini, elektron ticarətin inkişafı məqsədilə yeni layihələrin həyata keçirildiyini, tezliklə informasiya texnologiyalarının tətbiqinin daha da genişləndirilməsi hesabına mobil gömrük həllərinin reallaşdırılmasına başlanılacağını deyib.

Çıxışının sonunda Komitə sədri islahatlar dövründə kölgə iqtisadiyyatının, haqsız rəqabət mühitinin aradan qaldırılması hesabına gömrük orqanları tərəfindən 2 milyard manat əlavə vəsaitin dövlət büdcəsinə köçülüməsinin təmin edildiyini, təmsilçilik institutunun inkişaf etdirilməsi istiqamətində xüsusi layihələrin tətbiq olunduğunu bildirib, eyni zamanda, Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin tətbiqi istiqamətində görülən işlərdən və bu sistemin faydalarından danışıb.

Daha sonra sahibkarların təklifləri dinlənilib, onların sualları ətraflı cavablandırılıb.


Müəllif: Teleqraf.com